Texnologiyaların oğurlanmasında ittiham olunan 1 000-dən çox çinli alim ABŞ-ı tərk edib

Rəsmi Vaşinqton Çin Xalq Respublikasını Amerika texnologiyalarının oğurlanmasında ittiham etdikdən sonra 1 000-dən çox çinli alim ABŞ-ı tərk edib.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın ədliyyə nazirinin köməkçisi Con Demers Aspen İnstitutunun təşkil etdiyi tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyi sənaye və texnoloji casusluq ittihamı ilə bir sıra cinayət işi açanda tədqiqatçılar ölkəni tərk etdi.

Ədliyyə Nazirliyinin vəzifəli şəxslərindən biri agentliyə izah edib ki, ABŞ Demersin dediyi alimləri Çin Xalq Qurtuluş Ordusu ilə əlaqədə olduqlarından şübhələnir. O həmçinin bildirilib ki, söhbət vizaları ləğv edilmiş Çin vətəndaşlarından getmir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp mayın 29-da Çindən bir sıra magistr tələbə və alimin ölkəyə girişini məhdudlaşdıran proklamasiyaya imza atıb. Vaşinqton hesab edir ki, onlar Amerikanın milli maraqlarına təhlükə yarada bilər. ABŞ hakimiyyətinin rəsmilərinin fikrincə, söhbət texnologiya və əqli mülkiyyəti oğurlamaq üçün gələ biləcək Çin Xalq Qurtuluş Ordusu ilə əlaqəli insanlardan gedir. Öz növbəsində, Çin Xalq Respublikasının Təhsil Nazirliyi ABŞ-ın bu məhdudiyyətlərinə etiraz edib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

QAT-ı buraxmaq da olar, adını dəyişmək də... - Akif Nağı danışır

SONRAKI XƏBƏR

Ermənistan əsirləri heç bir şərt irəli sürmədən qaytaracağını açıqladı