Azərbaycan əsgərinin 44 günü… ARZU QAZIYEVA YAZIR

Azərbaycan əsgərinin 44 günü… ARZU  QAZIYEVA YAZIR

ARZU QAZIYEVA

Onların öhdəsində 44 gün vardı. Geriyə dönməyəcək və dəyişdirilməsi mümkün olmayacaq zaman kəsiyi. Nə deyilməli, nə edilməli idisə, deyilməli və edilməli idi. Əsgərlərimizin yaxşı ya pis döyüşmələrindən asılı olmayaraq, bu 44 gün hər birimizin qalan həyatımızda həmişəlik və çox mühüm yer tutacaqdı. Cəmi 44 gün. Bu 1056 saat, 63 360 dəqiqə, 3 801 600 saniyədir...

Müharibə başladığı andan sadə Azərbaycan insanı onun zarafat sayılmayan, kino olmayan, roman adlanmayan dramaturgiyasına kökləndi. On minlərlə insan zehnini coşmuş ehtiraslarıyla özünə ovsunlayan idman rinqindən vahimə saçan, "qorxurdum ki, düşmən hətta ürək döyüntümü eşidər" həyəcanından, nigaranlığından, təşviş hayqıran, uğultusu da, səssizliyi də qulaq batıran hər bir saniyənin hökm oxuduğu real, dəhşətli müharibə meydanına düşürdü.

Müharibə kişi sənətidir. Kişilər tüfənglə namusunu qoruyar, şərəfini qaytarar, ləyaqətini ucaldar. Vətən, xalq, ailə tüfənglə qorunan həmin o namus, şərəf, ləyaqətdir. A.Çexovun bir fikri var, sonralar həmin fikri kinorejissor Konstantin Stanislavski dilə gətirdi:"Əgər kino divardakı tüfənglə başlayırsa, sonunda mütləq atmalıdır". Və o tüfəng bir gün açıldı. 27 sentyabr-10 noyabr, 2020-ci ilin tüfəng atəşi Azərbaycan adlı məmləkətin tarixindəki son 30 ilin xəcalətini, çirkabını yuyub aydınlatdı. İşğalçıya qarşı müharibə xalqın birinci borcudur və qanuni borcudur!

Qalib etdirilən Ermənistan elə bilirdi ki, əldə etdiyi əbədidir, 28 il əvvəlin xatirələrilə yaşadı, məğlub etdirilən Azərbaycansa intiqam hissilə. İntiqam hissi xalqı oyaq saxladı, ayağa qaldırdı, savaşdırdı və qələbəyə çatdırdı.

Cəmi 44 gün... Və bu qısa zaman kəsiyinə Azərbaycan əsgəri qələbəni zehnində qazanaraq getdi, onu döyüş hazırlığının yüksək olmasından, içindən gələn ruh yüksəkliyindən, inam və imanından keçirdi. Azərbaycan əsgərinin rəhbəri, xalqı, dostu onun qəhrəmanlığının arxası-dayağı oldu.

Qəhrəmanlığı məşq etmək olmur. O təlimlərdə, nəzəri biliklərlə qazanılmır. Qəhrəmanlıq rəqiblə, düşmənlə üz-üzə qalanda, anidən, bir dəqiqənin, bir saniyənin içində baş verir. Onun gerçək bir addım olması bir qəhrəmanlıq dastanının dramaturgiyasının inkişaf xəttində son zirvədir. Qəhrəmanlıq zirvəsinə gedən yol özünə hörmətdən, ləyaqətinə verdiyin qiymətdən keçir. Qəhrəmanlığın və qəhrəmanlıqla qazanılan qələbənin fəlsəfəsi də budur. Azərbaycan əsgəri göstərdi ki, qiyməti ölçüyəgəlməz ləyaqətinin müəllifi özüdür.

Düşmən emosiyaları ilə, əsgərimizsə texniki təkmilləşməsi ilə döyüşdü. Düşmən əsgərimizin məğlubiyyəti üçün, əsgərimizsə qələbəsi üçün döyüşdü, düşmən onun olmayanı əlində saxlamaq üçün, əsgərimizsə sahibi olduğu uğrunda döyüşdü. Bu, Azərbaycan əsgərinin ədalətli Vətən müharibəsi oldu.

