Azərbaycan humanitar yardım kimi Gürcüstana 100 ton maye tibbi oksigen göndərib

Azərbaycan humanitar yardım kimi Gürcüstana 100 ton maye tibbi oksigen göndərib

Gürcüstan Azərbaycandan 100 ton maye tibbi oksigen idxal edib.“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze “Rustavi 2” telekanalına bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycanın humanitar yardımı olub: “Azərbaycan hökumətinin köməkliyi sayəsində operativ şəkildə müvafiq miqdarda maye tibbi oksigen tədarük olunub. Gürcüstanda koronaviruslu xəstələrin müalicə olunduğu klinikalar üçün tibbi oksigenin ölkəyə çatdırlmasını da Azərbaycan tərəfi öz üzərinə götürüb”.

Z.Pataradze təmənnasız dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Səfir deyib ki, Gürcüstanın klinikalarında maye tibbi oksigen çatışmazlığının aradan qaldırılması üçün Azərbaycanla sıx əməkdaşlıq davam etdirilir.

Qeyd edək ki, Gürcüstanda koronavirus pandemiyasının ikinci dalğasının pik həddi yaşanır. Klinikalarda tibbi oksigendən istifadə göstəricisi üç dəfə artıb. Bu səbəbdən Gürcüstan hökuməti oksigen ehtiyatı yaradır.

Mənbə: azpolitika.info