Şuşa fatehi: Raket, güllə səsinə elə öyrəşmişdik, olmayanda darıxırdıq

Şuşa fatehi: Raket, güllə səsinə elə öyrəşmişdik, olmayanda darıxırdıq

Hər zaman Şuşa ilə bağlı “Şuşa alınmaz qaladır” sözlərini eşitmişik. Vətən müharibəsi başlayandan sonra bu ifadənin tam məğzini anlamağa başladıq. Həqiqətəndə Şuşaya hər hansı bir zirehli texnika ilə girmək mümkün deyildi. Bu şəhərin işğaldan azad olunması bir başa iğid oğullarımızın qolunun gücü hesabına oldu. Şuşa şəhərinin azad olunmasında iştirak edən igid oğullardan biri də Tağıyev Sabitdir.

Bizimyol.info sizi Şuşa fatehlərindən biri ilə tanış edir.

“2001 ci ildə Şəmkir rayonunun Mahmudlu kəndində doğulmuşam. Şuşaya girənə qədər döyüşlərdə iştirak etmişəm. Bir dəfə Füzulidə yaralandım xəstəxanaya yerləşdirildim. Bir müddət sonra yenidən döyüşə qayıtdım. Şuşada döyüşən zaman yenidən qolumdan güllə yarası aldım. Güllə bu dəfə sümüyümü sındırdı”. Deyir və susur. O qədər odun alovun içindən keçib, amma deməyə, danışmağa söz tapmır. Təvazökarlıq edir, igidliyindən utanır.Adi hal kimi gəlir bunlar ona.

“Şuşanın coğrafi mövqeyinə görə alınması çox çətin idi. Orada hər hansı tank və ya PUA-lar işə yaramadı. Şuşada əlbəyəxa döyüşlərdə birbaşa iştirak etmişəm. Ermənilər təpənin başında idilər. Biz isə aşağıda idik və onları görmürdük. Duman var idi. Görməsək də gülləni səpələyirdik ki, kiməsə tuş gələcək. Alçaq ermənilər gizlənmişdilər. Birdə gördüm məni vurdular. Xeyli qan itirdim. Sonra sağ olsun əsgər yoldaşlarım qolumu bağladılar. Yağış kimi yağan güllələrin altından çıxardılar məni. Qorxu hissi yox olmuşdu bizdə. Artıq öyrəşmişdik güllə, raket səslərinə.Olmayanda darıxırdıq”,- deyib gülümsünür.

«Şuşanın alınması üçün gedən döyüşlərdə günlərlə meşədə qalmalı olduq. Yeməyimiz çox yaxşı idi. Hər şeylə təmin edirdilər bizi. Yatanda isə meşədə, torpaqda yatırdıq. Şuşaya səsiz , gizlin getmək lazım idi.Hədəf bəlliydi, Şuşaydı deyə gözümüzə heç nə çətin gəlmirdi.Hər şeyə dözürdük, təki vətən sağ olsun deyə”,- deyir qəhrəman əsgərimiz.

Leya Mirzə

Mənbə: www.bizimyol.info