Necə döyüşməli olduqlarını onlara kimsə demədi. Sadəcə deyildi ki, gedin və var qüvvənizlə döyüşün. Azərbaycan əsgəri döyüşdü, sınıq-salxaq erməni ordusu ilə yox, 30 ildə yaradılmış və möhkəmləndirilmiş beton bunkerlərlə, blindajlarla, dolaşıq labirintlərlə, alınmaz qayalarla, keçilməz meşələrlə, şaxta-sazaqla döyüşdü. Azərbaycan əsgəri necə döyüşmək lazım olduğunu bizə özü öz döyüş dastanları ilə danışdı və göstərdi. Azərbaycan əsgəri döyüşdü və 5 şəhəri, 4 qəsəbəni və 286 kəndi işğaldan azad etdi, 10 yüksəkliyi qaytardı.

Müharibələr tarixində onun zirvəsi sayılaraq tarixə düşən bir və ya iki döyüş olur. Qarabağ savaşında Hadrut döyüşü müharibənin gedişatında dönüş nöqtəsi oldusa, Şuşanın alınması müharibənin taleyini həll etdi. Azərbaycan əsgərinin döyüş qabiliyyətini qiymətləndirərkən elə bircə Şuşanın adını çəkmək kifayətdir.

Şuşanın həm strateji, həm də hərbi mövqeyi haqda ingilis səyyahının gündəliyində yazılmışdır. 1824-cü ildə Hindistan səyahətindən İngiltərəyə qayıdan Albemarl qrafı Corc Keppel indiki İrandan keçərkən yolüstü Şuşaya da gəlmişdi. Şuşanın onda yaratdığı təəssürat belə təsvir olunmuşdur: "Şəhər hündür qayalı dağların yamacında tikilib. Yamac o qədər dikdir ki, sanki evlər oradan quş qəfəsləri kimi asılıb. Mən zirvəyə çatana kimi iki saat yuxarı qalxmışam."

Siyasi şərhçilər, hərbi analitiklər Şuşanın strateji əhəmiyyətini bir cümlədə ifadə edirlər: Şuşaya sahib olan Qarabağa sahibdir.

Və Şuşa 44 günün kulminasiyası oldu, Azərbaycan əsgərinin qəhrəmanlıq üvertürasına, kantatasına, simfoniyasına çevrildi. Belə rəşadəti kimsə ağlına gətirmişdimi? Kimsə Şuşa salnaməsinə inanardımı? Şuşa türklərin əfsanəvi hərb tarixində Çanaqqala savaşından sonra böyük fasilə ilə mahiyyətinə görə sonuncu müharibə epizodudur.

30 ildir ki, mohkəmləndirilən, ən müasir silahlarla təchiz edilən, dəniz səviyyəsindən 1 420 metr hündürlükdə yeləşən və strateji cəhətdən kritik nöqtə sayılan, 5,5 km² əraziyə malik, alınmaz qala sayılan bir şəhəri yüngül silahlarla (avtomat, pulemyot və qumbaraatanlarla) silahlanmış, demək olar ki, əliyalın, 400 nəfərlik qüvvə ilə 100-dən artıq hərbi texnika və çoxsaylı artileriya qurğuları olan, tərkibində 450 nəfərlik Xüsusi Təyinatlı Qüvvələr olan 3000 nəfərlik ordusunun işğalından azad edən, düşmənin 1560-dan çox əsgərini və ən çox güvəndiyi Xüsusi Təyinatlı Qüvvələrindən 400 nəfəri məhv edən tək bir orudu var: Azərbaycan ordusu!

Ermənilər deyirdilər ki, "adam dəhşətə gəlir, biz onları (Azərbaycan əsgərlərini) gülləyə tuturduq, amma onlar yaralı-yaralı qayalara dırmanırdılar".

Rusiya mediası yazırdı ki, "Belə döyüş, dövlət, vətən sevgisi görən olubmu, demək çətindir?! Dağ yuxarı, həlak olmuş yoldaşı çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan ordusu. Nə yaralını, nə öləni əldən buraxmırdılar. Nəfəs almadan Şuşaya çıxdılar..."

 

Ukraynalı hərbi ekspertlər əlavə edirlər:

"Azərbaycan Şuşanı azad etdi. Piyada döyüşləri ilə, sursatları üstündə daşıya-daşıya, duman altında, pis havada şəraitində dağları yararaq qaytardı. PUA-larsız, tanksız, artileriyasız şəhəri aldılar".

