Nurlanə Əliyeva, "Yuxu”, “Ölüm növbəsi”, “Axırıncı dayanacaq”... - FİKRƏT ƏLİYEV

Nurlanə Əliyeva, "Yuxu”, “Ölüm növbəsi”, “Axırıncı dayanacaq”...      - FİKRƏT ƏLİYEV

Azərbaycan kinorejissoru, ssenari müəllifi, aktyor, ikinci rejissor, Azərbaycanın Əməkdar İncəsənət xadimi FİKRƏT ƏLİYEVin doğum günüdür.

Xatırlayaq. Ruhu şad olsun

Fikrət Əliyev 12 dekabr 1939-cu ildə Bakı şəhərində anadan olub.

1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr və kino aktyoru fakültəsini, professor Adil İsgəndərovun sinfini bitirir. İnstitutu bitirəndən, yəni 1966-cı il sentyabrın 5-dən ömrünün sonunadək (8 mart 2016-cı il) "Azərbaycanfilm" kinostudiyasında işləmişdir.

Fikrət Əliyev Arif Babayevdən sonra Abşeron koloritini ekrana gətirən görkəmli rejissor kimi kino tariximizə düşüb. Onun özünəməxsus dəst-xətti, baxışı var idi.

O vaxtlar A.İsgəndərovun təşəbbüsü və rəhbərliyi altında respublikamızda kino aktyorlarına tələbatın artması məqsədilə "Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Kinematoqrafçılar İttifaqı nəzdində “Kinoaktyor” studiyası yaradılmışdı. Müxtəlif sənət sahiblərini kinonun işığına toplayan və Fikrət Əliyevin də tələbələrindən olduğu studiyanın məzunlarından Telman Adıgözəlov, Ənvər Həsənov, Nuriyyə Əhmədova, Almaz Əsgərova... və başqaları peşəkar aktyorlar oldular.

O, kinoaktyor kimi ilk dəfə ekrana 1967-ci ildə rejissor Şamil Mahmudbəyovun “Torpaq. Dəniz. Od. Səma” filmində təyyarəçi Murad obrazı ilə çıxdı. Elə həmin il gənc aktyor Arif Babayevin “İnsan məskən salır” filmində mühəndis roluna da çəkilir.

Fikrət Əliyev Arif Babayevin dəvəti ilə burada həm də rejissor asistenti kimi çalışır və əsl təcrübə məktəbi keçir. Bu filmlərlə başlayan A.Babayev-F.Əliyev dostluğu daha iki film - “Uşaqlığın son gecəsi” (1968) və “Gün keçdi” (1971) bədii filmləri ilə də davam edir. Fikrət Əliyev burada ikinci rejissor kimi fəaliyyət göstərir. Fikrət Əliyev aktyor kimi ən yaddaqalan obrazını 1969-cu ildə rejissor H.Seyidzadənin “Dəli Kür” filmində Şamxal obrazı ilə yaradıb. Onun uşaqlıq arzusu və məqsədi Kinorejissor olmaq idi. Bu istəyini A.İsgəndərova bildirdikdən sonra rejissorluq kursu keçmək üçün Moskvaya yollanır. 1971-1972-ci illərdə Moskvada İkiillik Ali Ssenaristlər və rejissorluq kurslarında təhsil alır və quruluşçu rejissor ixtisasına yiyələnir. Təhsilini başa vurduqdan sonra Vətənə qayıdan F.Əliyevin əsl rejissor taleyi başlayır. Fikrət Əliyev rejissorluğa 1974-cü ildə “Baladadaşın ilk məhəbbəti” qısametrajlı filmi ilə başlayıb.

Yazıçı Elçinin ssenarisi əsasında “Ömrün səhifələri” kino-almanaxındakı “Baladadaşın ilk məhəbbəti” novellası ilə başlayan rejissorun tamaşaçıları ilə ilk görüşü uğurlu olur.
Rejissor F.Əliyev bu filmlə bağlı müsahibəsində demişdi: “Mən hər yay Pirşağıdakı bağımızda dincələndə çox adamlarla görüşür, çox hadisələrin şahidi olurdum. Yaddan çıxmasın deyə gördüyüm və eşitdiyim əhvalatları özüm üçün qeyd edirdim. Amma heç düşünməmişdim ki, bu yazdığım cızma-qaralar “Baladadaşın ilk məhəbbəti” adlanan diplom işimdə karıma gələ bilər. Novella baş tutmayan ilk məhəbbət, ülvi, yüksək hisslərlə dar düşüncənin, meşşan əxlaqının toqquşması haqqında danışır. Bizim qəhrəman mənə çox əzizdir. Əgər mən onun təmizliyini, qeyri-adiliyini, bütövlüyünü ekranda göstərə bilmişəmsə, filmin əsas vəzifəsi yerinə yetirilmişdir...”

