"Bunun üçün tək xalqla bir yerdə olmaq yox, xalqı üçün döyünən, “yanan ürək” lazımdır"

"Bunun üçün tək xalqla bir yerdə olmaq yox, xalqı üçün döyünən, “yanan ürək” lazımdır"

KORONAVİRUSLA MÜBARİZƏNİN STRATEGİYA VƏ TAKTİKASI

Son günlər COVİD19-un artım sürətilə bağlı vəziyyət kritikləşdiyinə görə, əksər ölkələrdə olduğu kimi Bizim ölkəmizdə də karantin tədbirləri daha da sərtləşdirilmişdir. Bunun zərurətdən olduğunu söyləsələr də, unutmaq olmaz ki, tarixin yaddaşına əbədi həkk olunan 60-dan artıq epidemiya və pandemiyaların virus təbiətli olanlarından heç birinin qarşısı, sərt karantin tədbirlərilə alınmayıb və alına da bilməzdi. Hərqah viral infeksiyaların müəyyən zaman müddətində lokallaşdırılması zərurəti yaranarsa, yalnız bu halda (infeksiyanın latent dövrü müddətindən artıq olmamaq şərtilə), özü də, xüsusilə sərt (tam qapanma)- hərbi karantin tədbirləri, qısa müddətli səmərə verə bilər. Uzunmüddətli karantin tədbirlərinin insan orqanizminə vurduğu zərəri nəzərə almasaq belə, tək iqtisadi yönumü, bütün hallarda onun gözlənilən səmərəsini üstələyir. Çünki insan sağlamlığının təməl əsası da, ilk növbədə mənsub olduğu ölkənin iqtisadi qüdrətindən birbaşa asılıdır. Odur ki, xalqımızın sağlamlığı ilə yanaşı, Biz, nəyin bahasına olursa olsun, iqtisadiyyatımızın da çökməsinə imkan verə bilmərik və verməməliyik.

Düzü COVİD19 haqqında dünyada əsil Reallıq necədir? Bu mənə də qaranlıqdır, lakin aşağıdakı punktlar üzrə yazdıqlarım bu infeksiya iıə mübarizədə mütləq reallıqdır:

1. Kütləvi şəkildə PZR və seroloğı testlər aparılmalıdır; bu testlər bütün ölkə ərazisini, xüsusən risk qrupundan olan bütün insanları əhatə etməlidir; testlərin aparılmasına bütün dövlət və özəl tibb müəssisələri cəlb olunmalıdır; bu testlər mütləq şəkildə məcbiri, təmənnasız və ödənişsiz olmalıdır; bütün hallarda ödənişin təminatçısı dövlət olmalıdır; bunun böyük maddi vəsait tələb etdiyini söyləyənlər, alınacaq məlum sayda testlərin qiymətilə, karantin tədbirlərinin ölkə iqtisadiyyatına son 9 ayda vurduğu zərərin arasındakı qiymət fərqini hesablasın (bax.: 14.08. və 16.10. tarixli paylaşımlar).

2. Bütün mövcud Qapalı və Açıq apteklər şəbəkəsi məlum dərman maddələri, xüsusən, potensial aktiv antiviral preparatlar ilə təmin olunmalı və daxili təminat bütünlüklə dövlət nəzarətinə götürülməlidir; xüsusi həkim resepti əsasında istər xəstəxana, istərsə də ev şəraitində müalicə alan hər bir xəstə bu dərman preparatları ilə fasiləsiz, heç bir ödəniş etmədən və qeyri-şərtsiz olaraq təmin olunmalıdır; istər test sınaqlarının aparılması, istər dərman təchizatı, istərsə də fasiləsiz dərman təminatında şəffaflığın təmin olunmasına nəzarət, birbaşa DTX-ya həvala olunmalıdır; bu halda bir kimsə nə test (axı testlər dövlət hesabına alınır, özəl müəssisələrdə bu testlər nəyə görə pullu olmalıdır; bax bunu, ümumiyyətlə başa düşə bilmirəm), nə də dərman təchizatı və təminatına qazanc yeri kimi baxa bilməyəcək və maddi sıxıntı icərisində olan xalqın son çörək pulunu da əlindən almağa cəsarət etməyəcəkdir. Əks halda cəzalandırma müharibə dövrü qanunlarına uyğun olmalıdır

(COVİD19 III dünya müharibəsidir).

