O gecə Ağdamda sonuncu günüm oldu, məktəbin yanından keçəndə... – Rövşən Binnətli

O gecə Ağdamda sonuncu günüm oldu, məktəbin yanından keçəndə... – Rövşən Binnətli

Teleqraf.com-un suallarını Ağdamdan olan məşhur jurnalist, İdman TV-nin direktoru, Qarabağ veteranı Rövşən Binnətli cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Rövşən müəllim, Ağdamın işğaldan azad olunması xəbərini necə qarşıladız? İlk reaksiyanız necə oldu?

- Əslində, sevincimiz təkcə Ağdamın işğaldan azad olunmasından ibarət deyil. Noyabrın 8-i Şuşanın azad olunması hamımız üçün böyük qələbə günü idi. Daha sonra üçtərəfli bəyanat imzalandı və Ağdamın azad olunacağı ilə bağlı məlumat təsdiqləndi. Bir həsrətin ki ömrü 17 ilə çata, onun mənzərəsini sözlə cızmaq, insanda yaratdığı hissləri ifadə etmək nəinki çətindir, hətta mümkün deyil.

Heç bir halda bu duyğuların təsvirini vermək olmur. İnanılmaz hisslər, tarixi anlar yaşayırıq. Tarixə nəzər alsaq, üç əsrə yaxındır ki, Azərbaycanın hərb tarixində öyünüləsi hadisələr yox idi. Şükürlər olsun ki, Azərbaycan oğullarının çiynində olan mənəvi ağır yük götürüldü və xalqımız özünün mərdliyini, döyüşkənliyini, torpağına bağlılığını son 2 ay ərzində ortaya qoydu. Bu qələbədən hər birimizə pay düşür, o cümlədən, mən də müharibə veteranı kimi bu hadisədə payımın olduğunu düşünürəm.

Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, onların valideynlərinin dərdinə şərik oluram, yaralılarımıza şəfa diləyirəm. Biz hadisələrin içindəyik, bəlkə də, hər şeyi tam dərk edə bilmirik, amma illər keçəcək və bu anları yaşayan insanları – bizləri çox xoşbəxt insan hesab edəcəklər. 50-100 ildən sonra bizi bu ölkənin ən xoşbəxt vətəndaşları sayacaqlar. Bizim bu insanların arasında olmağımız böyük lütfdür.

- Sonuncu dəfə Ağdamda nə vaxt olmusunuz?

- Hərbi xidmətdə idim, milli orduda qulluq edirdim. Elə 1993-cü ilin iyulun 23-ü Ağdamın işğal olunduğu gün mənim şəhərdə sonuncu günüm oldu. Həmin gündən sonra Ağdamın gedə biləcəyimiz ən son nöqtəsinə qədər getmişəm. İşğal altında olan torpaqlara keçmək mümkün deyildi, amma ümid edirəm ki, ən qısa vaxtda illərdir gedə bilmədiyimiz həmin ərazilərə də ayaq basa biləcəyik.

- I Qarabağ müharibəsinin iştirakçısı olmusunuz, Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarını isə cəbhədən uzaqda izlədiniz. Hər iki müharibənin sizdə təsiri necə olub?

- Birinci Qarabağ müharibəsi dediyimiz dövrdə Azərbaycanın Ordusu formalaşmamışdı. O istiqamətdə addımlar atılsa da, istənilən nəticə əldə olunmamışdı. SSRİ dağılmış, tərkibində olan dövlətlər müstəqil respublika kimi tanınmışdı. Hər şey yeni başlayırdı. O dövrün mətbuatında da, insanların xatirələrində də çox vaxt özünümüdafiə sözü işlədilir. Həmin vaxt ordudan söhbət gedə bilməzdi. Kənd-kənd, qəsəbə-qəsəbə özünümüdafiə dəstələri fəaliyyət göstərirdi və hər kəs öz kəndini, özünə yaxın olan ərazini düşməndən qorumağı düşünürdü.

Vahid bir komandanlıq, ordu şəklində birləşmə olmadığı üçün istənilən nəticəni əldə etmək mümkün deyildi və olmadı da. Hələ hadisələr təzə başlayanda azərbaycanlılardan hətta ov tüfənglərini almışdılar. Digər tərəfdə isə düşməni silahlandırırdılar. 366-cı diviziya demək olar ki, ermənilərin ixtiyarına keçmişdi. Şükürlər olsun ki, Azərbaycan dövləti möhkəmləndikcə, ordu quruculuğu dünya standartlarına uyğun təşkil olundu. Ali Baş Komandan İlham Əliyev məqsədyönlü və davamlı şəkildə ordunun formalaşdırmasını təşkil etdi. Əslində bu, çox çətin prosesdir, həm vaxt tələb edir, həm hərbçilərin peşəkarlığı böyük əhəmiyyət kəbs edir, üstəlik böyük vəsait lazım olur. Bu işdə Ali Baş Komandanın taktiki və strateji dəqiqliyi ilə ancaq öyünə bilərik.

