Yalan çıxdı... - Yaralı əsgərimiz əsirlikdən azad olunmayıb

Yalan çıxdı... - Yaralı əsgərimiz əsirlikdən azad olunmayıb

İnsanların hissləri ilə oynayanlar dayandırılmalı və cəzalandırılmalıdır

Vətən savaşımızda yaralı halda əsir götürülmüş əsgərimiz Amin Musayevlə bağlı bəzi xəbər saytlarının paylaşdığı video-materialın həqiqəti əks etdirmədiyi məlum olub. Videodakı “Amin” gülür, sevinclidir, yaşlı bir qadınla görüşüb qucaqlaşır. Sonra da xəbər verilir ki, guya, Amin ermənilər tərəfindən geri qaytarılıb. Dünən bu xəbər və video yayıldıqdan az keçmiş sosial şəbəkə istifadəçilərindən bir neçəsi tərəfindən təkzib edildi.

Feysbuk istifadəçisi Elnurə Abuşova profilində “Bu yalan xəbəri “ip” xatirinə ilk dəfə kim yayıbsa, həbs olunmalıdır. Yaralı əsirin üzərindən “ip” yığanda onun onkoloji xəstə anasını nəzərə alın. DTX, ağır dövrdə həssas insanların hissləri ilə oynayanları dayandırın, lütfən” paylaşımı etdi.

Bu paylaşıma rəylər də özünü çox gözlətmədi. Sosial şəbəkə istifadəçiləri yaralı və əsir əsgərimizin üzərindən ucuz reklam quranları qınadılar. Bəzi şərhləri təqdim edirik:

 

Hərbçi leytenant - Bayaq səsim batıb ki, bu o deyil, ağızlarına gələni paylasır sərəfsiz saytlar.

Ülviyə İsmayılova:

“Ssılka” yoxdur axı, hansı saytdandır?

Kamran Qədirli:

 

Mən də gecə küyə gedib paylasdım, yaxsi ki, dediniz, tez sildim. Sevincimdən paylasmısdım.

Aliyə Gəncəli: Mətbuatı bu günə qoyanların Allah bəlasını versin. Xəstədi bunlar hamısı. Heç belə yalan olar?! Bunların bir yiyəsi olacaq, ya yox?

Bu qədər biabırçılıq olarmı?

Huseyn Cavad: Yalan məlumat idi?

Elnurə Abuşova: Bəli. Əsir deyil bu. Heç Amin də deyil.

Əhmədova Ellada: Axı bu Amin deyil, heç əsirə də oxşamır.

Huseyn Cavad: Ehh… sevinmişdim, amma bir az şubhəli qaldım ki, Amin ayağından yara almışdı axı...

Hərbçi leytenant: Amin yaralı idi, niyə bu şərəfsiz saytlar yalan paylasır?

Könül Ayxan: Onları görüm erməni gülləsinə tuş gəlsinlər elə. Hərə bir səhifə açır, baxış sayı artırıb, sonra da o səhifəni satmaq üçün. İzləməsinlər belə axmaqların səhifələrini. Bu əsgər də balamızdı, amma Amin üzərindən baxış sayı yığanlara haram olsun. Allah bütün əsgərlərimizi ailələrinə qovuşdursun.

Bunu kim yazıbsa ciddi cəza verilməlidir!

Xatirə Rəhimbəyli: Mən də hazırlaşırdım ki, paylaşım. Lənət olsun, insanların duyğuları ilə oynayanlara... Mən də düşünürəm ki, nə yaxşı bu uşaq belə şaddı, heç əziyyət çəkənə oxşamır...

Teybəli Novruzovlar: Gic-gic xəbərlər “TikTok”dan çıxır. Cəhənnəm eləsinlər bu “TikTok”u.

Nərmin Səmədova: Alçaq şərəfsizlər reytinq xatirinə nə edirlər, səhər görən kimi bildim ki, bu, Amin deyil, Amin yazıq nə haldadı ki, hələ gülə bilsin…

Ramil Vəliyev: Çox şərəfsiz insanlar var, bu qədər insanların hissləri ilə oynamaq olar?!

Rəsmiyyə Qarayeva: Vahhh! Sevindiyimdən hönkürüb ağlayırdım…

Pərvin Abışova: Mən də paylaşmışdım, sonra araşdırdım ki, yalan imiş. “TikTok”da paylaşılmışdı”.

