Dünyada və Azərbaycanda koronavirus pandemiyasına görə universitetlərdə və məktəblərdə dərslər distant formada keçirilir. Bu gün ali təhsil müssisələrində yanvar ayından başlayaraq ənənəvi dərslərin bərpa ediləcəyi ilə bağlı iddialar var. Yanvar ayında universitetlərdə ənənəvi təhsil bərpa edilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, bu barədə dəqiq fikir söyləmək çətindir:
"Bilirsiniz ki, son günlərin yoluxma statistikası ürəkaçan deyil. Virusa yoluxanların sayı 4000-dən çoxdur. Universitetlərdə dərslərin ənənəvi qaydada keçirilməsi bilavasitə insanlarımızın bu məsələdə nə dərəcədə məsuliyyətləri olacaqlarından və yoluxanların artma-azalma tempindən asılı olacaq. Buna görə də dərslərin nə zamandan ənənəvi qaydada keçiriləcəyi ilə bağlı konkret fikir səsləndirmək mümkün deyil. Təhsil Nazirliyi distant təhsilin müddətini uzatdı. Əvvəl fikirlər var idi ki, yanvar ayından ənənəvi qaydada dərslərin keçirilmə məsələsinə baxıla bilər. Amma bu gün ümumi prosesin təhlili onu göstərir ki, yoluxma həddi bu dərəcədə yüksək olduğu bir zamanda konkret fikir səsləndirmək mümkiünsüzdür. Çünki xəstələnənlərin sayı həddindən çoxdur. Bu gün əsas məsələ yoluxma sayının artmaması üçün özümüzü və yaxınlarımızı qorumaqdır. Yoluxanların sayında azalma olarsa, biz ali məktəblərdə dərslərin ənənəvi qaydada keçirilməsi məsələsinə baxa bilərik. Amma hələ ki, dərslərin distant formada keçirilməsi məqsədəuyğun hesab olunur".
Aysel Yusifqızı
Mənbə: sonxeber.az