Apardığımız 44 günlük müharibədə Azərbaycan böyük döyüş təcrübəsi olan ölkələrə nümunə oldu. Müharibə sözü ilə mədəniyyət kəlməsi bir-biri ilə daban-dabana zidd olan ifadələrdir, amma Azərbaycan həm də dünyaya hərb mədəniyyəti nümayiş etdirdi. Ona görə də, belə orduya sahib olan Azərbaycanın vətəndaşı olmaq, bu adı daşımaq çox qürurvericidir.

- Ağdamda, ordakı həyatınızla bağlı son xatirələriniz nələrdir?

-Həmin vaxt mən də milli orduda xidmət etməyi özümə borc bilmişdim, mümkün qədər faydalı olmaq istəyirdim. Ağdamla bağlı son yadda qalan hadisələr elə müharibə ilə bağlı idi. Onda hələ şəhərə zəif dağıdıcılıq gücünə malik raketlər düşürdü, şəhərin müxtəlif yerlərində dağıntılar olmuşdu. Onlara ürək ağrısı ilə baxırdıq. Mənim üçün Ağdam elə 23 iyulda donub qalmışdı. 50 nömrəli peşə məktəbi vardı, həmin məktəbdən sonra irəliləmək mümkün olmadı. Biz də ordan geri dönməli olduq. Onda anladıq ki, doğma Ağdamımız işğal olundu. Həmin an mənim üçün çox ağır idi. Mən o peşə məktəbinin yanından elə hisslərlə qayıtmışam ki... Allahdan bircə arzum odur ki, bir daha bizə heç vaxt o cür hissləri yaşamağa imkan verməsin.

- 27 il bu həsrəti çəkmək, Ağdama kənardan baxmaq, Ağdamsızlıq, azadlığı günbəgün gözləmək – bunlar necə hissdir?

- Bu 27 ildə elə bir an olmayıb ki, mən ümidsizliyə qapılım. Hər zaman inanmışam ki, torpaqlarımızı azad edəcəyik, bu nəsil də olmasa, digər nəsil bunu bacaracaq, amma o günün mütləq yaşanacağına inanmışam. Amma bunu da etiraf edim ki, bu proses uzandıqca, o qəti inamın içində bir ümidsizlik işartıları da olub. Məsələ uzananda istər-istəməz adamda pessimist duyğular baş qaldırmağa başlayır. Ani olsa da, şübhə etdiyim, sorğuladığım zamanlar da olub.

Amma hər zaman düşünmüşəm ki, bizim mübarizəmiz haqq mübarizəsidir. Bu hiss daha üstün gəlib. Biz çox böyük haqsızlığa məruz qalmışıq və düşünmüşəm ki, bu haqsızlıq sona qədər davam edə bilməz. Haqsızlığın sona çatacağına ümid bəsləmişik, elə bu günlərdə biz bu ümidin bariz nümunəsini görürük. Biz düşməndən qisas aldıq, xalqımızın, itirdiyimiz illərin, o vaxt yaşadığımız hisslərin qisasını...

Üstəlik, bu elə bir qisasdır ki, Prezidentin də dediyi kimi, düşmənin alnına damğa vurdu, bəlkə də, bu damğa əsrlər boyu onlarla yaşayacaq. Bu gün bizi xoşbəxt edən odur ki, doğma torpaqlara həqiqi qalib kimi qayıdırıq. Azərbaycan xalqı işğala məruz qalsa da, o torpaqları qanı, canı bahasına azad edib, qalib kimi qayıtdı. Azərbaycan xalqı Qarabağa alnıaçıq, üzüağ, vüqarla qayıdır. Yəqin siz də fikir verdiniz, Şuşanın azad olunması xəbərinin elan olunmasından sonra insanlar Şəhidlər Xiyabanına da gülərüz, alnıaçıq gəlir.

Bizim ilk hesabat yerimiz Şəhidlər Xiyabanımızdır. Şəxsən öz adıma deyim, ora həmişə boynu bükük, xəcalət çəkə-çəkə ayaq basmışam, həmişə utanmışam. İndi də utanıram, amma indi əminəm ki, onların ruhu şaddır. Onlar qanlarını bu torpaqların işğal olunmaması uğrunda tökmüşdülər, bu gün isə həm onların qisası alındı, həm də torpaqlarımız azad olundu.

