Belçikada sərt karantin müddəti yanvarın 15-dək uzadılıb

Belçikada sərt karantin müddəti yanvarın 15-dək uzadılıb

“Belçika hökuməti bütün mağazaların ciddi məhdudiyyətlərə tabe olmaq şərtilə dekabrın 1-dən etibarən yenidən açılmasına icazə verib. Lakin sərt karantin rejimi yanvarın 15-dək uzadılıb. Bununla yanaşı, Yeni il tətillərində hər yer bağlanacaq”.

APA TASS-a istinadən xəbər verir ki, bunu Belçika Baş naziri Aleksandr De Kroo Pandemiyaya Qarşı Milli Koordinasiya Şurasının iclasından sonra açıqlamasında deyib.

Onun sözlərinə görə, bütün mağazalar ciddi qaydaların tələblərinə uyğun şəkildə fəaliyyət göstərəcək: “Hər bir müştəri ticarət mərkəzlərində yarım saatdan çox olmamalıdır, alış-veriş yalnız tək başına edilə bilər. Restoran, kafe və barlar, bütün mədəniyyət, idman və əyləncə müəssisələri bağlanacaq”.

İctimai və açıq ərazilərdə maska taxmağın məcburi olmasını deyən Baş nazir əlavə edib ki, ölkədə saat 00:00-dan 05:00-a, paytaxtda isə 22:00-dan 6:00-a qədər komendant saatı davam edəcək. O, vətəndaşları qış tətillərində xaricə səyahət etməkdən çəkinməyə çağırıb.

Həmçinin, 31 dekabr tarixində paytaxtda və böyük şəhərlərdə ənənəvi atəşfəşanlıq ləğv edilib.

Qeyd edək ki, Belçikada qaydanı pozan şəxs 250 avro cərimə edilir.

11,5 milyon əhalisi olan Belçikada son iki həftə ərzində hər gün orta hesabla 3.6 min yeni yoluxma aşkar edilib, Təxminən 170 nəfər ölüb. Pandemiyanın başlanğıcından bəri yoluxmuş insanların ümumi sayı yarım milyonu keçib, 16.3 min nəfər ölüb.

Mənbə: apa.az