Bu insanlar daha çox hansı nəqliyyat vasitələrindən istifadə edib?

Bu insanlar daha çox hansı nəqliyyat vasitələrindən istifadə edib?

Bakı. Elçin Mehdiyev – Trend:

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 39,0 faiz azalıb.

Trend-in məlumatına görə, qeyd olunan müddət ərzində nəqliyyatçılar 1 milyard 020,2 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 92,4 faizi avtomobil nəqliyyatı, 7,3 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıblar.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 943,1 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36,0 faiz azalma qeydə alınıb. Sərnişinlərin 96,2 faizi avtobus, 3,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 61,1 faiz azalaraq 74,7 milyon nəfər olub. Hava nəqliyyatı ilə 537,4 min və ya 76,6 faiz az sərnişin daşınıb, daşımaların 99,4 faizi dövlət, 0,6 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin yanvar-oktyabr ayları ərzində 1 milyon 828,8 min sərnişin daşınıb, 2019-cu ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 38,4 faiz azalma müşahidə olunub.

Mənbə: az.trend.az