- Müasir hərb tariximizdə Aprel döyüşləri, Tovuz döyüşləri kimi qısamüddətli müharibələrə şahidlik etmişik. 27 sentyabrda döyüşlər başlayanda ilk təəssüratınız necə idi?

- Budəfəki döyüşlər başlayanda təkcə məndə deyil, bütünlükdə müxtəlif fikirlər var idi. Aprel döyüşlərində zəfər qazanıldı, torpaqlarımızın müəyyən hissəsi azad olundu, amma sonradan bu prosesin dayanması müharibəyə reaksiyaya da təsir etdi. İnsanlarda belə fikir var idi ki, yenə döyüşlər dayanacaq, yarımçıq qalacaq. Bunlar təbiidir. İnsanlar prosesin necə cərəyan etdiyini bilmirlər. Ali Baş Komandanın xalqa müraciətindən, müharibənin başlaması ilə bağlı çıxışından sonra artıq hər kəs düşündü ki, biz həlledici döyüşə başlamışıq. Bu çıxışdan sonra məndə tam əminlik oldu ki, biz qəti əks-hücuma keçmişik.

Hətta müharibənin gedişində bir neçə dəfə atəşkəs elan olundu, insanlar müharibənin dayanacağı ilə bağlı narahat olmağa başladılar, amma mən əməliyyatların bu şəkildə bitməyəcəyinə əmin idim. Mənə bu əminliyi verən Prezidentin xalqa ilk müraciətində səsləndirdiyi fikirlər idi. Müharibə daha ciddi və taleyüklü məsələdir. Bu dəfə sona qədər gedəcəyimizə və bu işi qələbə ilə bitirəcəyimizə inanırdım, çünki bizim işimiz haqq işi, haqq mübarizəsi idi.

- Ağdamda ilk ziyarət etmək istədiyiniz yer haradır?

- İnanın ki, tam səmimi deyirəm, o torpağın hər qarışı eyni dərəcədə mənə əzizdir. Mənim bütün uşaqlıq, yeniyetməlik, gənclik dövrümün keçdiyi həyət, evimiz var ki, o adamı hər şeydən daha çox özünə çəkir. Bir də artıq 28 ilə yaxındır ki, ziyarətinə gedə bilmədiyim atamın məzarı... Bu yerlərə getməyi daha çox istəyərəm, amma Ağdamın hər zərrəsi bizim üçün əzizdir. Vacibi odur ki, o torpaqlara qədəmlərimizi basa bilək.

- Ağdamın işğaldan azad olunmasından sonra reallaşdırmaq istədiyiniz planınız, ya arzunuz varmı?

- Plan desəm, çox böyük səslənir, amma hər zaman düşüncəmə hakim kəsilən bir məsələ olub. Qarşımızda olan düşmən insanlıqdan çox uzaqdır. Onlara qaniçən də, vandal da desək azdır. Dünya xalqlarının leksikologiyasında elə bir söz yoxdur ki, onların şərəfsizliyini ifadə edə bilsin. Bu gerçəkliyin fonunda Ağdamın, digər işğalda olan ərazilərin necə vəziyyətdə olacağını təsəvvür edirdim. Ağdamın dağıdılmış şəkildə olacağını bilirdim, amma hər zaman oranın quruculuq işlərində iştirak etmək istəmişəm, bunu Allahdan diləmişəm.

- Müharibə dövründə mətbuatın işini necə qiymətləndirdiniz?

- Təkcə, içərisində olduğum medianın fəaliyyətini yox, ümumiyyətlə arxa cəbhədə olan istənilən peşə sahələrinin işini təhlil edəndə, inanılmaz dərəcədə mütəşəkkil arxa cəbhə fəaliyyəti gördüm. Əsgərlər ön cəbhədə qan töküb, şəhid olarkən, arxa cəbhədəki insanlar, o cümlədən media işçiləri mənəvi cəhətdən özlərini borclu saydılar ki, onların fəaliyyəti ön xəttdə olan əsgərlərin işi ilə həmahənglik təşkil etsin. Əsgərlər orada canları bahasına döyüşərkən, mən burada vicdanlı fəaliyyətin şahidi oldum, bunu mətbuatı da aid etmək olar. Əvvəldən edilən göstərişlərə, rəsmi məlumatlara inanmaq, təxribatlara uymamaq və s. kimi tələblərə bu qədər vicdanlı şəkildə riayət olunması çox sevindiricidir. Media sahəsində olan biri kimi deyirəm ki, həmkarlarımızın işi ən yüksək qiymətə layiqdir. Arxa cəbhədəki insanların, eləcə də media nümayəndələrinin işi əsgərlərin fəaliyyətini tamamladı.

 

Mənbə: teleqraf.com