Həqiqətən də, hamımız üçün həssas məqamda əsgərlərimiz, orduyla bağlı, ümumiyyətlə rəsmi şəkildə təsdiqlənməyən hər hansı məlumatları paylaşmaq cəmiyyətdə yanlış anlaşılmaya səbəb olur. Müharibənin aktiv fazasının bitməsi o demək deyil ki, kim nə istəyir, əsası olub-olmadığı, hansı mənbədən gəldiyi bilinməyən məlumatları, videoları paylaşa bilər. 44 günlük müharibəmizdə səhlənkarlıq və video paylaşmaq, selfi çəkmək aludəçiliyinin ağır nəticələrə gətirib çıxardığını gördük. Müharibə yenicə bitib, ordumuz işğaldan azad eidilən ərazilərimizlə hələ irəliləyir. Daha da ehtiyatlı, diqqətli olmaq gərəkdiyi bir vaxtda əsir əsgərlə bağlı yanlış məlumatlar paylaşmaq nə müharibə, nə də atəşkəs dövrünün şərtlərinə uyğundur. Üstəlik, hər bir əsgərin ailəsi, gözü yolda qalanları da nəzərə alınmalıdır.

Hüquqşünas Ələsgər Məmmədli “Şərq”ə açıqlamasında əsas məsuliyyətin birbaşa vətəndaşların üzərinə düşdüyünü dedi:

- Azərbaycan Ordusu əks-həmlə hücumuna başladığı zaman sosial şəbəkələrə girişə məhdudiyyətlər tətbiq edildi. Əlbəttə, bu, həmin dövr üçün doğru qərar idi. Lakin gördük ki, yenə də vətəndaşlarımız bir yol tapıb, əsasən də VPN proqramı yükləməklə sosial şəbəkələrə daxil olurdular, məlumatlar, videolar paylaşırdılar. İnternetə tətbiq edilən məhdudlaşma yayımı dayandırmaq üçün deyildi, daha çox kütləviliyin qarşısını almaq üçün idi. Çünki onsuz da məlum idi ki, tam məhdudiyyət mümkün olmayacaq. Amma internet üzərində məhdudiyyət aradan qaldırılıb artıq. Və görürük ki, yenə də kim nə gəldi paylaşır, məlumatlar yayılır. Kütləvi yayımın bəlli standartları var. Yalan xəbər olmaz, təsdiqlənməmiş məlumat olmaz, üçüncü tərəfin hüquqları mütləq nəzərə alınmalıdır… Vətəndaş, fərqi yoxdur, sayt rəhbəridir, hüquqi şəxsdir, ya sadəcə sosial şəbəkə istifadəçisidir, yaydığı informasiyanın məsuliyyətini dərk etməlidir. Drək etməlidir ki, əsir əsgər haqqında yaydığı məlumatı ən azından onun ailə üzvləri oxuyacaq, biləcək. Burda dövlət maraqları, əldə etdiyimiz qələbəyə kölgə salmamaq, düşmənə informasiya ötürməmək və sair bir sıra şərtlər var və vətəndaş olaraq hamımız bunları nəzərə almalıyıq.

Ə.Məmmədli qeyd etdi ki, yalan informasiya yayımının qarşısı hüquqi yolla alına bilər: “Bunun hüquqi həll yolu var. Qanunla qadağan olunan informasiyaların yayılmasına görə məsuliyyətə cəlbetmə qaydası mövcuddur. Belə məsələlər məhkəmə predmeti ola bilir. Amma ən yaxşısı, insanlarımızın daxili məsuliyyət hissidir. Həssas məsələlərə yanaşmada diqqətli olmalıyıq”.

Qeyd edək ki, yayılmış videoada görüntülənən əsgər formalı gəncin guya, Amin Musayev olduğunu ailənin yaxını Çinarə Əliyeva da təkzib edib. Və Aminin ailə üzvlərinin bundan ciddi narahatlıq keçirdiklərini bildirib.

İtkin düşmüş şəxslərin axtarılması, əsir və girovların azad olunması üzrə Beynəlxalq İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Əvəz Həsənov “Şərq”ə açıqlamasında yayılmış videoda görüntülənən əsgərin Amin Musayev olmadığını bildirdi:

- Biz Amini tanıyırıq. Zahiri görünüşcə, fiziki göstəricilər baxımından da videodakı əsgər Aminə bənzəmir. Aminin anasını da tanıyırıq. Videodakı şəxsin görüşdüyü qadın da Aminin anası deyil. Videoda görüntülənən şəxsin kimliyi kimliyi də dəqiqləşməlidir. Onun Murad adlı əsgərimiz olduğu deyilir, guya o, hansısa erməni əsgəri ilə dəyişdirilib, lakin bununla bağlı rəsmi məlumat yoxdur.

Mənbə: sherg.az