"Koronavirusun müalicəsində antibiotik istifadəsinin heç bir təsiri yoxdur" - PROFESSOR

“Yeni növ koronavirus (COVID-19) infeksiyasında antibiotik istifadəsinin heç bir təsiri yoxdur”.

Bu sözləri Lent.az -a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O bildirib ki, hazırda xəstəlik hər kəsdə özünü fərqli göstərir:

“Bəzən isə müalicəyə baxmayaraq xəstədə ağırlaşma, halsızlaşma arta bilir. Ümumilikdə, koronavirus infeksiyasının müalicəsi virus yükündən, bədənə nə qədər virusun daxil olmasından asılıdır”.

Professor qeyd edib ki, antibiotiklərin qəbulu yalnız bir halda mümkündür:

“Əgər koronavirusa bakterial infeksiya qoşulursa, antibiotik verilməlidir. Bunu isə qanın göstəricilərindən ancaq həkimlər müəyyənləşdirə bilər. Bir sözlə, bunu yalnız həkim müəyyən edə bilər”.

A.Qeybulla xəstəlikdən qorunmaq üsullarından da söz açıb:

“İnsanlar məsuliyyətli olmalı, bir-birlərini qorumalıdırlar. Sosial məsafə qorunmalıdır. Özlərini narahat edən şəxslər evdə oturmalı, yalnız həkim məsləhəti ilə dərmanlar qəbul etməlidir. Həkim təyinatı olmadan dərman qəbulu müalicənin düzgün aparılmaması ilə nəticələnə bilər ki, bu da xəstəliyin ağırlaşmasına səbəb olur.

Maskalardan düzgün istifadə məsələsi də problemlərdən biridir. Maska təyinatına uyğun işlədilməlidir. Bir maskanı günlərlə taxmaq düzgün deyil”.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan Ordusu adını dünya hərb tarixinə yazdı: Ordumuz hansı düşməni, necə məğlub edib? - TƏHLİL

SONRAKI XƏBƏR

“Armenpress”: Qafan hava limanı ərazisinin Azərbaycana aidiyyatı varmı?