"Səid Rəşidzadə erməni bayrağını aşağı salmaq istəyəndə snayper onu vurdu" - Hadrut fatehinin şəhadət yolu

"Səid Rəşidzadə erməni bayrağını aşağı salmaq istəyəndə snayper onu vurdu" - Hadrut fatehinin şəhadət yolu

NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəman II Qarabağ müharibəsinin şəhidi baş leytenant Səid Rəşidzadənin necə vətən yolunda, bayrağ uğrunda həyatını qurban verməsi ilə bağlı yazı paylaşıb. Döyüş xatirəsini şəhidimizlə birgə döyüş yoldaşı Leytenant Raqif Xanışov danışıb. Yeniavaz.com həmin yazını təqdim edir.
"Leytenant Raqif Xanışov danışır: "Biz Beyləqandan çıxanda baş leytenant Səid Rəşidzadə bir bayraq götürdü, dedi ki, bu bayrağı aldığımız ilk yüksəkliyə, ilk kəndə sancacağam. Elə oldu ki, biz Hadrutdakı bir strateji yüksəklik uğrunda döyüşə girdik. Həmin yüksəkliyi almalı idik. Hardasa yarım kilometr irəlilədikdən sonra biz 7 nəfər - baş leytenant Səid Rəşidzadə, leytenant Elgün Kazımov, MAXE-lər - Xalid Abdullayev, İqbal Qurbanov, Yadigar Əsgərzadə, əsgər Əmrah Səfərli və mən meşədə tək qaldıq. Çox çətin vəziyyətdə idik və bizə bir əmr verilmişdi: ancaq irəli! Hücuma keçib meşə ilə irəlilədik. Düşmənlə təmas döyüşü oldu. Açığı, biz nə qədər böyük bir məsuliyyətin altına girdiyimizi bilmirdik. Biz necə strateji əhəmiyyətli yüksəkliyi aldığımızı sonradan başa düşdük. Qarşıda nə qədər düşmən var, onu da bilmirdik. Döyüşə-döyüşə xeyli irəlilədikdən sonra meşə bitdi və açıqlıq bir yerə çıxdıq. Oradan Hadruta düşən yol var idi. O yüksəkliyə çıxdıq, orada erməni bayrağı asılan bir dirək vardı. Nə edəcəyimizi bilmirdik. Döyüş sursatımız tükənmişdi. Öldürdüyümüz ermənilərin patronlarını götürmüşdük. Həmin yüksəklikdə düşmən qalmamışdı. Ermənilər qaçıb qarşıdakı dərədə gizlənmişdilər. Təxminən 60 nəfərə yaxın olardılar. Həmin dərəyə qumbara atdıq, bir xeyli erməni çıxdı, bir hissəsini vurduq, qalanları da Hadruta qaçdılar. Ordan bir xeyli silah-sursat, rabitə əlaqəsi qənimət götürdük. O vaxta qədər bizim texnikamız orda irəliləyə bilmirdi. Həmin yüksəklik alınandan sonra Hadrut azad edildi. Biz elə bildik ki, artıq bitdi, yüksəkliyi tam almışıq. Baş leytenant Səid Rəşidzadə erməni bayrağı asılan dirəyə yaxınlaşdı ki, o bayrağı salıb Azərbaycan bayrağını qaldırsın. Dirəyə yaxınlaşan kimi snayper onu vurdu. Sonra bizə kömək gəldi. Dirəyə yaxın getmək olmurdu, yaxınlaşan kimi snayper atəş açırdı. Ona görə də avtomatla vurub erməni bayrağını aşağı saldıq. Sonra erməni snayperi olan yeri atəşə tutduq, snayper qaçdı. Biz orda qaldırmaq üçün Səidin özüylə gətirdiyi Azərbaycan bayrağını götürdük, o döyüşdə şəhid olmuş beş nəfər qardaşımızın adını üstünə yazıb bayrağı yüksəklikdə dalğalandırdıq."
Ruhun şad olsun, Baş Leytenant Səid Rəşidzadə"

Mənbə: www.yeniavaz.com