Şotlandiyada yaşayış evlərində təbii qaz əvəzinə hidrogendən istifadə olunacaq

Şotlandiyanın Fayf dairəsində 300 yaşayış evində istilik və yemək hazırlanması üçün təbii qaz əvəzinə ekoloji təmiz hidrogendən istifadə ediləcək. Bu, dünyada ilk belə eksperimentdir. Hakimiyyət tərəfindən təsdiqlənən eksperimentin təşəbbüskarı qismində Şotlandiyanın "SGN" qaz şirkəti çıxış edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məqsədi təbii qazdan mümkün imtinanın öyrənilməsi olan layihə çərçivəsində evlərdə hidrogen buxar qazanları və mətbəx pilətələri quraşdırılacaq. Eksperimentin 4 ildən çox davam edəcəyi gözlənilir - evlər 2022-ci ilin sonunadək pulsuz hidrogenə keçiriləcək və birinci mərhələ uğurlu olacağı təqdirdə eksperimentə daha 1000 ev qoşulacaq.

Bu miqyaslı eksperiment vasitəsilə Böyük Britaniya hakimiyyəti elektroliz yolu ilə sudan əldə edilən hidrogendən istifadə edərək karbon emissiyasının nə dərəcədə azaldılmasının mümkünlüyünü müəyyənləşdirmək niyyətindədir (bunun üçün elektrik enerjisi külək elektrostansiyaları tərəfindən istehsal olunacaq). Layihənin maliyyələşdirilməsi üçün 24 milyon dollar ayrılıb, daha 17 milyon dolların isə qaz borularının hidrogenin böyük məsafələrə nəqli üçün yararlılığının yoxlanılması məqsədilə sərf ediləcəyi nəzərdə tutulur.

Ekoloji təmiz hidrogen Britaniya hökumətinin ənənəvi yanacaq mənbələrindən imtinası üzrə planının əsas elementlərindəndir. Belə ki, hidrogen təbii qazı tamamilə əvəz edəcək, ondan istifadə zamanı atmosferə karbon qazı və digər birləşmələr atılmayacaq. Hazırda Böyük Britaniyada bütün istixana qazı tullantılarının təxminən üçdəbiri ölkədə evlərin 85 faizinin təchiz edildiyi təbii qazla işləyən isitmə sistemlərinin payına düşür.

Xatırladaq ki, Böyük Britaniya digər sahələrdə də tullantıları azaltmaq niyyətindədir. Belə ki, bu yaxınlarda hökumət 2030-cu ildən - planlaşdırılandan 5 il tez ölkədə benzin və dizellə işləyən avtomobillərin satışının qadağan edilməsi ilə bağlı qərar qəbul edib.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

İspaniyada işsizlik sürətlə artır

SONRAKI XƏBƏR

Paşinyanın əvəzinə namizəd