Qarabağda yaralıları xilas edən cərrah Amil Hüseynov Antalyaya geri döndü, qəhrəman kimi qarşılandı “YARIM SAATIN İŞİNDƏ 80 YARALI GƏTİRDİLƏR, ƏSL QƏTLİAM İDİ...”

Qarabağda yaralıları xilas edən cərrah Amil Hüseynov Antalyaya geri döndü, qəhrəman kimi qarşılandı “YARIM SAATIN İŞİNDƏ 80 YARALI GƏTİRDİLƏR, ƏSL QƏTLİAM İDİ...”

Türkiyənin Akdeniz Universitetinin Tibb Fakültəsi Xəstəxanasında çalışan azərbaycanlı cərrah Amil Hüseynov müharibənin ilk günlərindən torpaqlarımız uğrunda vuruşan əsgərlərimizə tibbi xidmət göstərmək üçün Azərbaycana geri dönüb, cəbhə bölgəsində onlarla yaralını xilas edib. Bu günlərdə Türkiyəyə- çalışdığı xəstəxanaya geri dönən Hüseynov qəhrəman kimi qarşılanıb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, universitetin rektoru, professor Özlenen Özkan Amil Hüseynovla görüşüb. Rektor bildirib ki, Azərbaycan, Özbəkistan, Qırğızıstan Türkiyə ilə dost və qardaş dövlətlərdir.

Əslən Ağdamdan olan, 3 uşaq atası, 32 yaşlı Amil Hüseynov müharibənin başladığını eşidən kimi Türkiyədən qayıdıb, sentyabrın 30-da Bakıya, oradan isə cəbhə bölgəsinə gəlib. Həkim bildirib ki, ailəsinə ondan narahat qalmamaları üçün cəbhə bölgəsinə getməyəcəyini deyib. Lakin 44 günlük Vətən müharibəsinin 42 gününü döyüş bölgəsində xidmət edib, çoxsaylı yaralılara tibbi yardım göstərib, əməliyyatlar aparıb.

Qarabağda hərbi əməliyyatlar başlandığı gündən Akdeniz Universitetinin girəcəyində Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağı da asılıb. Hüseynov bildirib ki, Türkiyə haqq savaşında Azərbaycana dəstək nümayiş etdirib. Azərbaycan xalqı da qardaş ölkənin dəstəyini unutmur, unutmayacaq. Azərbaycanın bölgələrində, o cümlədən işğaldan azad edilmiş torpaqlarda Türkiyə bayrağı dalğalandırılır. “Türkiyənin dəstəyi azərbaycanlı əsgərlərə mənəvi güc verirdi”,-Hüseynov çıxışında bildirib.

Ağır şəraitdə əməliyyat etdik...

Hüseynov həmkarlarına başına gələnlərdən danışıb: “Ermənilərin mülkü əhaliyə xain hücumları hamımızı sarsıtdı. Günahsız körpələri, qocaları gecə, yatdıqları yerdə atəşə tutdular. Bərdədəki xəstəxananı atəşə tutduqlarında mən də oradaydım. Yarım saat içində 80 yaralı gətirdilər, bu, əsil qətliam idi. Həmin günü ömrüm boyu xatırlayacam. İşıqlar kəsildi, ağır şərtlərlə əməliyyat etdik, 20 nəfər isə şəhid oldu. Yaralıların qanaxmasını dayandırmaq üçün paltarları kəsərək yaralarını bağladıq. Çox şükür, Azərbaycan ağır döyüşlərdən qalib kimi çıxdı. İndi o torpaqlarda əsil sahibləri yaşayacaq, məscidlərdən azan səsi gələcək. Vətən müharibəsində mənim də rolum var və buna görə çox xoşbəxtəm”.

Xəstəxananın vurulması ilə bağlı Hüseynovun dediklərini həmkarları gözyaşları içərisində dinləyiblər: “Xəstəxana vurularkən içəridə yaralı əsgərlər vardı. Həmin vaxt yaralı əsgərlərdən biri namaz qılırdı, nə qədər çalışdımsa, namazına ara vermədi. 6 raket atdılar. Bəlkə də bizi həmin əsgərin namaz qılarkən söylədiyi dualar qurtardı. Mərmilər xəstəxananın sağına, soluna düşdü, amma bina dağılmadı”.

 

A.Hüseynov türk millətinə xidmət etməkdən şərəf durduğunu da qeyd edib. Bildirib ki, dünyanın harasında olursa-olsun savaş verən türkün yanındadır. “Türkiyə savaş verərsə, düşünmədən ön cəbhəyə gedərəm”.

Rektor isə Türkiyənin daim Azərbaycanın yanında olduğunu söyləyib.

Ü.Xudiyeva

virtualaz.org

Mənbə: virtualaz.org