Nuran Abdullayev: “Azərbaycanda koronovirusla bağlı faciəvi hal yaşana bilər” - MÜSAHİBƏ

Nuran Abdullayev: “Azərbaycanda koronovirusla bağlı faciəvi hal yaşana bilər” - MÜSAHİBƏ

Hazırda koronavirusun (COVID-19) sürətlə yayılması, yoluxan və vəfat edən şəxslərin sayında kəskin artım bütün dünya üçün ən ciddi problemdir. Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün hökumətlər sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalırlar.

Bu, iqtisadi duruma, əhalinin maddi vəziyyətinə mənfi təsir göstərsə də, insanların həyatının və təhlükəsizliyinin qorunması üçün sərtləşdirilmə istiqamətində addımlar atılır.

Təcrübə göstərir ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da insanlar vəziyyətin ciddiliyini, həyatları üçün potensial təhlükəni yaz və yay aylarında olduğu qədər məsuliyyətlə dərk etmir, bir çox hallarda ehtiyatsız davranır, mövcud qaydaları pozurlar, tövsiyələri qulaqardına vururlar.

Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə nəticələnən tarixi qələbə bir çox vətəndaşlar tərəfindən kütləvi şəkildə qeyd edilir, insanlarda yaranmış ruh yüksəkliyi COVID-19 pandemiyası təhlükəsini ikinci plana keçirir.

Vətən Müharibəsində şəhid olan insanların yas mərasimlərində kütləvi iştirak, torpaqların işğaldan azad olunmasının kütləvi qeyd edilməsi, bu məqsədlə yürüşlərin keçirilməsi COVID-19-un yayılması ilə bağlı vəziyyəti gərginləşdirdi.

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev koronavirusla bağlı son vəziyyət haqqında Oxu.Az-ın suallarını cavablandırıb.

- Azərbaycanda koronavirusa yoluxma hər gün artmaqda davam edir. Ciddi tədbirlər görülməsinə baxmayaraq, xəstəlik daha sərt şəkildə yayılır. Bunun səbəbi nə ilə bağlıdır?

- Hazırda dünyada olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Təbii ki, dünyanı ağuşuna alan bu virusun artmasının bir çox səbəbləri var. İlk olaraq onu deyə bilərəm ki, viruslar klasterlərdə, yəni insanların toplum şəklində olduğu yerlərdə yayılır, yəni yayılmanın başladığı yer oradır.

Bu topluluqlar nə qədər çox olarsa, yayılma da bir o qədər çox olacaq. Son günlər insanların belə klasterlərdə daha çox iştirakı müşahidə olundu və bunlar da birbaşa virusun artmasına səbəb olur. Digər səbəb isə açıq havada maska taxılmasına və ya sosial məsafənin saxlanılmasına laqeyd yanaşılmasıdır.

Bunlara ciddi şəkildə əməl olunmalıdır, əks təqdirdə, belə davam edərsə, karantin şərtlərinin xəstəxanalarımızdakı vəziyyətlərin daha da pisləşməməsi üçün bundan da artıq sərtləşdirilməsi qaçılmazdır.

- Koronavirusla bağlı Azərbaycanda mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

- Azərbaycanda koronavirusa yoluxma hallarında ciddi artım bizi də çox narahat edir. Təbii ki, dövlət tərəfindən virusun yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Hətta onu deyə bilərəm ki, bu mərhələdə məktəblərlə bağlı verilən qərarda Azərbaycan bir çox Avropa ölkələrindən də öndədir.

Bununla yanaşı, yeni səhiyyə ocaqlarının, modul tipli xəstəxanaların inşası bu sahəyə ayrılan diqqətin göstəricisidir. Amma hər kəs bilməlidir ki, qoyulan qaydalara riayət olunmasa, virus artmaqda davam edəcək. Belə olduğu halda, gündəlik yoluxma və ölüm hallarında sayın artımı xəstəxanaların yüklənməsinə səbəb olacaq və xəstəxanalarda çarpayı çatışmazlığı, həkim azlığı yaranarsa, əsl faciə buradan başlayacaq.

- Fəsillə əlaqəli havalar daha da soyumağa başlayır və insanlarda mövsümü qrip hallarına da rast gəlinir. Əhali koronavirusla digər respirator virus infeksiyalarını necə ayırd etməlidir?

- COVID-19 virusunun öz fərqli əlamətləri mövcuddur. Təbii ki, bu virus özünü hər kəsdə müxtəlif formada göstərə bilər. Adi qriplə COVID-19-un oxşar simptomları var. Elmi tədqiqatlara görə, adi qriplə koronavirusu fərqləndirən əsas iki amil mövcuddur. Bu fərqlilik ondan ibarətdir ki, viruslu xəstələrdə dad bilmək və qoxunu hiss etmək anidən kəskin şəkildə itir.

Amma bu, o demək deyil ki, bütün koronavirus xəstələrində bu iki əlamət mütləq özünü göstərməlidir. Ola bilər ki, xəstəliyi simptomsuz keçirən şəxsdə virusun heç bir əlaməti müşahidə olunmasın. Onu da əlavə edim ki, adi qripdə olan burunaxması COVID-19 üçün spesifik deyil.

- Bəzən xəstəliyi evdə müalicə etməyə çalışırlar. Bu, hansı təhlükədən xəbər verir?

- Ağırlaşmış vəziyyətdə olan xəstənin evdə müalicəsi yolverilməzdir. Çünki bu, digər fəsadlara yol aça bilər. Eyni zamanda, ağırlaşmış xəstənin digər tibbi ləvazimatlarla təmin edilməsi lazım gəlir.

Belə olduğu halda, zəruri tibbi avadanlıqlar evdə deyil, səhiyyə ocaqlarında təchiz edilir. Ona görə də mütləq həkim nəzarəti olmalıdır. Amma xəstəliyi yüngül keçirənlər evdə müalicə oluna bilir və bu, Avropada da belədir.

- Almaniyada COVID-19-un müalicəsinin tapılmasına dair məlumatlar yayılır. Bu, həqiqəti əks etdirir?

- Xeyr. Sadəcə, peyvəndin tətbiqi ilə bağlı müəyyən tədbirlərə başlayıblar. Sosial şəbəkələrdə yayılan məlumat - birdəfəlik müalicəsinin tapılmasına dair fikirlər yanlışdır.

İlhamə Əbülfət

Mənbə: www.oxu.az