Laçınlı kənd sakini: "Prezidentin çıxışını gözləyirəm"

Laçınlı kənd sakini: "Prezidentin çıxışını gözləyirəm"

"Torpaqlarımızın işğaldan azad edilməsinə hələ də inana bilmirəm. Laçında sürücü işləyirdim. Mal-qara, ev-eşik hər şey var idi. Uşaqlıqda məktəbdən çıxıb Əli bulağına gedirdik. Bəzən müəllimlərimiz də bizi gəzməyə aparırdı. Xatirələrim sonsuzdur".

Bu sözləri Laçının Qarıqışlaq kənd sakini Eldar İbrahimov deyib. Kənd sakini bu gün Laçına getsə, orda rahatlıqla evlərini tapa biləcəyini qeyd edib. "Kəndimizdə 365 ev var idi. Gözü bağlı bu gün getsəm hər evin kimə məxsus olduğunu deyərəm".

Laçın sakini Şahlar Məmmədov isə qeyd edib ki, daim kiminsə kölgəsində olduğunu hiss edib, halbuki Laçında güzəranı yaxşı olub, mühəndis kimi çalışıb: "Su çəkilişi üzrə mühəndis işləyirdim, 55 km məsafədən Laçına su çəkirdik. İş yoldaşlarıma görə çox narahatam, sadəcə üçü-dördü ilə əlaqəm var. Bakıya gələndən sonra öz ixtisasımdan uzaq bir sahədə çalışmağa başladım, gözəl işlərimizdən olduq. İş yoldaşlarım mənə zəng vuranda Laçına gedib-getməyəcəyimi soruşurlar. Mən isə həmişə "əlbəttə" gedəcəyəm cavabını verirəm. Orada mənim narahat günüm olmayıb. Bacımın, qardaşımın toyu Laçında olub. Ev-eşik istəmirəm, tək arzum torpaqlarıma qayıtmaqdır. Ən xoş xatirələrim ordadır".

O, Prezidentin çıxışını böyük həyəcanla gözlədiyini vurğulayıb: "Prezident çıxış edən kimi qurban demişəm onu kəsib paylayacağam. Burada quzu kəsəcəyəm, Laçına da danamı aparıb kəsəcəm. Bütün cammatdan narahatam hamısını orda birlikdə görmək arzusundayam. 143 nömrəli ev mənim idi. Xəritədən evimə baxmağa cəsarət edə bilmirdim. Bir müddət öncə baxanda salamat idi. Dünən bacım baxıb, zəng vurmuşdu ki, evi yandırıblar".

Şahlar Məmmədov Laçına ayaq basanda ən birinci bacısının məzarını ziyarət edəcəyini qeyd edib. Ən böyük arzusu isə Laçında oğluna üç gün çadır toyu etməkdir.

Laçın şəhər sakini Filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva isə Laçın gözəlliyinə qovuşacağı günü səbirsizliklə gözləyir: "Laçının Hacılar kəndində Oğrubulaq adında bulaq var idi. Suyun dadı damağımda qalıb. Dünyanın heç biri yerində olmayan gözəllik Laçında var. Ağacların kəsildiyini mənə deyəndə özümü pis hiss etsəm də "torpaq ki ordadır" cavabını verdim. Torpaq bizi həsrətlə gözləyir. O torpağa o sakinlər gedəcək".

Sevinc Əliyeva Laçın torpağına ayaq basan kimi torpağı əlinə alacağını, öpəcəyini, diz çökəcəyini də söyləyib: "Biz Laçının geri qaytarmaqla Qarabağı bütünləşdirdik".

Nərmin Məcidli

Mənbə: xezerxeber.az