Onlar tarix yazdılar...

Onlar tarix yazdılar...

Olaylar.az Azərbaycanın Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızı təqdim edir...

Oğluna velosiped almağı şəxsi heyətdən xahiş edən Şəhid Ülvi Hüseynovun hekayəsi...

Ülvi çox cəsur və igid bir zabit olub. 1988-ci ildə, Ordubad rayonunun Sabir kəndində anadan olub. 8 - ci sinifdən əvvəl Naxçıvandakı hərbi məktəbə, oradan isə Ali Hərbi Məktəbdə təhsilini davam etdirməkçün Bakıya gəlib. Ali Hərbi Məktəbi bitirdikdən sonra da zabit kimi ordu sıralarında xidmətə davam edib. Ülvinin döyüşlərdə göstərdiyi şücaəti və qəhramanlığı inşallah yaxın vaxtlarda, hər şey açıqlananda bütün xalq tərəfindən bilinəcək və ən yüksək səviyyədə qiymətləndiriləcək. Hələlik isə, əsgərləri və döyüş yoldaşlarının dilindən hissə-hissə eşidirik bu qəhrəmanlıqları. Son döyüşlərə qədər batalyonun qərargah rəisi, ən sonda isə batalyon komandiri vəzifəsində Vətənə xidmət göstərib. Qaynatası Ələsgər müəllim Ordubadın tanınmış ziyalı və dəyərli insanlarından biridir. Ordubad rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışıb. "Ülvinin Oğlu 3 yaş yarımlıqdır. Daim evdən, uşaqlarından aralı yaşadığı üçün nə lazım olubsa biz etmişik. Yəni Ülvinin bunlara sadəcə vaxtı-zamanı olmayıb. Uşağın 3 yaşı bitəndə velosiped almaq istədim. Xəbərdar olub xahiş etdi ki, "Əmi, bu mənim arzumdur, inşallah özüm aparıb alacağam" Mən də dedim, necə istəyirsən elə olsun. Sonra da elə bu pandemiya filan düşdü, onsuz da Ülvi evə çox az gəlirdi, belə olduğuna görə, gələndə də uşaqla harasa çıxmaq, nəsə almaq mümkün deyildi..."

Ələsgər müəllim əslində ah çəkib, nəfəs dərirmiş kimi sussa da, gözlərindəki kədərdən, boğazına yığılan qəhərdən xilas üçün dayandığı bəllidi. Əlini atıb telefonu göstərir: "38 zəng gəlib mənə dünənnən... Bir ucu İsraildən-Rusiyaya, Bakıdan-Ordubada... Anlayıram, təşəkkür edirəm düşündükləri üçün, amma hər kəsə bir-bir anlatmaq da olmur axı... Həm o hayda deyiləm, həm də sanki bir az düz çıxmır. Azərbaycan hərbçisinin şükür, yaxşı maaşı var, gün- güzəranı var. Mənim özüm də çox şükür, nəinki öz nəvəmə, hətta ehtiyacı olan başqa yaxınlara da kömək edəcək gücdəyəm. Məsələ maddiyat məsələsi deyil axı... Ülvi o sözü başqa cür deyib..."

Yenə gözləri dolur. Deyir, "Ülvi mənim qucağımda böyüyüb, öz balam kimi xətrin istəmişəm, indi də elə öz balam kimi yanıram..." " Döyüşlərin o anı imiş ki, şəhadət zirvəsi hər kəsin arzusuymuş! Bir tərəfdən Vətən uğrunda can verib o zirvəyə yüksəlmək arzusu, digər tərəfdə isə öz övladının arzusuna əməl etmək, öz atalıq arzusuna çatmaq diləyi Ülvini çıxılmaz duruma salırmış sanki. Hər iki arzuya birgə yetməkçün Şəhid Kapitan bu yolu seçir. Günlərin birində, öz döyüş yoldaşına deyir ki: "Mən şəhid olduqda, şəxsi heyətdən hərəyə 5 manat olmaqla yığ, mənim oğlumun velosipedin al!!!" Beləcə hər iki arzusuna çatacaqdı Ülvi! Oğlunun velosipedini onun uğrunda canını belə verməyə hazır olan əsgərləri, yəni elə özü alacaqdı." Elə bundan sonrakı döyüşlərin birində, müqəddəs Şuşa uğrunda gedən döyüşlərdə şəhid olur Ülvi. Şəxsi heyətdən öndə, tək qabaqda gedib, təhlükə sovuşduqdan sonra əsgərlərini çağırarmış hər dəfə. Bu dəfə də belə olur, təpənin birində düşmən tam təmizlənir, əsgərlər təpəyə yerləşdikdən sonra Ülvi digər təpəyə tərəf gedir. Yenə də tək! Və arzuladığı yüksəkliyə qovuşur! Ülvinin anası, " Vətən sağ olsun, balalarım! Çox şükür ki, Ülvimin də, qalan bütün şəhidlərin də qanı yerdə qalmadı! Şükür ki, torpaqlarımız azad oldu! Qələbə əldə etdik!"-deyir.

Biz sizlərə borcluyuq, Mansur

Beyləqan rayonu, 2- ci Şahsevən kənd sakini Mansur Teymurov. O ikinci Qarabağ savaşında iştirak edib. İdarə etdiyi hərbi tibbi yardım maşını ilə dəfələrlə ən ağır nöqtələrdən yaralı əsgər və zabitləri çıxararaq hospitala çatdırır. Hətta bir neçə dəfə onlar getdikləri yerdən döyüşə-döyüşə çıxıb. Həmin döyüşlərdən biri 18 oktyabr Xocavənd rayonu ərazisində baş verir. Mansur Elnur oğlu Teymurov sinəsindən aldığı güllə yarasından həlak olur.

