Gürcüstan epidemioloji vəziyyəti avqustdakı səviyyəyə qaytarmağa çalışır

Gürcüstan epidemioloji vəziyyəti avqustdakı səviyyəyə qaytarmağa çalışır

Son günlər dünyanın əksər ölkələrində oldu­ğu kimi, Gürcüstanda da COVID-19 tüğyan etməkdədir. Ötən sutka­da koronavirusa yoluxma ilə əlaqədar ölkədə yeni antirekord qeydə alınıb: daha 4 min 780 nəfərdə koronavirus təsdiqlənib. Məlumatı “Novosti Qruziya” verib.

Gürcüstan hökumətinin rəsmi say­tında yerləşdirilmiş məlumata görə, son 24 saat ərzində 3 min 489 nəfər müalicə olunaraq sağalıb. 37 pasiyent isə dünya­sını dəyişib.

Bununla da ölkədə COVID-19 viru­suna yoluxanların ümumi sayı 123 min 470-ə çatıb. Yoluxanların 102 270-i sa­ğalıb, 1 161-i isə pandemiyanın qurbanı olub. Hazırda karantin rejimində 2 114, stasionar nəzarətdə 6 251 xəstə saxlanı­lır. Daha 3 863 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Gürcüstanın Baş naziri Giorgi Qaxa­riya Dövlət Qurumlararası Koordinasiya Şurasının iclasından sonra keçirdiyi brifinqdə deyib ki, ölkədə epidemioloji vəziyyət heç də asan deyil, lakin idarə olunandır. Hökumət vəziyyəti nəzarətdə saxlamaq üçün bütün mümkün tədbirləri görür.

Baş nazir bildirib ki, sentyabr ayında siyasi proseslərə görə pandemiyanın idarə edilməsində bəzi güzəştlərə gedilib. İndi əsas vəzifə Gürcüstanı epidemioloji vəziyyət baxımından avqusta qədər olan səviyyəyə qaytarmaqdır. Bunun üçün bəzi məhdudiyyətlər tətbiq olunacaq. Bu məhdudiyyətlərdən biri də dövlət qulluq­çuları ilə bağlıdır.

Onun sözlərinə görə, noyabrın 28- dən fevralın 1-dək dövlət qulluqçularının 80 faizi məsafədən (distant) iş rejimində fəaliyyət göstərəcək. O, bütün şirkətlərə əməkdaşlarını mümkün olduğu qədər məsafədən iş rejiminə keçirməyi tövsiyə edib.

G.Qaxariya növbəti iki ay müddətində yaşı 70-dən yuxarı olan şəxsləri ciddi zərurət yaranmayacağı halda evdən çıxmamağa çağırıb.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com