Biri Şanlı aprel, digəri isə İkinci Qarabağ Savaşında şəhid oldu- İki şəhid qardaşın həyat hekayəsi...

Biri Şanlı aprel, digəri isə İkinci Qarabağ Savaşında şəhid oldu- İki şəhid qardaşın həyat hekayəsi...

2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan MAXE Nurlan Əsgərli həmin döyüşdə böyük qardaşı İntiqamla birlikdə iştirak edirdi. Anası Ziba xanım deyir ki, Nurlan şəhid olandan sonra İntiqam özündən çıxaraq qışqıra-qışqıra düşmənə doğru irəliləməyə başlayıb. Lakin döyüşçü yoldaşları onu tutaraq geri qaytarıblar. Lələ təpə uğrunda gedən döyüşlərdə Nurlan qəhrəmancasına şəhid olub. Elə onu döyüş meydanından öz qardaşı çıxarıb.

Aprelin 5-də Nurlanın tabutunu doğulduğu Masallı rayon Kalinovka kəndində gətirirlər. Şəhidimiz böyük izdihamla dəfn edilir. Axşam saatlarında isə İntiqam evə gəlib çıxır. Daha sonra isə İntiqam döyüşə qayıdır.

İki il sonra ailə həyatı quran İntiqam hərbi xidmətinə davam edib. Tale elə gətirib ki, o, İkinci Qarabağ Savaşına qatılıb. Şuşa uğrunda gedən döyüşlərdə isə komandanlıq onun iştirak etməsini istəməyib. Bildirilib ki, qardaşın şəhid oldu, sən təksən, bu döyüşə girmə. Lakin İntiqam razılaşmayıb və döyüşə atılıb. Beləliklə, o, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ziba ana dörd il sonra ikinci oğlunun da şəhid xəbərini alıb. İntiqam da Nurlanın yanında böyük izdihamla dəfn edilib.

Bu gün Nurlanın doğum günüdür, o, 1995-ci il dekabrın 3-də anadan olub, 25 yaşı tamam olur. İntiqamın isə cümə axşamıdır. Şəhidimizin valideynləri yaraları təzə olduğu üçün hələ danışa bilmədiklərini bildirdilər. Biz bir müddət sonra iki qəhrəman şəhid qardaşları haqda geniş yazımızı sizə təqdim edəcəyik.

Vasif Əlihüseyn

Mənbə: moderator.az