Onlar tarix yazdılar

Onlar tarix yazdılar

Olaylar.az Azərbaycanın Vətən müharibəsində şəhid olan qəhrəmanlarımız təqdim edir...

Qəhrəmanlığı dillərdə dastana çevrilmiş igid...

Maştağa sakini Əliağa Eldəniz oğlu Məmmədov 255 saylı məktəbin məzunudur. Akademik Musiqili Teatrında işıqçı işləyirdi. Vətən müharibəsində qəhrəmanlığı dillərdə dastana çevrilmiş igid öz canı bahasına komandirini xilas edib.

Döyüşdə düşmən minaatanlardan atəşə başlamışdı. Əliağa minalardan birinin tabur komandirinin yanına düşəcəyini sezir. İrəli atılır, komandiri yerə yıxır, vücudunu ona sipər edir. Mina partlayır, qəlpələr Əliağanın bədəninə sancılır... Əliağa canı bahasına komandiri xilas edir.

Maştağadakı dəfn mərasimində tabur komandiri hücum əməliyyatında olduğu üçün dəfn mərasimində iştirak edə bilməmişdi.

O, Əliağanın valideynlərinə telefonla zəng edərək:

"Övladınız məni həyatı bahasına xilas etdi, taburun hücumunun qarşısını almağa çalışan düşmənə mane oldu. Belə şücaəti, qəhrəmanlığı yalnız filmlərdə görmüşdüm, kitablarda oxumuşdum. Bu gün oğlunuzu itirsəniz də, məni oğul saya bilərsiniz. Cəbhədən qayıdan kimi oğul təki xidmətinizdəyəm. Həyatımı sizə borcluyam".

Biləcəri Şəhidi, Şəhid kapitan Tural Zeynalov

Azərbaycanın tarixi şanlı Qarabağ Vətən Müharibəsində mübarək qanı ilə tarix yazan, Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücayət və qəhrəmanlıq göstərərək, vətənimizin ərazi bütövlüyü uğurunda qəhrəmancasına döyüşüb, şəhadət məqamına ucalaraq müqəddəs Şəhid adını qazanmış Şəhidimiz kapitan Tural Zeynalov 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olmuşdur.

Kapitan Tural Zeynalov, Qəhrəman Şəhid Generalımız Polad Həşimovun sadiq yetirmələrindəndi.

Tural Zeynalov döyüşlərdə göstərdiyi şücaətlərinə görə İkinci Fəxri Xiyabanda dəfn edilib.

Kapitan Tural Zeynalovun iki oğul övladı bizə əmanətdir !

Şəhid leytnantımız Nicat Atayev...

Nicat 1994- cü ildə doğulub. Əslən Kəlbəcər rayonundandı. Nicatın polis mayoru olan atası Habil Əliyev 1- ci Qarabağ döyüşlərində iştirak edib. Doğma torpaq həsrəti ilə böyüyən Nicat Gəncə Dövlət Universitetini bitirib.

Vətən müharibəsi başlayanda döyüşlərdə olan zabitimiz tabor komandiri idi.

Zabit Nicat Atayev Füzulidə gedən döyüşlərdə müqəddəs Şəhidlik məqamına yüksəlib.

Nicatın şücaətləri haqqında dostları çox danışır və hələ də danışacaq...

Onun yolu düzəldən traktorçunu düşmən gülləsindən xilas etməsi, döyüşlərdə hər zaman öndə getməsi, yaralı əsgərləri çiynində daşıması fəxarətlə xatırlanır. Füzuli döyüşlərində minaya düşərək qəhrəmanlıqla Şəhid olan zabitimizə sayğı dolu ehtiramımızı bildiririk.

Məkanın cənnətdir, Yüksəl...

Əlizadə Yüksəl İlqar oğlu cəmi 24 il yaşadı. Amma çox şərəfli ömür yaşadı və dünyadan Şəhid kimi köçdü.

Yüksəl əslən Gəncədəndir, anası GDU-da çalışır, çox mədəni, tərbiyəli ailənin oğlu idi. İxtisasca hüquqşünas, gənc yaşında artıq prokurorluqda müstəntiq kimi çalışırdı. Yaddaşlarda vicdanlı, dürüst insan kimi qaldı Yüksəl...

Vətən müharibəsi başlayan gündən cəbhəyə könüllü olaraq yola düşmüşdü. Kəşfiyyatçı idi, düşmənin içinə sızaraq onları darmadağın etmişdi. Oktyabrın 8-də, müharibənin bitməsinə saatlar qalmış, Xocavənd uğrunda gedən döyüşlərdə Şəhid oldu. Onun qəhrəmanlığı haqqında bunu da deyirlər ki, yaralı olmağına baxmayaraq döyüş yoldaşlarını 2-6 km kürəyində daşıyaraq həyatlarını xilas etmişdi. Düşmən bu gənc oğlandan o qədər qorxmuşdu ki, onu 19 güllə ilə canından etdi.

Nurlar içində yat, nur üzlümüz . Məkanın cənnətdir Yüksəl!

Adı doğmalıqla xatırlanacaq...

Məmmədov Həsən - ədəb-ərkanı, səmimiliyi və cəsarətiylə seçilən gözəl insan yaradanın lütfüylə ən yüksək mərtəbə - Şəhid titulu ilə müjdələndi. Əziz ruhu daim doğmalıqla xatırlanacaq.

Ağdərə Şəhidi...

