“Zibil vaxtında toplanmır deyə itlərin məskəninə çevrilib” - Foto

“Zibil vaxtında toplanmır deyə itlərin məskəninə çevrilib”  - Foto

Bakının Suraxanı rayonunda yaşayan sakinlərin zibil problemi hələ də öz həllini tapmayıb.

Bu iddia ilə “Qafqazinfo”ya müraciət edən ünvan sakinləri deyir ki, rayonun Ş. Məhərrəmov küçəsi, IV mədən ərazisində zibil qutuları qoyulsa da, tullantılar vaxtında toplanmır, ətrafa yayılaraq antisanitariya mənbəyinə çevrilir.

Onların sözlərinə görə, zibil qutularının ətrafında xoşagəlməz vəziyyət hökm sürür, xüsusən axşam saatlarında tullantı yeşikləri sahibsiz itlərin məskəni olur. Vətəndaşlar bildirir ki, məişət tullantıları on metrlərlə məsafəyə yayıldığından küçədən keçmək müşkülə çevrilib.

Şikayətlə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fikrət Məmmədov “Qafqazinfo”ya bildirib ki, operativ olaraq qəsəbə nümayəndəliyi ilə əlaqə saxlanılıb, ərazi nəzarətə götürülüb: “Qəsəbə nümayəndəsi əraziyə baxış keçirib və sakinlərlə söhbət aparılıb. Həmin ünvanda yeni zibil qabları quraşdırılacaq və ora təhkim olunmuş işçilər zibil qutuları qoyulan sahəni və ətraf sahələri yığışdırıb qaydaya salacaqlar. Məsələ nəzarətimizdədir”.

Gülnar Əliyeva

Mənbə: qafqazinfo.az