"Polad Həşimov Anar haqında “sən mənim səngərdə böyüyən zabitimsən” deyirdi..."

"Polad Həşimov Anar haqında “sən mənim səngərdə böyüyən zabitimsən” deyirdi..."

Şəhidin həyat yoldaşı Nəzrin Məmmədova ilə söhbətləşərək onun həyat yoluna işıq salmağa çalışmışıq:

“Anar 1986-cı ildə Sabirabadda anadan olub. Ailənin ilk övladı idi. Orta məktəbin 8-ci sinfində Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Oranı bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2003- cü ildən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində işə başlayıb, 2008-ci ildə Goranboya döyüş bölgəsinə gedib. Elə həmin il biz ailə qurmuşuq. Mən Mingəçevirdə qalırdım, o, Goranboyda işləyirdi. Daha sonra 2009- cu ilin əvvəlində Tərtərdə ön xətdə xidmət edib. Biz 4 il Tərtərin erməni ilə həmsərhəd kəndində olduq. Şəraitsizliyə baxmayaraq, mən onunla bərabər döyüş yolunu keçdim, orada qaldım.

Tərtərdə olanda bir neçə dəfə əməliyyatlarda iştirak etdi. Onu elə səngərdə mükafatlandırdılar. 2014-cü ildə təyinatla Bakıya göndərdilər. Heydər Əliyev adına Ali Hərbi Məktəbdə dərs dedi. Orada 3 il işləyəndən sonra Beyləqana təyinatı verildi. Anar hara gedirdisə, mən də onunla bərabər gedirdim. Orada il yarım qaldıqdan sonra Füzuliyə göndərdilər. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirəndə rütbəsi leytenant idi. Bu illər ərzində baş leytenant, kapitan, daha sonra mayor oldu. Həm də vəzifələri yüksəldi. Əvvəl tağım komandiri idi. Sonra bölük komandiri, MTO, daha sonra qərargah rəisi, sonuncu döyüşündə isə artıq tabor komandiri olmuşdu. Həmişə səngərlərdə idi. Həyatının cəmi 3 ili Bakıda olub. O, ikinci Qarabağ savaşına qərargah rəisi kimi qatılmışdı. Döyüş əsnasında tabor komandiri qoydular. Müharibənin ilk günlərində yaralanmışdı. Amma heç kəsin bundan xəbəri yox idi. Bu barədə mənə də deməmişdi. Həkimlər xəstəxanada ona bildirib ki, yaran təzədir, bir müddət qalmalısan. Deyib yox, mən balalarımı, əsgərlərimi tək qoya bilmərəm. Beləcə döyüşlərə davam edib”.

Şəhidin xanımı həyat yoldaşının sonuncu dəfə evə əsgərlərinə dərman apardığı zaman gəldiyini söyləyib:

“Oktyabrın 16-da bir neçə saatlıq evə gəldi. Şirniyyatlar, yeməklər bişirdim. Onları maşına yığdı ki, əsgərlərə aparıram. Mənim atam da birinci Qarabağ müharibəsində Şuşada şəhid olub. Sonuncu görüşümüz zamanı ona dedim ki, mən atasız həyat yaşamışam, amma qızlarım yaşamasın. O isə bir kəlmə ilə cavab kerdi: "Sən bacararsan. Mən sənə güvənirəm".

Oktyabrın 18-nə qədər bizim telefon danışığımız oldu. Zarafatcıl idi. Deyirdi, ermənilərin hamısını biçə-biçə gedirəm. Ondan sonra Anardan xəbər ala bilmədim. Sən demə, oktyabrın 20-də şəhid olub. Daşaltı əməliyyatında öz dəstəsi ilə axıra qədər vuruşub. Silahdaşlarının hamısı şəhid olub. Anar tək qalıb. Üstündəki bütün silahlardan istifadə edib, hər şey bitəndən sonra düşmən əlinə düşməmək üçün sonuncu gülləsi ilə özünü şəhid edib.

Mən hər dəfə onun formasını yuyanda cibindən bir güllə çıxırdı. Sual verirdim ki, bu nə deməkdir, mən qorxuram. Deyirdi, o zabit şərəfidir. Zabit öz şərəfini əldən verməmək üçün sonuncu gülləsini özünə vurar. Ondan xəbər çıxmayanda qardaşlarım əsir düşdüyünü fikirləşdilər. Dedim, Anar özünü öldürər, amma əsir düşməz.

Anar Tərtər, Füzuli, Hadrut, Tuğ, Daşaltı istiqamətində döyüşüb. Füzulinin azad olunmasında böyük əməyi olub. Döyüş yoldaşları da təsdiqləyir ki, Anarın verdiyi istiqamətlər, qurduğu əməliyyat planları çox böyük nəticələr verib. Xüsusən Rüzgar kəndinin azad olunmasında böyük səy göstərib.

Mübariz İbrahimovla çox yaxın dost idi. O, rəhmətə gedəndə çox sarsılmışdı. Polad Həşimov Anar haqında “sən mənim səngərdə böyüyən zabitimsən” deyirdi. Anar Qarabağı çox sevirdi. Hamı mənə sual verirdi ki, sən hərbçi ilə ailə qurmaqdan qorxmursan? Dedim, yox, atam özü deyirdi ki, kişinin “paqon”u olar.

İki qız övladımız var. Kiçik qızım 4 yaşındadır, heç nə başa düşmür. Amma böyük qızımın 11 yaşı var, onu başa saldım ki, atan şəhid olub. Qızım mənə dedi ki, ağlama, şəhidlər üçün ağlamazlar.

Atam üçün də elə demişdim, yoldaşım üçün də elə deyirəm: Vətən sağ olsun. Onun başqa cür öləcəyini gözləmirdim, Anar ancaq şəhid ola bilərdi".

 

Mənbə: moderator.az