Üç güllə yarası ilə döyüşən, Şuşada şəhid olan xüsusi təyinatlımız (VİDEO)

Üç güllə yarası ilə döyüşən, Şuşada şəhid olan xüsusi təyinatlımız (VİDEO)

44 günlük Vətən müharibəsində Azərbaycanın ən yeni tarixini yazanlar arasında Xüsusi təyinatlı çavuş, şəhid Ramiz Ağayev də var... O, döyüşlərə Murovdağ zirvəsində başladı, Füzulidə ağır yaralandı, Şuşada şəhid oldu...

"ARB 24" şəhid Ramiz Ağayevin ailəsini ziyarət edib və onun keçdiyi döyüş yolu barədə məlumat öyrənib.

Vətən müharibəsi başlayanda xüsusi təyinatlı çavuş Ramiz Ağayev bir an belə düşünmür. Tərəddüd etmir. Vətən çağırır deyib döyüşlərə qatılır. İlk uğurlu əməliyyat Murovdağ zirvəsində olur. Daha sonra silahdaşları ilə birlikdə Füzuli uğrunda döyüşür. Elə bu döyüşlərdə çox sayda düşmən hərbçisini məhv edir, özü isə çiyin və boğaz nahiyələrindən 3 güllə yarası alır. Bir yandan həkimlər, bir yandan da ailəsi təkid edir ki, müalicə olunsun. Amma heç kim onu saxlaya bilmir.

"Gedəcəm mən dedi, gözümün qabağında yoldaşlarım şəhid oldu. Mən əlimi-qolumu sallayıb xəstəxanadan gəlib oturmayacam. Mən gedib onların başlarını əzəcəm. Getdik gördüm pəncərədən çıxdı əl etdi, dedi mama narahat olma. Fəxr edirəm ki, belə bir oğul böyütmüşəm", - deyə anası Məlahət Ağayeva bildirib.

Şəhidimizin dayısı Asəf Fərzəliyev də Birinci Vətən Müharibəsində iştirak edən hərbçilərimizdəndir. O, da yaralandığı üçün tərxis olunmasını məsləhət görsə də, Ramiz Ağayev bunu qəbul etməyib və yoldaşları ilə birgə sona qədər xidmətini davam etdirəcəyini deyib.

"Suqovuşandan zəng etdi danışdıq. Dedim yaralısan evə get, mənə qayıtdı dedi neçə yaşın var? Dedim 60. Dedi sən hardasan? Dedim Suqovuşanda. Qayıtdı dedi ki, bəs mən niyə evə gedim ki? Mənim yerim səngərdə yoldaşlarımın yanındadı…", - Asəf Fərzəliyev danışır.

Axıra kimi də gedir Çiynindəki mərmi çıxarılmadan... Şəhid yoldaşlarının qisasını almaq üçün... Arzusunda olduğu Şuşanı düşmən tapdağından azad etmək üçün...

Qarabağın tacı - Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biri kimi dəyərləndirilir. Eşidən, görən hər kəs deyir ki, əsgərlərimiz Şuşa üçün əlbəyaxa döyüşüblər. Ramiz də o döyüşə çıxanlardan biridir.

Ramiz Azərbaycanın 28 illik Şuşa həsrətinə son qoyanlardan biri kimi adını tarixə yazıdırır. Canı, qanı bahasına, şəhidlik zirvəsinə ucalaraq. Ramiz Ağayev general Polad Həşimovun yanında 2-ci Fəxri Xiyabanda dəfn olunur.

 

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resmi

Mənbə: qaynarinfo.az