Şəhid ailəsi və qazilərə xüsusi diqqət - VİDEO

Şəhid ailəsi və qazilərə xüsusi diqqət - VİDEO

Zaman-zaman sosial şəbəkələrdə şəhid ailələri və müharibə əlilləri haqqında vətəndaşlar tərəfindən paylaşımlar edildiyinin şahidi oluruq. Bu paylaşımlarda ya onlar haqqında məlumat verilir, ya müəyyən yardımlar edilir, ya da həmin təbəqəyə köməklik göstərilməsi barədə müraciətlər ünvanlanır.

Belə olduğu təqdirdə məsələdən xəbər tutan aidiyyatı qurumlar həmin şəxslərlə bağlı müvafiq işlər görməyə başlayır.

Deputat Razi Nurullayev REAL TV-yə açıqlamasında deyib ki, əslində isə bu belə olmalı deyil. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və əlaqədar digər orqanların yerli şöbələri rayon və kəndlərdə bu cür insanları üzə çıxarmalı, ünvanlarını yazmalı, eyni zamanda nömrələrini qeyd etməlidir. Məhz buna görə, həmin təbəqə haqqında elektron məlumat bazasının yaradılması vacibdir.

Deputatın sözlərinə görə, bunu da etməyin çox sadə yolları var.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib ki, hər bir şəhid ailəsi və müharibə əlilləri haqqında geniş anlayışa malik olmalıyıq.

Polkovnik Cəlil Xəlilov elektron məlumat bazasının olmasının həmin şəxslərin dövlətdən əlavə diqqət və qayğıya ehtiyacı olduğu zaman müəyyən iş adamlarının, köməklik göstərmək istəyən təşkilatların işini asanlaşdıracağını qeyd edib.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı bildirdi ki, bu kateqoriyadan insanlarla bağlı nazirlikdə əhatəli məlumat bazası mövcuddur.

Şöbə müdiri qeyd edib ki, böyük qələbəmizlə başa çatan İkinci Qarabağ Müharibəsi dövründə şəhid olan qəhrəmanlarımızla bağlı da aidiyyatı qurumlarla birgə iş müstəvisində bütün məlumatlar tam əldə edildikdən və müvafiq dəqiqləşdirmələr aparıldıqdan sonra elektron sistem üzərində dolğun informasiya bazası yaradılacaq.

Və beləliklə sözügedən kateqoriyanın hərtərəfli qayğı ilə əhatə olunması təmin olunacaq.

Mənbə: www.realtv.az