Qənaət Əsədov: “Bu şanlı qələbə “30 illik həsrətə son” deyən Ali Baş Komandanımızın zəfər müjdəsidir!”

Qənaət Əsədov: “Bu şanlı qələbə “30 illik həsrətə son” deyən Ali Baş Komandanımızın zəfər müjdəsidir!”

“Əvvəla bütün xalqımızı, hamınızı, Ali Baş Komandanımız başda olmaqla, əsgərlərimizi təbrik edirəm, çünki biz belə bir şad xəbər aldıq. Bundan gözəl nə gün ola bilər? Şuşanın işğaldan azad edilməsi hamımızın həyatımızda aldığımız ən böyük müjdə idi. Onun ardınca Ağdam, Kəlbəcər, Laçın və digər rayonlarımızın da işğaldan azad olunacağı gün ən xoş günlərimizdir. Çünki 30 illik torpaq həsrətinə son qoyan Ali Baş Komandanımızın, Müzəffər Ordumuzun, igid əsgər və zabitlərimizin xalqına verdiyi bu böyük sevinc əvəz ediləsi deyil. Nəinki kəlbəcərlilər, torpağından, yurdundan didərgin düşən, bəli, didərgin düşən 1 milyondan çox qaçqın və köçkünlərimiz, həmçinin bütün Azərbaycan xalqı ümid edirdi ki, tezliklə bütün torpaqlarımız işğaldan azad ediləcək, ərazi bütövlüyümüz bərpa ediləcək və biz öz torpaqlarımıza qayıdacağıq. Biz həmin günü böyük səbirsizliklə gözləyirdik ki, Kəlbəcərlə bağlı Ali Baş Komandan tərəfindən müjdəli xəbər verilsin. Noyabrın 25-də Ali Baş Komandanımız o müjdəli xəbəri verdi”. Bu fikirləri SİA-ya açıqlamasında deyən YAP Kəlbəcər rayon təşkilatının Aparat rəhbəri Qənaət Əsədov bildirib ki, düşməni torpaqlarımızdan qovaraq Vətən Müharibəsinin 44-cü günü ordumuz Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələri darmadağın etdi və 30 illik münaqişə 44 gündə Azərbaycanın qələbəsi ilə bitdi: “44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq”.

“1993-cü il aprelin 2-si Kəlbəcərin işğala məruz qaldığı tarixdirsə, 25 noyabr 27 il həsrətində qaldığımız Kəlbəcərimizə qovuşduğumuz tarixi gün Azərbaycanın haqq yolunda ədalətin bərpa olunmasının tarixə yazıldığı gün kimi əbədi qalacaq. Bir daha elə bir qüvvə bizim torpaqlarımıza göz dikməyə cürəti çatmayacaq. Çünki Vətən Müharibəsi bir daha öz gücünü və onlara yerlərini göstərdi”,-deyən Q.Əsədov Kəlbəcərin təbii sərvətlərindən ürək ağrısı ilə danışdı: “Kəlbəcər cənnət məkanıdır. Bütün torpaqlarımız cənnəti-məkandır. O cümlədən də Kəlbəcər təbii sərvətləri o qədər zəngindir ki, ermənilər bu illər ərzində rayonu çapıb-talayıblar. Rayonda, civə zavodu, qızıl yataqları, təbii uran yatağı, mərmər yatağı vardı, turizm məkanı idi. Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları, alban dövrünə aid xeyli tarixi abidələr var… Ulu Tanrı Prezidentimizi, Ali Baş Komandanımızı qorusun. İnşallah, böyük qayıdışdan sonra Kəlbəcərdə görüşərik. Artıq o günə az qalıb. Müəyyən işlər görüldükdən sonra, az qalıb...”.

Q.Əsədov onu da bildirib ki, ermənilərdən fərqli olaraq, azərbaycanlılar Kəlbəcərdən ayaqyalın qaçırdılar: "Aradan çox illər keçsə də, bunu unutmaq olmaz. Bu gün Kəlbəcəri tərk edən erməni əhalisi rayonun 1993-cü ildə işğalından sonra orada qeyri-qanuni məskunlaşmışdı. Qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla əşyalarını götürür, hətta evlərin dam örtüyü, pəncərə çərçivələri və unitazlarına qədər çıxarıb aparırlar. Üstəlik, yaşadıqları və yaşamadıqları evləri yandırır, meşələrə od vurur, vandallıq edirlər - 27 il əvvəl buradan qovulmuş azərbaycanlıların evlərində yaşayan ermənilər indi həmin evlərə od vuraraq gedirlər. Azərbaycan tərəfi Kəlbəcərdəki erməni hərbi birləşmələrinin ərazidən çıxması üçün humanitar qaydalara tam uyğun olaraq, qabaqcadan razılaşdırılmış müddət ayırdı. Lakin erməni tərəfi işğal zamanı bunların heç birini etməmişdi.

Dövlət başçımızın dediyi kimi, düşməni torpaqlarımızdan iti qovan kimi qovaraq Vətən Müharibəsinin 44-cü günü ordumuz Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələri darmadağın etdi və 30 illik münaqişə 44 gündə Azərbaycanın qələbəsi ilə bitdi və bir daha dünyaya sübut etdi ki, 44 gün ədalətli müharibə apararaq, şərəflə qazanılan bu şanlı qələbəmiz Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının məntiqi yekunu, “30 illik həsrətə son” deyən - Ali Baş Komandanımızın zəfər müjdəsidir!”.

RƏFİQƏ HÜSEYNOVA

Mənbə: sia.az