Fikrət Əliyev sonralar bir çox ekran əsərində rejissor assistenti, ikinci rejissor kimi işləyib. Onun filmoqrafiyasında 30-a yaxın ekran işi var. Düşüncələrini ekranlara köçürən, maraqlı və məzmunlu filmləri ilə tamaşaçıların sevgisini qazanan kinorejissor ekran əsərlərində həmişə müasirlərinin həyatından, onların cəmiyyətdəki rolundan, ətraf aləmə münasibətindən bəhs edib. Kinoda rahatlıq tapıb, arzularını burada gerçəkləşdirib. 70-ci illərdə F.Əliyev daha dörd bədii filmdə, o cümlədən, rejissor T.İsmayılovun iki filmində - “Çarvadarların izi ilə” (1974) və “Vulkana doğru” (1976 - 1977), rejissor E.Quliyevin “Ürək, ürək” (1976) filmlərində, rejissor C.Fərəcovun “Arvadım mənim, uşaqlarım mənim” novellasında ikinci rejissor kimi çalışır. Həmçinin, müstəqil şəkildə “Mozalan” respublika satirik kinojurnalı üçün müxtəlif vaxtlarda ona qədər kinosüjet çəkir. Sonralar “Qızıl uçurum”, “Yuxu”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” və digər filmlərdə rejissorluq edir. Kinorejissor Hüseyn Mehdiyevlə birlikdə “Qoca palıdın nağılı” filminə quruluş verir. O çəkdiyi filmlərlə Beynəlxalq Festivallarda iştirak edərək bir sıra mükafatlar qazanmışdır. “Qızıl uçurum” filmi 1981-ci ildə Vilnüsdə keçirilən XIV Ümumittifaq kinofestivalında nümayiş etdirilmiş, quruluşçu rejissor Fikrət Əliyev “Uğurlu debütə görə” prizinə və diploma layiq görülmüşdür. Onun 1994-cü ildə lentə aldığı müasir mövzulu “Yuxu” komediyası bu gün də ekranların bəzəyidir. 2000-ci ildə çəkilən “Axırıncı dayanacaq” filmi ilə rejissor tamaşaçını düşündürməkdən əlavə, çoxları tərəfdən unudulmuş insanlara cəmiyyətin diqqətini yönəltmək məqsədi daşıyırdı.

Nə yazıq ki, “Axırıncı dayanacaq” rejissorun özünün də son dayanacağı oldu...

Fikrət Əliyev 8 mart 2016-cı ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir. Rejissor Əmircan qəbiristanlığında oğlunun məzarı yanında torpağa tapşırılmışdır.
Rejissorun 1 qız və 3 oğlan övladı olmuşdur. Oğlu, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışan 1973-cü il təvəllüdlü Rəşad Əliyev 2016-cı ildə 42 yaşında vəfat etmişdir.
Xatırladaq ki, F.Əliyevin itkin düşən 43 yaşlı oğlu, İTV-nin əməkdaşı olan Rəşad Əliyevin fevralın 27-də dənizdən meyiti tapılıb. Fikrət Əliyev Azərbaycanın Əməkdar İncəsənət xadimi fəxri adına layiq görülmüşdür. Rejissor Babək Abbaszadə öz ssenarisi əsasında Fikrət Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film çəkmişdir. Film ARB TV-nin “Aranfilm” Yaradıcılıq Mərkəzində ərsəyə gətirilib. Çəkilişlər Mərdəkan, Buzovna, Balaxanı və Bilgəhdə aparılıb. Filmin operatoru Anar Seyidov, icraçı prodüseri Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir. Baş rolu Xalq artisti Şamil Süleymanlı ifa edib. Filmdə rejissorun lentə aldığı filmlərin əksər baş qəhrəmanları yer almışdır.

Mənbə: buta.ws