Millinin keçmiş futbolçusu Moskvada meyvə-tərəvəz satır - MÜSAHİBƏ

Millinin keçmiş futbolçusu Moskvada meyvə-tərəvəz satır    - MÜSAHİBƏ

Ruslan Tağızadə... O da bir vaxtlar ölkənin perspektivli futbolçularından hesab olunurdu. “Neftçi”də yetişməsinə baxmayaraq, böyük futbola birinci divizionda mübarizə aparan “Abşeron”da başlamış, ilk cəhddəcə çempionluq sevinci yaşamışdı. “Sumqayıt” premyer-liqada çıxış etməyə başlayan gündən isə bu komandanın üzvünə çevrildi. Sağ cinahda parlaq çıxışı onu AZAL-a, ordan da “Qəbələ”yə apardı.


Bölgə təmsilçisində çıxış etdiyi ilyarımda ölkə kubokunun final həyəcanını yaşadı, Avroliqada forma geymək şansı qazandı. Buna qədər isə U-19 və U-21-in oyunlarına mütəmadi dəvət alar, milli formasında top dalınca qaçardı.


Sonradan bir müddət aşağı dəstədə göründü və günlərin birində yoxa çıxdı. İndi Rusiyadadır, çoxları kimi futbolun başını buraxıb başqa işlə məşğul olur. Offsideplus.az Ruslanı Moskvada tapdı.


- Xeyli vaxtdır səndən də xəbər-ətər yoxdur. Nuran Qurbanov Trükiyədə tikinti sahəsində çalışır, sən hardasan, nə işlə məşğulsan?

- Mən də Rusiyadayam, Moskva şəhərində. Köçmüşəm bura, həyatımı, balalarımın gələcəyini burda qurmaq istəyirəm. Sağlıq olsun, bayramdan-bayrama, darıxanda, havasını udmaq istəyəndə qonaq kimi gedib Azərbaycana baş çəkərik.


- Nə var orda?

- Burda 5 yaşında oğlum var. Bu gün həyatda ən böyük arzum övladımı futbolçu kimi görməkdir. Özüm etmədiklərimi, edə bilmədiklərimi onun etməsini istəyirəm. Allahın izni ilə ya “Spartak”ın, ya da “Lokomotiv”in akademiyasına qoyacam ki, futbolun sirlərinə yiyələnsin, əsl futbolun nə olduğunu görsün, bilsin. Tanışlar da var, sağ olsunlar, kömək edəcəklərinə söz veriblər.


- Yəni Azərbaycanda vəziyyət o dərəcədə pis idi ki, ailəni götürüb Rusiyaya köçdün?

- Razılaşaq ki, hər bir insan daha rahat yaşamaq istəyir. Xüsusən də ailəli adamlar. Azərbaycanda premyer liqa klublarından təklif yox idi, aşağı dəstədə oynamağın da mənası qalmamışdı. Üstəlik, uşaqlar da böyüyür, onlarım gələcəyini də indidən düşünməliyik.


- Futbolun “daşını atdın”?

- Belə görünür. Açığı, oynamaq istəyirdim, həvəsim də var idi. 3 ilə yaxındır peşəkar futbolla qurtarmışam. Moskvada həvəskarlar liqasında “Qarabağ” komandası var, hər həftəsonu oynayırıq. Amma peşəkar futbol tam başqadır. İnanmıram ki, bundan sonra hansısa peşəkar komandadan təklif alım.

 

- Nə iş görürsən Moskvada?

- “Food City”də işləyirəm. Azərbaycan, Türkiyə, İrandan meyvə-tərəvəz məhsulları gəlir, onları paylayırıq.


- “Food City”də iş növü çoxdur: satıcı, daşıyıcı, paylayıcı, nəzarətçi, mühafizəçi. Sən konkret nə işindəsən?

- Öz mallarımızdır. Sıfariş veririk, gətirirlər. Biz də burdan Rusiyanın bölgələrinə satırıq, göndəririk. Loru dildə belə deyim də, bazar ticarətindəyəm.


- Dolanışıq necədir?

- Allahın bu gününə şükür. Ac deyilik, küçədə qalmırıq, kiməsə möhtac deyilik. Şükürlər olsun Yaradana.


- Futbolda qazandığından az olar.

- Orası elədir. Amma uçurum fərqinin olduğunu deməzdim. Moskva kimi qiymətlərin baha olduğu şəhər üçün yaxşıdır.


- “Food City”də qazanc yaxşıdır, yoxsa Azərbaycan premyer liqasının ortabab klublarında?

