“3 gün mühasirədə köməksiz qaldıq, düşmən əsgərləri bizi görüb qaçırdı...” - FOTOLAR

“3 gün mühasirədə köməksiz qaldıq, düşmən əsgərləri bizi görüb qaçırdı...”  - FOTOLAR

Elə tarixi günlər yaşadıq ki, tanımalı olduğumuz hələ çox qəhrəmanlar var. Çünki, hər biri ölümü gözə alıb, bizə qələbə sevincini yaşatdılar.. O da ölümü gözə aldı, amma yaşadıqlarından, çətin əldə olunan qələbənin böyük sevincindən indi özü bizə danışacaq.. Güllə yağışından islanmadan çıxıb Sirus Müsüzadə.. Şücaətini xəbər alanda isə, "borcumuzu yerinə yetirmişik" dedi.. İgidcəsinə.. Gəlin onu birlikdə tanıyaq.. Çünki ölümün yanından gəlir o.. Düz yanından.. Vətən keşiyindən gəlir.

Anasının duaları ölümün caynağından qoparıb onu.. Ölümün əlindən çıxıb gəlir. Qələbə xəbərini öz dili ilə demək üçün.. Cəsurluğundan, igidliyindən özü bəhs etmək üçün.. Biraz qürurla, biraz məyusluqla, biraz möhkəm əqidəsini silkələyən itkilərinin ağrısı ilə, ən çox da fəxrlə bəhs edir Sirus yeni tarixin ən şanlı səhifəsindən.. Göy üzünün ən parlaq ulduzu- adının mənası belə imiş igidimizin.. Amma bundan sonra onun adı şanlı tariximizin ən parlaq səhifəsində çəkiləcək. Çünki o sinəsi hərbə meydan olmuş vətəni gülüstana çevirənlərdəndir!

Qəhrəmanımız şərəflə keçdiyi döyüş yolu haqda Moderator.Az-a danışıb.

“2016-cı ilin yanvar ayında hərbi xidmətə getmişəm. 2017-ci ilin İyul ayında əsgərliyi bitirdim, elə oradan hərbiyə xidməti müddətdən artıq kimi işə düzəldim. Sonra xüsusi təyinatlının nə olduğunu bildim. Orduya həvəsim lap uşağlıqdan idi. Balaca vaxtımdan xüsusi təyinatlı olmaq istəyirdim. Torpaqlarımız işğal altındaydı, hamımızın arzusu idi ki, biz torpaqlarımızı qan bahasına vermişik, qan bahasına da alaq. Şükür Allaha ki, qan tökdük amma torpaqlarımızı geri aldıq” deyə bildirib igidimiz.

Biz xalq olaraq vuruşduq. 44 gün boyunca hər kəsin fikri, duası cəbhədə idi. Hər kəs öz cəbhəsində, bacardığı qədər vuruşurdu. Bir də müharibənin dəhşətini anbaan yaşayan, vətən daşını yastıq edən igidlərimiz var.. Onlar elə vətənin öz cəbhəsində, sinəsini sipər edən, gələcəyini tanklar, toplar önünə sərən, arzularını güllə qarşısına sədd çəkən, vətən sevgisini ən nümunəvi şəkildə sübut edən, döyüşən, öldürən, məğlub edən, itaət etdirən, qələbə qazandıran İGİDLƏR! Sirus kimi igidlər..

“Müharibə ayın 27-si başladı, biz 30-u müharibəyə qoşulduq, Füzuli istiqamətində getdik. Füzuli şəhərinin azad olunmasında, Cəbrayıl şəhərinin azad olunmasında, Qubadlı şəhərinin azad olunmasında iştirak etdik. Hadrutda, ondan sonra Qırmızı bazardakı döyüşlərdə iştirak etdik. Ən sonda Şuşa şəhərinə yollandıq. Şuşa uğrunda gedən döyüşlərdə yaralandım. Düşmənlərə hücum edəndə dağa qalxdıq, atəş aça-aça düşmənlərə hücum edirdik. Dağa qalxırdıq, düşmənlər də bizi görüb qaçırdı. Yanımda döyüş yoldaşım var idi. Gördüm yıxılıb, yoldaşıma kömək edirdim. Qolundan tutub yuxarı qaldırdım, bir əlimdə də silah. Birdən düşmənlərin minaatanla atdıqları mərmilər bizim qabağımıza düşdü. Yoldaşımı atdım, özüm də onun üstünə yıxılanda yaralandım. Üç gün orada yaralı qaldıq. Təxliyyə mümkün deyildi, çünki biz hər tərəfdən mühasirədə idik. 3 gün sonra yoldaşlarımız gəldi, bizə kömək oldu” deyə Sirus Müsüzadə deyib.

Tarix yazıldı, qanla, canla, hünərlə, fəxarətlə.. 44 səhifəlik.. Hər səhifəsində irəli aparan addımlar, qələbə uğrunda fədakarlıqlar.. Hər səhifəsində azadlıq günəşinin həsrəti ilə hiddətlənən qəhrəmanlar.. Qalib döyüşçünün addım səsi, qələbə qoxusu, birlik, həmrəylik, bütöv Azərbaycan eşqi ilə yaşayan ürəyin çırpıntısı! Qoy bundan sonra müəllifi Ali baş komandan və Sirus kimi igidlər, şəhidlər olan, hər səhifəsinə şanlı bayrağımız sancılmış azadlıq, bütövlük əsəri ən sevimli kitabımız olsun! Oxuyaq, oxumaqdan, haqqında danışmaqdan heç yorulmayaq! QƏLƏBƏMİZ MÜBARƏK!

 

Əli Novruzəliyev

 

 

Mənbə: moderator.az