Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq

Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq

Cətən müharibəsində əsgərlər vətən üçün canlarını verməyə hazır oldular, həkimlər isə o igidlərin canları qorumaq üçün ayağa qalxdılar.Hər yaralı əsgər üçün gecə-gündüz əməliyyat otaqlarında savaş getdi.

Bizimyol.info-nun müsahibi travmotoloq ortoped, tibb elmləri namizədi , Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun və National Prime Hospitalın əməkdaşı İnar Seyidovdur. İnar həkim Qarabağ döyüşləri başlayan kimi həkim qardaşı ilə birlikdə cəbhəyə gedib. Yüzlərlə əsgərin həyatını xilas edib. Bu gün yenə Mərkəzi Hərbi Hospitala yaralı əsgərlərimizə xidmət edir, onların sağlamlığına qovuşması üçün səy göstərir.

- Doktor, cəbhə bölgəsində yetərli sayda travomotoloji xidməti ilk gündə təşkil etmək asan oldumu?

- Döyüşlərin ilk günləri bir qədər briqada təşkil etməkdə çətinlik yarandı.Amma çox qısa müddətdə 4 cərrah briqadası təşkil etdik, günü-gündən könüllü qoşulan həkimlərin sayı artdı, bütün avadanlıqlar təşkil olundu, tibb sahəsində olamayan müxtəlif iş adamları da bizə hər cür dəstək verdilər.İlizarov aparatları alındı, keyfiyyətli tibbi yardım təşkil etmək üçün bütün imkanlar yarandı.

- Yaralı çox idi? Məlumdur ki, dövlət hələlik bu barədə məlumat verməyib.

- Bəli.Çox idi. Bizimkilər hücuma keçəndə yaralıların sayı həddən artıq olurdu, müdafiə olunanda nisbətən azalırdı. Həkimlərimiz hətta yeməyə, yatmağa zaman tapomadan işləməli olurdular. Fizulu alınan günlərdə son əməliyyatı səhər saat 5-də başa çatdırdıq, elə dincəlmək istəyirdik ki, dedilər yüzədək əsgər gətiriblər.

- Əsgərlərim əsasən hansı yaralarla gəlirdilər?

- Başlarında kaska, bədənlərində bronjilet olduğu üçün əsasən ətraf nahiyələri yaralanırdı, yanıq yaraları, qəlpə yaraları almış yaralılar çox olurdu. Əli, qolu kəsilən, ayağı amputasiya olunan yaralılarla çox çalışırdıq ki, bərpa edə bilək.

- Cəbhə bölgəsində, atəş altında işləmək necə bir duyğu idi?

- Əsgərlərimiz o qədər mərd, igid idilər ki, onların yanında insanın yadına qorxu, təhlükə düşmür. Şuşa alınan gündən sonra 3 gün əməliyyat otağından çıxmadıq.Dincəlmədən işlədik, heç kim istirahət barədə düşünmürdü.

- Sizcə bu müharibənin əsl qəhrəmanları kimlər idi?

-Hərbiçilərimiz əsl qəhrəmanlar oldular, döyüşdülər, tibb işçilərimiz onlar üçün çalışdılar, bütün xalq da cəbhə üçün birləşdi. Biz bütövlükdə xalq olaraq Azərbaycanın yeni tarixini yazdıq.

İlhamə

Mənbə: www.bizimyol.info