İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyə qarşı təhdidlərin qarantıdır...

İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyə qarşı təhdidlərin qarantıdır...

Jurnalistika ixtisasına qəbul olmaq üçün 2019-cu ilin aprel ayının ilk günündə qabiliyyət imtanı verdim. Təklif olunan 3 mövzu arasından: "İnformasiyanın həyatımızda rolu" - başlığı daha çox diqqətimi çəkdi. Mövzunun ilk sətirbaşını olduğu kimi təqdim edirəm: "Yazıya başlamazdan əvvəl düşünürəm ki, səyahətimizi genişləndirib bəşər övladının yarandığı ilk dövrlərə - ibtidai icma quruluşuna nəzər salaq". Əlbətdə, burada diqqəti bəşər övladının ilk yaranışına çəkməyim də heç də təsadüfi deyil. Çünki informasiyanın ilkin rüşeymi məhz insanın yaranışı ilə öz formasını tapmışdır. İnformasiya insanlarla bilavasitə əlaqəli olduğu üçün ilk insanın yaşı qədər də informasiyanın yaşı vardır. Kinetiq ünsiyyətdən, qırıq səslərdən başlayan informasiya artıq XXI əsrdə özünün ən yüksək məqamına çatmışdır. İnformasiya-kommunikasiya texnologiyalarının tərəqqisi müsbət və mənfi təsirləri ilə xarakterizə olunur.

Bu gün kiçikdən - böyüyə kimi demək olar ki, hər kəs ağıllı telefonlardan, planşetdən, kompyuterdən və s. istifadə edir. Ünsiyyət daha əlçatan və səmərəli olsa da, texnoloji inkişaf rahatlığı ilə birlikdə informasiya təhlükəsizliyi ilə bağlı bir çox narahatlıqlar da yaradıb və yaratmaqdadır. Ötən əsrin 70-ci illərinin əvvəllərində fərdi kompyuterlərin yaradılması ilə bəşəriyyətdə lV informasiya inqilabı baş verdi. Bilirik ki, kompyuter sözü ingiliscədən tərcümədə hesablama mənasını verir. Bəs biz necə öz informasiya təhlükəsizliyimizi hesablaya bilirikmi? Təəssüf ki, bu suala dəqiq bir cavab verə bilməyəcəyik. Baxmayaraq ki, birinci kompyuter virusu nümunəsi 1983-cü ildə yaradılmışdı, ancaq 1988-ci ildə Morris soxulcanının kütləvi epidemiyası qeydə alındı.

Mütəxəssislər informasiya təhlükəsizliyinin təmin olunmasına kompleks yanaşmanın zəruriliyini əsas götürərək, 1988-ildə Amerikanın Kompüter Avadanlığı Assosiasiyası 30 noyabr tarixini Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü elan etmişdir.

Avadanlıq və proqram vasitələri istifadəçilərinin və istehsalçılarının diqqətini təhlükəsizlik problemlərinə yönəltmək, informasiya təhlükəsizliyini və onun daha dəqiq şəkildə mühafizə edilməsininin simvolik olaraq bir günü - 30 noyabr tarixi olaraq qəbul edilsə də, ancaq bu həyat qədər vacib olan məsələni ilin bütün günləri diqqət mərkəzində saxlamaq olduqca vacibdir.

Əlimizdə olan hansısa material düşmən tərəfin əlinə keçərsə, bizə tərəf tuşlanan silahı əvəz edər. İnternet istifadəçisi olan hər bir vətəndaş unutmamalıdır ki, təyyarənin narıncı rəngli qara qutusu qədər də bizlərin məlumatları önəmlidir və daha etibarlı qorunmalıdır.

Ümumiyyətlə, müharibə şəraitində olan hər hansı bir ölkə vətəndaşları fərdi məlumatların mühafizəsi məsələsinə milli təhlükəsizlik prizmasından baxmalıdır. Azərbaycanın Ermənistan üzərində möhtəşəm hərbi zəfəri, məğlub dövlətin qaniçən siyasi rəhbərliyinin kapitulyasiya imzalaması ölkəmizin siyasi və hərbi uğurunun fövqəlgücünü göstərir. Lakin informasiya savaşı hələ də davam etməkdədir. BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlunun bu fikirləri isə olduqca qiymətlidir: "Ermənistan - Azərbaycan müharibəsi təkcə cəbhədə deyil, informasiya məkanında da gedir. Və inanın ikincisi, birincisindən daha təhlükəli, həm də miqyasına görə genişdir."

Azərbaycan xalqı 44 günlük haqq savaşında göstərdiyi birlik və mütəşəkkilliyi informasiya müharibəsində də davam etdirməlidir. Ölkəmizdə ən uğurlu sahlərdən biri də informasiya-kommunikasiya texnologiyalarııdır. Bu sahə üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlayan ali məktəblərimiz var.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən şərqdə ilk olaraq informasiyanı dünyaya doğru və tez çatdırmaq üçün AzərTAC yaradıldı. Həmçinin də informasiyalı və dünyadan məlumatlı gənclərin yetişməsi üçün Bakı Dövlət Universiteti (BDU) təsis olundu. Müasir dövrümüz informasiya əsri kimi xarakterizə edildiyini nəzərə alaraq, sonda Stas Yankovskiyin fikirlərini xatırlamaq yerinə düşür: "Hər bir insan öz xoşbəxtliyinin proqramisti, başqasının isə xakeridir."

Əsgər İsmayılov,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Mənbə: moderator.az