3. Ölkə iqtisadiyyatının davamlılığının təmin olunması, təhsil, yaşam ritmi və normal həyatın bərpası naminə yuxarıda söylədiklərim, eləcə də aşağıdakı punktlar üzrə şərtlər daxilində, sərt karantin tədbirləri davamlı olaraq aradan qaldırılmalıdır. Karantin tədbirlərinin aradan qaldırılacağı təqdirdə şəxsi gigiena qaydaları, ünsiyyət formaları, qapalı məkanlarda maskadan istifadə kimi şərtlərə əməl olunması, ciddi nəzarətə götürülməlidir. Bu tələbləri pozanların ən ağır şəkildə cəzalandırılacağı, gün ərzində dövrü olaraq bir neçə dəfə bütün informasiya vasitələrində (televizor, radio və s.) səsləndirilməlidir. Lazım gələrsə Milli Məclis buna hüquqi əsas verə qanun qəbul etməlidir (bax.: 29.07. tarixli paylaşım).

4. Mən son onilliklərdə insanlar arasında yaranan bəzi “abnormal” yaşam tərzini görür və belə bir infeksiyanın olacağını təqribən 3-4 il əvvəldən hiss edirdim və bu haqda yaxın ətrafımı və ünsiyyətdə olduğum həmkarlarımı məlumatlandırırdım. Düşünürəm ki, məlum səbəblərdən bu infeksiya təbiətin özünütənzim mexanizmlərindən biridir. Odur ki, ondan qorunmanın əsas yolu da təbiətin “əksiliklərin vəhdəti və qorunması” qanuna istinaddır. Yəni çox sadədir. Bunun üçün şəxsi gigiena qaydalarına əməl etmək, cəmiyyətdə zaman-zaman yaranmış olan bəzi qeyri-normal ünsiyyət formalarına birdəfəlik son qoyulmalıdır (məs. bəzi qeyri-ənənəvi adətlər və s.)

5. Diqqət edin, bu gün əksər insanlar həkimə müraciət etmədən ev şəraitində C və D kimi vitaminləri mütəmadi olaraq qəbul edir, özlərinə müxtəlif sistemlər vurdurur, bir balaca hərarət hiss edən və ya ağrıyan kimi azitromisindən tutmuş deksametazona qədər əllərinə nə keçdi özlərinə vurdururlar (bax.: 03.07 tarixli paylaşım); bu insanın öz bədəninə qarşı etdiyi ən böyük cinayətdir. Yaxşı, tutaq ki, onlar bununla sağaldılar. Bəs bu ağır müalicənin gələcəkdə böyrək, qara ciyər, endokrin və sinir sistemində törədə biləcəyi geridönməz fəsadlardan necə sığortalanacaqlar? Belələrini qınamaq da olmur, psixi sarsıntı insanı hər şeyə vadar edir. Bunun qarşısının alınması və insanların nəzarətsiz dərman qəbulundan qurtarmağın yeganə yolu, sadəcə olaraq, Səhiyyə sisteminin ciddi şəkildə səfərbər olunması və mütəxəssislər tərəfindən insanların düzgün maarifləndirilməsidir. Bunun hələ Sovet dönəmindən qalma çox sadə bir yolu var. Məsələn, keçən əsrin 60-70-ci illərində müvafiq sahələr üzrə alimlər səfərbər olunur və qruplar halında bölgələrə ezam olunurdular. Onlar günlər, həftələrlə şəhərlər, rayonlar, qəsəbələr və kəndləri yerlərdə olan və onlara təhkim olunan məsul şəxslərlə birgə gəzərək, maarifləndirici tədbirlər keçirir, insanlarla canlı ünsiyyət qururdular. Məgər indi bu təbliğat metodundan istifadə etmək olmazmı? Əlbəttə ki, olar. Sadəcə bunun üçün tək xalqla bir yerdə olmaq yox, xalqı üçün döyünən, “yanan ürək” lazımdır.

6. Son olaraq insanlarımıza müraciət edirəm: psixi sarsıntı, stress, qərginlik, həyəcan keçirməyin, zərurət olmadıqda heç bir dərman maddəsi, xüsusən antibiotik, vitamin, hormon preparatıarı, eləcə də antiviral dərmanları qəti şəkildə qəbul etməyin. Keçən il bu aylarda neçə dəfə yüngül soyuqlama keçirməyinizi, qrip olduğunuzu, burnunuzun axdığını, bədəniniz ağrıdığını (bu sözlərim xüsusən siqaret çəkənlərə aiddir) yadınıza salın və sakitləşin. Düzdür, COVİD19 ağır infeksiyadır, lakin, hər boğaz ağrısı, əzələ ağrısı, temperaturun yüksəlməsi, iybilmə və dadbilmənim itməsi, inanın və ətrafınızdakıları da inandırın ki, Koronavirus deyildir (bax.: 10.07. tarixlı paylaşım). Bir də ki, bu infeksiya bizim xalqımız üçün faciə deyildir və faciə ola da bılməz.

Unutmayın ki, “hər bir qaranlıq gecənim sonu işıqlı və nurlu səhərdir”.

Musa Qəniyev, Tibb Universitetinin professoru

 

 

Mənbə: moderator.az