Azərbaycan Universitetinin məzunu Süleymanov Mirsüleyman Aydın oğlu.

Mirsüleyman Vətən müharibəsində cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

Allah şəhidimizə rəhmət eləsin!

Ruhu qarşısında baş əyirik!

Qəhrəman Qızılhacılının Şəhidi...

3 uşaq atası, hərbi həkim Nuriyev Nofəl Xaliq oğlu. Sentyabrın 29-da cəbhənin Tərtər istiqamətində yaralılara ilkin tibbi yardım göstərməyə gedən zaman Şəhidlik zirvəsinə ucalıb. Nofəlin nəşi düz 12 gün sonra-oktyabrın 10-da torpağa tapşırılıb...

Şəhadətin mübarək, Nofəl!

Qəhrəman Gəncəmizin daha bir nur üzlü Şəhidi...

44 günlük İkinci Vətən Müharibəsində canı, qanı bahasına Şəhid olan övladı tank komandiri, Baş gizir Qasımov Ramal Saleh oğlu (15.04.1992 - 29.09.2020).

Ramal Vətən müharibəsində çox böyük şücayətliklər göstərərək Talış kəndi və Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub... Nur üzlü Şəhidimin 2 körpə övladı yadigar, əmanət qalıb bizlərə...

Ruhun şad, məkanın cənnət olsun, nur içində yat, ŞƏHİDİM !

"Vətən yaxşıdır" ifası ilə ürəklərdə qalan Xudayar...

Gizir Yusifzadə Xudayar Müslüm oğlu oktyabrın 22-də Zəngilanın Ağbənd qəsəbəsinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib. Sosial şəbəkələrdə yayılan möhtəşəm ifası ilə hər kəsi heyran qoyan 22 yaşlı şəhid Bərdə şəhərində dünyaya gəlib. O, doğulandan 24 gün sonra atası dünyasını dəyişib.

Xudayar orta təhsilini bitirdikdən sonra əsgərliyə yollanıb. Əsgərlikdən gəldikdən sonra bir müddət mühafizə xidmətində işləyib. Hərbçi olmağa can atan Xudayar, Dövlət Sərhəd Xidmətinə müraciət etdi və 3 ay təlim keçdikdən sonra Astarada gizir kimi fəaliyyətə başladı. General Polad Həşimov Şəhid olan vaxtı Astaradan bir qrup gizir, həmçinin qardaşım da könüllü döyüşmək üçün müraciət etmişdi.

Xidmət yoldaşlarının dediyinə görə, Kəlbəcər istiqamətində, Murov yüksəkliklərində döyüşüblər. Daha sonra Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində olublar. Zəngilan və Qubadlı arasındakı Ağbənd kəndinin azad olunması uğrunda döyüşlərdə şəhid olub. Axşam kəndi alıblar, səhər saat 7-də erməni diversiya qrupu yenidən hücum edib. Onlar çox yaxın məsafədən 20-25 metrdən döyüşüblər. Hücumu dəf edərkən Xudayar döyüş meydanında Şəhid olub. Lakin Xudayar son nəfəsində belə onu yaralayan düşməni məhv edib, özünün və əsgər yoldaşlarının qisasını alıb.

Xudayar döyüş yoldaşlarının əhval-ruhiyyəsini həmişə yüksək tuturdu. "Vətən yaxşıdır" mahnısını da şəhid olmamışdan 2 gün qabaq döyüşdən qayıdarkən oxumuşdu.

Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün...

Sən də beləcə canını çox sevdiyin Vətənə qurban verdin. Və Vətən yaşatdın..

"Sən yaşa, mən ölüm", - deyərək adını Azərbaycanla qoşalaşdırdın. Bu gün Azərbaycan adına ən böyük hüququ olanlar- müqəddəs Şəhidlərimiz- biz sizə yaşamağımızı borcluyuq.

Siz bizə Vətən oldunuz.

Azərbaycan Ordusunun zabiti , polkovnik Babək Səmidli.

Babək Səmidli 1974-cü ildə Göyçay şəhərində anadan olmuşdu. Zabitimiz Türkiyədə ali hərbi ali təhsil alıb. O, aprel döyüşlərində və sentyabrın 27-də başlanan Vətən müharibəsində böyük şücaəti ilə yaddaşlarda qalan hərbçilərimizdəndir. Talış kəndinə üçrəngli bayrağımızı sancan Babək Səmidli daim döyüşlərdə olub, təkbaşına 39 yaralı əsgərimizi döyüş ərazisindən çıxara bilib.

Suqovuşan azad olunan kimi, cəsur zabitimiz təhlükəni gözə alaraq mühəndisləri həmin əraziyə aparıb, rayonlara su verilişini bərpa etmişdi. Onun əsgərlər qarşısında çıxışı zamanı səsləndirdiyi 3 arzusu əsgərlərdə döyüşmək üçün ruh yüksəkliyi yaratmışdı. O, döyüşə gedən əsgərlərin şərəfli yolda olduqlarını, onlara ya qalib, ya şəhid, ya da qazi olmağı tövsiyə edirdi.

Sən Şəhid olmağı seçdin, cənab Polkovnik. Və bu Şəhadətinlə də ölümsüzlük qazandın.

Ruhun qarşısında baş əyirik!

Olaylar İnformasiya Agentliyi Vətən müharibəsində torpqaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanlarımıza allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına səbr arzulayır...

Allah rəhmət eləsin!

Mənbə: olaylar.az