Atası Mansur haqqında bunları deyir:
"Oğlum ordu sıralarında xidmətə başlayanda onun şəhid olacağını gözdən keçirmişdim. "Vətən sağ olsun!" deməyə tam hazırlaşmışdım. Yenə deyirəm Vətən sağ olsun. Ancaq məni üzüb incidən başqa məqamlar var. Oğlum şəhid olandan ta bu günə qədər bu kənddin rəsmiləri heç də öhdəsinə düşəni etmir. Mən yenə deyirəm mənə maddi yox, mənəvi dəstək lazımdır. Bir dəfə də olsa kəndin bələdiyyə sədri İbrahimov Elburus qapımızı döyməyib. Kənd meydanında oğlumun heç olmasa bir şəklini yerləşdirməyiblər. Məgər bu qədərmi çətindir şəhidi təbliğ eləmək?!... Şəhidlərimizə layiq olduğu dəyər verilməlidir. Biz onlara borcluyuq. Onlar bizə əmanətdi! Bu millətin yüzlərlə əmanətinə sahib çıxmaq boynumuzun borcudur belə demirəm, demək istəmirəm! VƏZİFƏMİZDİR!

Yüksəl! Bu ad sənə necə yaraşdı...

Yüksəl İlqar oğlu Əlizadə. Prokuror oğlu idi və bu gənc 23 yaşında prokurorluqda müstəntiq vəzifəsində işləyirdi. Savadlı bir hüquqşünas idi. Önündə gözəl bir gələcək var idi. Ancaq buna baxmayaraq, Yüksəl müharibə başlayan kimi ailəsinə belə xəbər etmədən vəzifəsini, işini, kariyerasını ataraq könüllü olaraq cəbhəyə, döyüşə getdi.

Müharibənin bitməsinə bir gün qalmış 8 noyabrda Xocavənd uğrunda gedən döyüşlərdə kəşfiyyatçı olan əsgərimiz 12 nəfərlik kəşfiyyatçı əsgər yoldaşları ilə (Mübariz kimi) düşmənin içinə sızaraq, düşmən postunu ələ keçiriblər, daha sonra düşmənin mühasirəsinə düşüblər. Düşmənə təslim olmayaraq son gülləsi bitənə qədər düşmənlə savaşmış və təslim olmayaraq şəhid olmağı seçmişdilər. Şəhidin bədənində 19 güllə var idi. Yaralı olduğu halda yenə də son damla qanına qədər döyüşüb Yüksəl. Hansı şücaətlə döyüşdüyünü təsəvvür etmək mümkündür. Bu gün bizə qələbə sevincini yaşadan Yüksəl kimi igidlərdir. Sən nəinki Qazaxın, Gəncənin, sən bütün Azərbaycanın fəxrisən!

Canavar döyüşçü

Elnur xüsusi təyinatlı leytenant komandir idi. Xocavənd uğurunda gedən döyüşlərdə şəhid oldu. Dostları deyir ki, canavar kimi döyüşürdü. 185 ermənini məhv etmişdi...

Üç bacının bir qardaşı idi Elnur... Məkanın cənnət olsun, Vətən oğlu

 

Qəhrəman döyüşçü...

Quliyev Şəhriyar Nəsib Oğlu. 25.05.1990-cı ildə Ağdam rayonunda anadan olub. Cəbrayıl, Suqovuşan, Füzuli, Hadrut rayonlarında qəhrəmancasına döyüşüb. 150-dən çox erməni - biri polkovnik olmaqla, məhv edib.

Qubadlıda gedən savaşda 2 nəfər yaralı döyüş yoldaşını çıxarıb, yenidən döyüşə qayıdıb və qəhrəmancasına şəhid olub. Camal və Ramal adlı 2 oğlu yadigar qalıb. Ruhun şad olsun, Şəhidim!

"Kobra" ləqəbli polkovik-leytenant...

"Kobra" ləqəbli, ehtiyatda olan, könüllü olaraq döyüşə qatılan polkovik-leytenant Xeyrulla İbrahimov. İgid qəhrəmanımız Şuşa uğrunda döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb. Ermənilərin başına pul qoyduğu oğlumuz döyüşə gedəndə, anası deyib ki, "Əvvəl olsa, getmə deməzdim. Axı, bu uşaqları kimə əmanət edib gedirsən? 4 ay əvvəl anaları da dünyadan köçüb axı...". Qəhrəmanımız isə "Övladlarımı sənə tapşırıb gedirəm" - deyə cavab verib.

Cənab polkovnikin anası deyir ki, "Mən oğlumu inad edib saxlamadım. Çünki, mən qorusam, başqası övladını qorusa, bəs onda Vətəni kim qoruyacaq?"... Vətən sağ olsu!

Şuşaya könüllü gedən Həsən...

Gəncədə dünyaya gələn Abdullayev Həsən müharibənin ilk gunlərində Murov yüksəkliyi uğrunda döyüşdə iştirak edib. Sonra Laçın uğrunda gedən döyüslərdə yoldaşları şəhid olub... tək sağ qalan Həsən idi. Yoldaşlarının meyidlərin altına girərək gizlənib...

4 gün sonra Xüsusi Təyinatlılar həmin yerə gələndə Həsənin sağ olduğunu görüblər. Həsən onlara könüllü qoşularaq Daşaltıda (Şuşa) qəhrəmancasına şəhid olub. Allah rəhmət eləsin, Şəhidim!

Olaylar İnformasiya Agentliyi Vətən müharibəsində torpqaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanlarımıza allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına səbr arzulayır...

Allah rəhmət eləsin!

Mənbə: olaylar.az