TALEYİN BƏD ÜZÜ VƏ YA BİR AİLƏNİN İKİ ŞƏHİDİ

TALEYİN BƏD ÜZÜ VƏ YA BİR AİLƏNİN İKİ ŞƏHİDİ

Bir ana tanıyıram - şəhid anası, bir qadın tanıyıram, həm şəhid anasıdır, həm şəhid həyat yoldaşı. Mənfur müharibə lap gənc yaşlarında onu xanımlıq taxtından endirdi, bəxtəvər həyatını yarımçıq qoydu, sevimli həyat yoldaşını, ona kraliça həyatı yaşadan, onun nazı ilə oynayan ilk məhəbbətini əlindən aldı, onu iki körpə uşağı ilə baş-başa qoydu. O sevdiyinin yadigarı olan bu körpələri, qızı ilə oğlunu təkbaşına min-bir əziyyətlə böyütdü, atasız böyüyən bu uşaqlar ailə həyatı qurdular. Taleyi paramparça olmuş bu qadın ixtiyar yaşına çatanda müharibə oğlunu da əlindən aldı.

Esmira xanım bakılıydı. Səkkizinci sinfi qurtarandan sonra Zəngilandan gəlib Bakı Rabitə Texnikumuna daxil olan Bahadurla da elə texnukumda tanış olmuşdular. 1962-ci ildə anadan olan Esmira texnikuma daxil olanda Bahadur sonuncu-dördüncü kursda oxuyurdu. Bahadur 30. 10. 1958-ci ildə Zəngilan şəhərində anadan olmuşdu. Əhmədov Bahadur Qabil oğlu texnikumu bitirdikdən sonra 93 nömrəli ATS-də işləməyə başlayır. Onlar 1982-ci ildə evləniblər. 1983-cü ildə Emil, 1986-cı ildə Elnarə dünyaya gəlib. Bahadur o vaxtkı SSRİ Silahlı Qüvvələrində həqiqi əsgər xidmətini çəkdikdən sonra taleyini yenidən hərbi ilə bağlayır. Onun xidmət etdiyi ordu birləşməsi 1987-ci ildə Polşaya dislokasiya etdiyindən gənc ailə Polşadakı hərbi şəhərcikdə yerləşdirilib. Esmira xanımın xoşbəxt günləri bundan sonra başlayıb. SSRİ sərhədlərindən kənarda qulluq edən zabitlərə çox yaxşı əmək haqqı verirdilər. Bütün təminatları ödənilirdi. Bahadura leytenant rütbəsi verilmişdi. 1990-cı ildə doğma ölkəsində vəziyyətin gərginləşdiyini və xüsusilə tərkibində xidmət etdiyi silahlı qüvvələrin Bakıda törətdiyi yanvar qırğınından sonra rus ordusunda xidmət etmək istəməyən Bahadur Azərbaycana qayıdaraq Milli Orduda xidmət etməyə başlayır. Onu qərargah rəisi təyin edərək kapitan rütbəsi verirlər. 1-ci Qarabağ savaşında qəhrəmanlıqla döyüşüb, doğma yurdu Zəngilan uğrunda gedən döyüşlərdə itgin düşüb. Döyüş yoldaşlarından biri Bahadurun onun yanında şəhid olduğunu bildirsə də meyidi tapılmayıb. Esmiranın ağır, məşəqqətli günləri də bundan sonra başlayıb. Hamının həsəd apardığı ilahi gözəlliyi Bakıdakı təkotaqlı mənzilinin divarları arasında təkbaşına böyütməyə başladığı iki körpəsi ilə solub, sağlamlığını da bu acılı illərin ağırlığı əlindən alıb. Hər çətinliyə rəğmən Esmira xanım iki şəhid övladını böyüdüb, oğlunu evləndirib, qızını köçürüb. Yenicə rahat nəfəs almağa başlayırdı...

Emil 26.11.1983-ci ildə Bakı şəhərində dünyaya gəlmişdi. O Yasamaldakı 20 nömrəli orta məktəbi bitirdikdən sonra 8-ci mikrorayondakı aşbazlıq məktəbini bitirir. 18 yaşı tamam olan kimi əsgəri xidmətə yollanır. İl yarımlıq xidmətini Gəncə şəhərindəki hərbi hissələrdən birində başa vurub və çox keçmədən yenidən hərbi xidmətə qayıdıb. Əvvəlcə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində tankçı peşəsi üzrə serjantlıq (çavuş) kursunda oxuyub. Üç illik müqavilə ilə çavuş kimi xidmət etdikdən sonra komandanlıq onun nümunəvi xidmətini nəzərə alaraq müqaviləni artırmaq qırarına gəliblər və onu TTM-də bu dəfə gizir kursuna göndəriblər. Kursu bitirən gizir Emil Əhmədov tank komandiri təyin edilib. O tank komandiri kimi 2016-cı il aprel döyüşlərində və düşmənin Tovuz istiqamətindəki mənfur niyyətlərinin baş tutmamasında şücaət göstərib. Emil dəfələrlə şücaətinə görə komandanlıq tərəfindən medallar və digər rəğbətləndirmə ilə təltif olunub. 2-ci Qarabağ savaşında onun tankı düşmənin başına od ələyib. Anası ilə telefon əlaqələrindən birində atasının vətənində olduğunu bildirib. Anası ilə sonuncu telefon əlaqəsindən bir-neçə saat sonra Şuşaya hücum əməliyyatı zamanı şəhid olub.

Emil ailəli idi. 15 və 13 yaşlarında iki oğlu var-Bahadur və Tofiq. Bahadur Emilin atasının, Tofiq isə Esmira xanımın atasının adıdır. Ailə Xırdalanda kiçik bir mənzildə kirayədə qaldığından Emilin nəşi mənim qonşuluğumda yaşayan xalasının evindən götürüldü. Xalasının yoldaşı sabiq polis polkovnik-leytenantı Namiq Əliyev bütün əziyyətləri öz boynuna götürdü. Hətta Emilin general Polad Həşimovun dəfn olunduğu fəxri xiyabanda dəfn olunacağını eşidəndə onun necə hönkürtü ilə ağlayıb təşəkkür etdiyinin şahidiyəm.

 

Bax belə...İKi şəhid verən, taleyi heç gülməyən bu qadın ağlasın, ya fəxr etsin? Demək çətindir. O isə bütün suallara soyuqqanlı çavab verir. Sanki, "bütün bunların nə mənası var, siz ki, oğlumu mənə qaytara bilməyəcəksiniz" demək istəyir.

Biz qalib gəldik, bizi hansı məşəqqətlərlə torpaqlarımızdan çıxardılarsa, min qat əvəzin çıxıb torpaqlarımızı azad elədik. Amma neyləmək olar, azadlıq qansız-qadasız olmur. Hərb tarixinə doğrudan şanlı səhifələr yazan ordumuz, öz qanları ilə tarix yazan şəhidlərimiz ilə daim fəxr edəcəyik! Esmira xanım kimi anaların yanında daim olmaqla onların dərdlərini yüngülləşdirmək isə hər bir Azərbaycan vətəndaşının boynunun borcu olmalıdır!

ZAHİR MƏLİKLİ

Mənbə: olaylar.az