Laçının azadlığı ilə yenidən doğulan qəhrəmanlarımız - FOTO

Bu gün şanlı Ordumuz Laçın rayonuna daxil oldu. Bununla da 28 illik həsrətə son qoyuldu. Sən artıq azadsan, Laçın! Ərazi bütövlüyümüzü təmin edən igid əsgərlərimizə, müzəffər Ordumuza eşq olsun!

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) Vətən Müharibəsində iştirak edən qəhrəmanı Laçının azadlığı ilə bərabər həm də doğum gününü qeyd edir.

Qurumdan Metbuat.az-a verilən məlumata görə, 43 yaşını qeyd edən “Bibiheybətneft” NQÇİ-nin quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi Bəxtiyar Vəliyev qəhrəman neftçilərimizdən biridir. Kim deyərdi ki, Bəxtiyar bu il doğum gününü Qarabağ torpağında, qalib ölkənin, qalib zabiti kimi qeyd edəcək?! Həqiqətən də böyük qürur, böyük xoşbəxtlikdir. 44 günlük hərbi əməliyyatlarda Fizuli, Cəbrayıl, Xocavənd, Qubadlı rayonları, Hadrut qəsəbəsi, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə iştirak edən Bəxtiyarın yolunu gözləyən qızları onu əsl qəhrəman kimi qarşılamağa hazırlaşırlar. Allah qovuşdursun.

NQÇİ-nin quyuların əsaslı və yeraltı təmiri üzrə ustası Aqşin Bağırov da zabit kimi Fizuli, Cəbrayıl, Qubadlı, Kəlbəcər rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib, düşmənə sarsıdıcı zərbələr endirib. Məhz Aqşin kimi igid, mərd oğulların sayəsinə bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib.

İdarənin lay təzyiqinin saxlanması üzrə operatoru Faiq Əliyev kollektivdə olduğu kimi, ordu sıralarında da öz nizam-intizamı, verilən tapşırıqları lazımı səviyyədə yerinə yetirməyi ilə fərqlənib. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən Faiq düşməni torpaqlarımızdan qovan igidlər sırasındadır.

 

 

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

"Qarabağ"ın legioneri: "Ermənilər Ağdamda hər yeri dağıdıblar"

SONRAKI XƏBƏR

Qarabağda Türkiyə-Rusiya Ortaq Mərkəzinin fəaliyyətinə dair müzakirələr tamamlandı - RƏSMİ