Pandemiya xəstəxanasının həkimi həyəcan təbili çalır: “SMS-icazə sistemi”nə qayıtmaq lazımdır”

Pandemiya ölkədə doqquzuncu aydır, lakin buna baxmayaraq insanlar lazımi tədbirləri görməyi öyrənməyiblər.

Bunu pandemiya xəstəxanasının infeksion həkim-reanimatoloqu Polina Əliyeva Azərbaycanda koronavirusa yoluxanların sayının sürətlə artması barədə Media.Az-a münasibət bildirərkən deyib.

O, vətəndaşların səhlənkarlığının statistikaya təsir göstərdiyini vurğulayıb.

“Xəstəliyə yoluxanların sayının sürətlə artması fonunda ölənlərin də sayı artıb. Belə baxanda hamı başa düşür ki, təsirli müalicə metodu, ya peyvənd hələ yoxdur, ölkədəki epidemioloji vəziyyətə birtəhər nəzarət etməyə imkan verən yeganə tədbir isə karantindir. Ancaq təəssüf ki, insanlar elementar maska ​​taxa, sosial məsafəni qoruya bilmir, halbuki bu, həqiqətən koronavirusdan müdafiə edir”, - deyə o, əlavə edib.

Bəs belə bir vəziyyətdə karantin rejiminin sərtləşdirilməsinə ehtiyac varmı? Həkimin sözlərinə görə, bəli var və təəssüf ki, bu gün üçün yeganə tədbirdir.

“SMS-icazə sistemi”nə qayıtmaq lazımdır. Bir sözlə, sərtləşdirilmiş karantin rejimi dövründə Azərbaycanda qüvvədə olan bütün məhdudiyyətlər geri qaytarılmalıdır”.

O, hazırda səhiyyə sisteminin çox yükləndiyini vurğulayıb.

“Həkimlər həddindən artıq çox çalışırlar və bu yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində müşahidə olunur. Bir sıra ölkələrdə səhiyyə sistemi çökmək ərəfəsindədir. Həkimlər gəncləri xilas etmək məcburiyyətində qalır və yaşlılara laqeyd yanaşırlar, çünki vaxt çatdırmırlar. Belə yoluxma sürəti insanların sadəcə vaxtında lazımi yardım ala bilməyəcəkləri ücbatından ölümlə nəticələnəcək. Bu, çox kədərlidir, buna Azərbaycanda icazə vermək olmaz”.

O, hələ ki, stasionarlarda hələ yer olduğunu bildirsə də, reanimasiya şöbələrində çarpayı çatışmazlığı yaşandığını vurğulayıb.

“Mən insanlardan düşünməyi xahiş edirəm, çünki sağlamlığımız öz əlimizdədir”, - deyə reanimatoloq hər kəsə müraciət edib.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə FETÖ əməliyyatı: 82 nəfər saxlanılacaq

SONRAKI XƏBƏR

Bu gün Xalq şairi Məmməd Arazın vəfatından 16 il ötür