Müstəqil jurnalistlər xəbər verirdilər ki, "Şuşadan gələn yaralılar tapança və bıçaq xəsarəti ilə daxil olurlar. Hətta avtomatdan açılan güllə yarası ilə yox, məhz tapança və bıçaq yarasıyla. Bu, o deməkdir ki, şəhəri demək olar ki, əlbəyaxa döyüşlə götürüblər. Yəni bu, təlim görmüş Xüsusi Təyinatlıların işidir".

Tarixdə belə döyüş 1071-ci ildə baş vermişdi. Malazgird döyüşündə Alp Arslanın 40 000 türk döyüşçüsü 200 000-dən artıq Bizans döyüşçüləri ilə qarşılaşdı. Bizans ordusu darmadağın olundu, imperator Diogen əsir düşdü.

Belə döyüş 1500-cü illərdə baş vermişdi. Şah İsmayıl Xətaiyə dedilər ki, "sənin döyüşçülərin Mazandaran dağlarında döyüşə bilməzlər". Şah cavabı yubatmamışdı:"Onların içlərində iman var, döyüşəcəklər!"

Dünya hələ də Azərbaycan əsgərinin döyüş rəşadətinə heyrandır. Bu hünər, rəşadət bir gündə, bir anda formalaşmayıb, irsən, qanla keçib. Əsrlərdən gələn tariximizdə Azərbaycan savaşçısının döyüşkən ruhu çox dəqiq təsvir olunub: "Tacüt-təvarix" əsərinin müəllifi Xoca Sadəddin əfəndi qızılbaşlar haqqında yazırdı ki, "meydana çıxan fədai əsgəri bir fəlakətdir, şahlarının yolunda can verirlər, döyüşə səməndər kimi atılırlar, nə ölümdən qorxurlar, nə də qarşılaşmadan təlaşları var, nizamlanmış ittifaqları, möhkəm hücumları bir fəlakətdir".

Bəli, Azərbaycan əsgəri Xətai qızılbaşlarının xələfidir. Azərbaycan əsgərinin imanı Vətən borcu, valideyn haqqı, ocağına bağlılıq, Yaradana eşqidir. Vətəni, imanı üçün özünü ölümə atır, döyüşür və mütləq alır!

Azərbaycan əsgəri Azərbaycanın incisini, brilyantını, Məkkəsini, İsveçrəsini, Gülüstanını, cənnətini 28 ilin əsirlyindən 44 günə azad etdi. Azadedilmə əməliyyatına cəmi 1056 saat, 63 360 dəqiqə, 3 801 600 saniyə sərf etdi.

Alman şairi Mattias Kladudius demişdir: Zəfər zəfər deyildir, yenilən yenildiyini qəbul etməsə. Azərbaycan ordusu yenilənə yenildiyini qəbul etdirdi.

Əgər hər bir əsgər, hər bir zabit bu 44 günün onun həyatında ən parlaq zaman kəsiyinin olduğunu sübut edirsə, o zəfəri heç Yaradan belə onun əlindən ala bilməz. Beləliklə, azərbaycan əsgəri nəinki 44 günü özündən, həyatından, Yaradandan və onlara inanmayan hər kəsdən ala bildi, özü haqqlnda vərdiş edilmiş məğlub təsəvvürləri də REDAKTƏ etdi.

Azərbaycan əsgərinin zəfəri müharibəni danışıqlar masasına keçirdi. Azərbaycanı 28 ildən sonra qalibə çevirdi və məğluba qalib kimi diqtə etdirdi, şərt qoydurdu, arzu və istəklərini qətiyyətlə dilə gətirtdi.

Azərbaycan əsgəri nəinki Qarabağı qaytardı, həm də sovet dönəmində qanunsuz anklava çevrilmiş Naxçıvanla quru dəhlizin açılmasını və gələcək inkişafını təmin etdi. Azərbaycan əsgərinin qələbəsi siyasi və iqtisadi müstəvidə regionun parlaq gələcəyinin təməlini qoydu. Azərbaycan əsgəri Azərbaycanı dünyaya qalib və qürurlu bir ölkə kimi tanıtdı, bir daha göstərdi ki, Qafqaz və ümumiyyətlə, Şərqin sahibi nə Avropa, nə Rusiya, nə də digərləri deyil, elə qafqazlıların özləridir. Azərbaycan əsgərinin zəfəri onların hakim olduğu böyük siyasi masanı dağıtdı, bölgəyə yeni dizayn verdi.

İndən belə heç kim Azərbaycan əsgərindən onun 44 gününü ala bilməyəcək! Heç kim!

Mənbə: olaylar.az