Qənirə Paşayeva qəhrəman şəhidimiz Orxan Cabbarovdan yazdı... - FOTOLAR

Qənirə Paşayeva qəhrəman şəhidimiz Orxan Cabbarovdan yazdı...  - FOTOLAR

Adını doğruldan...

Orxan Rövşən oğlu Cabbarov – 20 oktyabr 1995-ci ildə Tovuz şəhərində doğulub.

Orta məktəbin ilk altı sinfini uzaq Vladivostokda, 34 saylı şəhər məktəbində oxuyub. Sonra ailəsi ilə birgə Bakıya köçüb və yeddinci sinifdən başlyaraq, orta təhsilini Bakı şəhərindəki 179 saylı orta məktəbin rus sektorunda alıb.

Hələ uşaqlıqdan idmanla məşğul olub Orxan. Vladivastokda daha çox sərbəst güləş üzrə yarışlara qatılıb, fəxri yerlər tutub. Bakıda isə karate idman növü ilə məşğul olub, bu növ üzrə respublika birinciliklərində uğurla iştirak edib, “Fəxri fərman”, “Dipıom” və medallarla təltif olunub.

Orxan 2013-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə gedib; 2015-ci ildə isə müddətdən artıq hərbi qulluqçu kimi yenidən hərbi xidmətə başlayıb. O, 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olub.

2020-ci ilin 27 sentyabrında Azərbaycan Böyük Vətən Müharibəsi başlayınca, peşəkar hərbçi Orxan da, həm peşəkarlığı həm həvəsi, istəyi ilə döyüşlərə atılmalıydı, təbii – atıldı da. Xüsusi Təyinatlı Qüvvələr mənsubu olan gizir Orxan Cabbarov xidmət etdiyi xüsusi təyinatlıların şanlı ənənəsinə, adının şərəfinə uyğun döyüşüb. 2016-cı ilin aprelində şəhiq olmuş əfsanəvi Xüsusi təyinatlıların (Polkovnik Vüqar Yusifov, polkovnik-leytenant Murad Mirzəyev, mayor Samid İmanov, kapitan Mühüd Orucov və b. cənnətməkanların) ruhu qarşısındakı məsuliyyət, daşıdığı ad, Vətən torpaqlarının azadlığı… – bax, bütün bu mənəvi gözəlliklər, məsuliyyət ünvanları Orxana qarşısıalınmaz enerji, eşq, peşəkarlıq bəxş etmişdi. Və bu unikal xüsusilik xüsusiyyətə çevrilərək, xarakterə dönüşərək, Orxanın və silah yoldaşlarının ömür yoluna, mübarizə yoluna təsirsiz ötüşmədi, əlbəttə.

Orxanın qardaşı Ruslan da, topçu kimi həmin günlərdə döyüşlərdə olub, bu sətirlər yazılarkən də Ruslan hələ hərbi xidmətdədir.

Orxan sonuncu dəfə 28 oktyabrda nənəsi ilə telefonla danışıb; deyib, “özünüzdən muğayat olun, mən yaxşıyam”.

Gizir Orxan Cabbarovun son döyüşü Şuşanın azadlığı uğrunda olub.

Tanrı Orxana Şuşanın azadlığı uğrunda döyüşmək kimi bir qüdsiyyət nəsib etdi.

Orxan və Şuşa! – bir-birinə necə də gözəl yaraşır, İlahi!..

Şuşa Orxanın həm zəfər ünvanı oldu, həm də, şəhadət şərbəti içdiyi yer. Hərbçi yoldaşları onun Şuşamızın azad edilməsində xüsusi xidmətlər göstərərək, qəhrəmancasına şəhid olduğunu söyləyib.

Şəhid gizirimiz Tovuz rayonu, Bozalqanlı kənd qəbristanlığında, atasının yanında torpağa tapşırılıb.

Adı gözəl, Vətən qarşısında xidməti özəl, ucaldığı mənəvi mərtəbə həm gözəl, həm də özəl Orxan!

Adqoyma yüzilərdir çox önəmli mövzular sırasındadır. Ad bir insanın xarakterini təsirləndirən ən önəmli amillərdən biridir. Tarixi çox qədimlərə dayanan soyumuz kimi, danışdığımız dil də, sözlərimiz, adlarımız da qədim köklərə malikdir. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra özündə qədimlik və çağdaşlığı birləşdirən doğma adlarımıza dönüş də artdı. Belə adlardan biri də Orxandır. Qüdrətli türk hökmdarı, Osmanlının ikinci sultanı Orxan Qazi də bu adı daşıyıb. Adın anlamı: şəhər yönəticisi, şəhərin hakimi deməkdir. Bizim Orxan Azərbaycan şəhərlərinin gözü Şuşada şəhid oldu. O və silahdaşları şəhərə hakim oldu, şəhəri dövlətimizin hakimiyyətinə qaytardı. Beləliklə, 25 YAŞLI ORXAN BU DÜNYADAN ADINI DOĞRULDARAQ, GETDİ… Getdiyi yerin cənnət olduğunu bilirik…

 

 

Mənbə: moderator.az