Sürücülər narazıdır: “Avtomobili belimizə şələləyək?”

Sürücülər narazıdır: “Avtomobili belimizə şələləyək?”

Avtomobil parklanmasına görə yerlərin məhdud olması və iki qurumun cərimələməsi arzuolunmaz mənzərə meydana çıxıb

Məlum olduğu kimi, hazırda Bakı şəhərində avtomobillərin düzgün parklanmasına iki qurum – Bakı Nəqliyyat Agentliyi (BNA) və Dövlət Yol Polisi (DYP) nəzarət edir. Cari ilin iyul ayının 10-da verilən fərmanla Daxili İşlər Nazirliyinin (DİN) səlahiyyətləri artırılıb və polisə təkrar parklamalara nəzarət, düzgün parklamamağa görə cərimə etmək səlahiyyəti verilib.

Avtomobillərin parklanmasına iki qurumun nəzarət etməsi nəyi dəyişdi? Son dörd ayda hansı mənzərə meydana çıxıb? AYNA bu istiqamətdə sürücülər arasında kiçik sorğu keçirib.

Faiq Mahmudov: “Maşınım "parkovşik" olan parkinqdə cərimələnib. Telefonuma zəng gəlir, yer tapmıram ki, 1 dəqiqəlik avtomobili park edib zəngə cavab verəm. Bir əlac qalıb ki, harasa gedəndə maşını belimə şəllələyib getdiyim yerə aparım”.

Ruslan Eldaroğlu: “Qərar ona görə verilib ki, saat 20:00-dan sonra YPX nəzarət etsin. Amma indiki mənzərə onu göstərir ki, uzlaşma yoxdur. Elə hallar olub ki, bir sürücü qayda pozuntusu edir, bir neçə dəqiqə ara ilə həm BNA, həm də YPX tərəfindən cərimə gəlir. Yəni, bir sürücü eyni cəriməyə görə iki dəfə cərimələnib. Çıxış yolu nədir? Çıxış yolu müxtəlifdir. Ya şəhər piyada və ictimai nəqliyyatyönümlü edilməli (planlı şəkildə), ya da parkinq yerləri çoxaldılmalıdır. Gəlin baxaq. Gündəlik paytaxt küçələrində 900 mindən çox nəqliyyat vasitəsi şütüyür. Qanuni parklama yeri isə 10-dan çox deyil”.

Asif Bağırov: “Ən asan yola əl atıblar. Bütün qurumlar cərimə edir. Keçib daha, digər 1-2 quruma da icazə verilsin. Hamı cərimə etsin. Nəqliyyat Agentliyinin işçiləri tək çatdırmırdılar, axı”.

Rza Əhmədov: “Öncə problemi həll etsinlər. Şəhərdə 3-4 dayanacaq mövcuddur, onlar da “od qiymətinə”. 1 saat avtomobil saxlayırsan, 1 manat ödəməli olursan. Bu qədər baha da olmalı deyil. Öncə dayanacaqlar tikilməli və qiymətlər bir qədər ucuz olmalıdır ki, sürücülər də həmin dayanacaqlarda avtomobillərini saxlamağa maraqlı olsunlar”.

Mürşüd Həmidov: “Qurumlar arasında koordinasiyanın hansı səviyyədə olduğunu bilmirəm, amma eyni cərimənin hər iki qurumun əməkdaşları tərəfindən edilmə ehtimalı var. Bir də bu dayanma-durma işarələrinin optimallaşdırılması lazımdır. Həddindən çox və sanki yol hərəkətini tənzimləməkdən daha çox cərimə yazmaq hədəfləndiyi üçün bu işarələr qoyulub. Qeyd edim ki, əslində şəhərin hər yeri kameradır. Əslində, bu cərimələr avtomatik kəsilməlidir”.
Rahib Əliyev: “Məsələnin həllini tapmaq əvəzinə bir neçə qurum cərimə edir. Cərimə etməkdən asan heç nə yoxdur. Amma sürücüləri düşünən yoxdur ki, bu sürücü avtomobilini harda saxlasın ki, cərimə edilməsin”.

Mətanət Ağayeva: “İşləri-gücləri sürücüləri cərimə etməkdir. Məhəllələrə də “dayanma-durma qadağandır” işarəsi qoyurlar. Yaxşı, sürücülər nə etsinlər? Heç kim sürücüləri düşünmür. Məqsədləri sürücülərin ciblərinə girməkdir”.

Aybəniz Eminova: “Bütün dünyada pandemiyanı nəzərə alaraq güzəştlər olduğu halda, bizdə kim necə bacarır, elə də davranır. Qərarın nəyindən razı qalmaq olar? Camaatın işsiz və çətin vəziyyətində güzəştlər paketi hazırlamaq əvəzinə, haradan necə cərimə toplamaq haqda fikirləşirlər qurumlar”.

Mənbə: teref.az