Müəllimdən gözləntilərin insaf həddi...

Müəllimdən gözləntilərin insaf həddi...

Məhəmməd Talıblı

Müəllimlik insanlıq tarixi qədər qədimdir. İnsan yarandığı gündən müəllim peşəsi olmayıb. Amma insanları öyrədən və onlardan nəsə öyrənən mütləq mənada kimlərsə olub. Onun adı müəllim olmaya bilərdi. Amma öyrənən olduğu halda bir öyrətmən olmamış deyildi. Formal və ya qeyri-formal fəaliyyət kimi hər zaman mövcud olub. Onun hansı təsisat çərçivəsində fəaliyyəti olub, ya yox, bu artıq başqa mövzunun söhbətidir.

YUNESKO isə rəsmi olaraq müəllimlər gününü 26 ildir qeyd edir. Dünyada çeşidli motivlərə görə çoxsaylı dövlətdə Müəllimlər Günü fərqli tarixlərdə müəyyən olunub. Dünən qardaş Türkiyə (24 noyabr) də müəllimlər günü qeyd edildiyi üçün çoxlu təhlillərlə tanış oldum. Türkiyədə müəllimlərin bilik və yaşam səviyyələri haqda çoxlu yazılar oxudum. Onlardan bir araşdırma nəticələri məni açığı çox təəcübləndirdi. Türkiyə də müəllimlərin ağrılı-acılı günlərini öyrənmək baxımından inanıram ki, sizlər üçün bu araşdırma nəticələri maraqlı gələcək.

Təhsil İşi və Peşəsi Araşdırma Mərkəzi bununla Türkiyədə müəllimlərin yaşam səviyyəsinə bir işıq tutmuş oldu. Araşdırma ümumilikdə 81 bölgədə müəllimlik peşəsini yerinə yetirən 5 514 müəllimin iştirakıyla keçirilib. “Müəllimlərin, iqtisadi, peşə və ictimai vəziyyətlərinə dair müəllimlərin fikirləri” adlı hesabat nəticələrini sistemləşdiriblər. Müəllimlər aşağıdakı rəylərində bildirərək:

Araşdırmaya qatılanların 93% "müəllimlik hörmətli bir peşə olma xüsusiyyətini itirdi" fikrini ifadə etdiklərini;

Övlad sahibi olan müəllimlərin və ya müəllimələrin 63% uşaqlarının qida ehtiyaclarını qarşılaya bilmədiklərini;

Hər 100 müəllimdən 47-i öz uşağının belə təhsil ehtiyacını ödəməkdə çətinlik çəkdiklərini;

İştirakçıların 73% uşaqlarına keyfiyyətli paltar ala bilmədiyini;

İqtisadiyyatda son 1 ildə baş verənlərin müəllimlərin 96%-nin ailə büdcələrinin çökdürdüyünü;

İştirakçıların 44% ev krediti, 30% istehlak krediti, 25% təhsil krediti ödədiyini;

Müəllimlərin 29% biznes subyektlərinə, 35% isə şəxslərə nağd olaraq borclu olaraq yaşadığını;

Müəllimələrin 46% yaxınlarının (həyat yoldaşı, atası, anası) dəstəyi hesabına yaşadıqlarını;

Bu peşənin sahiblərinin 26% əlavə işlərdə işləmək məcburiyyətində qaldıqlarını;

İştirakçıların 61% gəlirlərinin azlığı səbəbindən psixoloji problem yaşadığını;

Müəllimlərin 75% borclarının olması səbəbindən peşə səmərəliliyinin azaldığını;

İştirakçıların 43% isə daha çox pul qazanacağı bir iş tapa biləcəyi təqdirdə müəllimlik peşəsini buraxacağını;

Bu sahədə işləyənlərin 86% qətiyətlə uşaqlarının müəllim olmasını istəmədiklərini;

Araşdırma Mərkəzinin rəhbəri Orxan İldırım "bu il bütün zamanların ən acı, ən ağrılı araşdırma nəticələri ilə qarşılaşdıq" dedi. Bu hesabat çərçivəsində müəllimlərin söylədikləri bu rəylərindən sonra nəticələrdən necə razı qalmaq olar ki?

Diqqət etdinizsə, müəllimlərin elementar sosial-iqtisadi qayğılarından nə qədər çətinlik çəkdiyini aydın görmək olur. Məişətlə başını qatan, onun qayğıları ilə düşünən müəllimdən siz çoxmu uğurlar gözləyirsiniz? Məişətə yuxarı qalxmayan müəllimdən siz Nobel mükafatçısı kimi bir gözləntiniz var? Fikrimcə, aşağı səviyyəli yaşam şərtlərinə malik müəllimdən Türkiyə cəmiyyətinin böyük gözləntiləri qeyri-adekvatdır. Əslində yüksəkdə saxlanılan böyük gözləntilərin olması insaf həddin keçməkdir.

Atatürk vaxtı ilə deyirdi ki, müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır. İndi Atatürk o dünyadan Türkiyədəki az qala 1 əsr sonrakı müəllimin sosial problemlərinə baxıb nəzər salsa, həmin “şamın” ətrafa şölə salmasını yox, özünün necə yandırdığını görməzmi?

Fərqindəyik! Məktəblər müəllimlərin yalnız maaş aldığı yerə çevrilməli deyil. Bu təhsilin fəlsəfəsini tam əks etdirmir. Təhsil müəssisələri təhsil verən və işini sevən idealistlərin müzakirə mühiti yeri olmalıdır. Amma idealist müəllim məişətlə məşğulsa, oradan yuxarı boylana bilmirsə, onu dünyanın hansı uca nöqtəsinə baxmağa təhrik edə bilərsiz? O, hara baxsa, özünün köhnə daxmasını və miskin yaşayışını görəcək. Həyat şərtlərinin artan çətinliyi, psixoloji depressiyaya aparan yollar da o, özünü toparlamaya da bilər. Sonda buna gücü çatmayanda son çarə kimi bəlkə intihar olur. Bu arada çoxlu intiharlar seriyası haqqında xəbərlər eşitdik. Halbuki, dahi Albert Eynşteyn intiharı müəllimin yox, ölkənin etmə nöqtəsin nəzərdə tutaraq yazırdı: “Müəllim laqeydlik edirsə, ölkə intihar edir deməkdir.” Müəllim intihar edərsə, ölkə nə edər sualı yenə açıq qalır...

Müəllimi intihar etməyə itələyən amilləri aradan qaldırın, müəllim laqeyd yox, mükəmməl olacaq! Müəllimlik zatən mükəmməllikdir, yaxud ona canatma nöqtəsi...

Mənbə: azpolitika.info