- Hər bir insana özünə doğma olan sənət daha şirin gəlir. İnanın, futbolda olan uşaqlardan bəziləri vaxtında daha yaxşı qazanc dalınca qaça bilərdi. Yaxud valideynlərinin imkanı elə olub ki, futbol oynamağına ehtiyac yox idi. Amma futbolu sevdiklərindən daim top dalınca qaçıblar. Özümdən götürürəm, futbolda aya 1000-2000 manat qazanım, “Food City”də 10 min manat təklif etsinlər, futbolu seçərəm. Futboldan qazandığın pul da şirin olur.


- Rusiyada futbolumuzun səviyyəsi haqda nə deyirlər?

- Azərbaycan futbolu deyəndə ki... Bizim futboldan söz düşəndə, rusu, moldovanı, özbəyi, taciki - hamı “Qarabağ”ın adını çəkir. Ümumi futbolun səviyyəsi ürəkaçan deyil, bunu demək artıqdır. Hamı “Qarabağ”ın gücündən danışır. Qardaş, “Qarabağ” 5-6, hətta 10 il əvvəl də “Qarabağ” idi də. Digər komandalar 2 mərhələ adlaya bilməyəndə “Qarabağ” 2009-da pley-offa qədər yüksəlmişdi. Buna baxmayaraq, çempionatda “Bakı”, “Xəzər Lənkəran”, “Simurq”, “Neftçi”, “İnter”, AZAL kimi rəqiblər ağdamlılarla sona qədər dirəşirdi.

“Qarabağ” indi çempionatda qarşısıalınmazdır. Son vaxtlar qabağına çatan rəqibə 6 top vurur. Amma futbolun yaxşı vaxtında AZAL “Qarabağ”ı 6:2 udmuşdu, “Bakcell Arena”da qələbə qazanmışdıq.


- “Bakcell Arena”da?

- Bəli-bəli... Nəyə görəsə oyun ora salınmışdı. Həmin matç indiyə qədər yadımdadır. Çünki qolun ötürməsini mən vermişdim. Deməyim odur ki, bu gün normal komandalar olsa, çempionat daha maraqlı keçər, rəğbət çoxalar.


- İkinci Qarabağ Müharibəsi vaxtı Vladimir Putinin oturduğu şəhərdə - Moskvada idin. Azərbaycanlılarla ermənilər arasında ümumi vəziyyəti necə təsvir edə bilərsən?

- Fürsətdən istifadə edib Azərbaycan Ordusunu, Prezidentimizi, xalqımızı bu möhtəşəm qələbə münasibəti ilə təbrik etmək istəyirəm. Allaha and olsun, çox narahat idim. Azərbaycanda olsaydım, könüllü yazılıb gedərdim döyüşə. Əslən Yevlax rayonundan olsam da, Qarabağ torpaqları bizə əzizdir. Hər birimiz torpaqlarımızın azadlığı uğrunda canından keçməyə hazır olmalıyıq. Hər gün uşaqlarla müharibədən danışırdıq, ürəyimiz dağa dönürdü. Qələbə xəbərindən sonra burdakı vəziyyəti görmək üçün özünüz Moskvada olmalıydız.


O ki qaldı sualınıza, burdakı ermənilər bizimlə söhbətdə müharibəyə qarşı olduqlarını, sülh istədiklərini deyirdilər. Mən də, biz də onlara başa salırdıq ki, Qarabağı geri qaytarmayana qədər sizin nəsə istəməyiniz yersizdir. Bir neçəsi Qarabağın tarixindən danışıb, torpaqların onlara aid olduğunu deyirdi. Uzatmırdım, bir kəlmə deyirdim ki, sübut göstər, tarixlə əsaslandır mənə. Deməyə söz tapmırdılar.


Yadınızdadırsa, yayda alçaqlar Belçikadakı qardaşımızı təkləyib döymüşdülər. O videodan sonra Moskvada xeyli gərginlik yaşandı. Düzü, mən orda olmamışam, amma Moskvada yaşayan tanış azərbaycanlı uşaqlar erməni görəndə döyürdü, çırpırdı. Açığı, burda bizdən çəkinirlər. Həm sayımız çoxdur, həm də yerlərini, bizim yanımızda kim olduqlarını bilirlər.


- Nizami Hacıyev də Moskvada olmalıdır. Görüşürsüz?

- Bildiyimə görə, Nizami başqa şəhərdədir, Moskvada deyil.

Mənbə: buta.ws