Ad günündə şəhid olan 20 yaşlı topçunun hekayəsi FOTO

Ad günündə şəhid olan 20 yaşlı topçunun hekayəsi FOTO

İnsan var, qısa ömrünü o qədər mənalı yaşayıb ki, həyatı dastana sığmaz. Belə qısa və şərəfli ömür yaşamış örnəklərimizdən biri də Əlirza Mehman oğlu Rzayevdir.

Əlirza Rzayev 29 sentyabr 2000-ci il tarixdə Salyan şəhərində anadan olub. Usta işləyən atası Mehman Rzayev 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub. 2016-cı ildə 50 yaşında ağır xəstəlikdən dünyasını dəyişib. Anası Gülnarə işarəvermə və rabitə distansiyasında mühəndis işləyir. Ailənin 2 övladı var. Qardaşı 24 yaşlı Fərid saç ustasıdır. Fərid Aprel döyüşlərinin iştirakçısı olub. Hərbi xidmətdə olduğu zaman həmin döyüşlərdə manqa komandiri kimi iştirak edib.

Əlirza Rzayev 10-cu sinifə qədər şəhid Azər Səfərov adına Salyan internat məktəbində təhsil alıb. 10 və 11 sinifləri Salyan şəhər 4 saylı məktəbdə oxuyaraq 2017-ci ildə orta təhsilini başa vurub. O, 2018-ci ildə Qərb Universitetinin nəzdində olan Qərbi Kaspi Kollecinə daxil olub, vergi və vergitutma ixtisası üzrə əyani təhsil almağa başlayıb. Amma 2019-cu ildə təhsilini donduraraq hərbi xidmətə gedib. Hərbi qulluğunu düşmənlə təmas nöqtəsində, Murovda edib. Vətən müharibəsi başlayan andan Əlirza da topçu kimi döyüş mövqeyində olub, Murov dağı yüksəkliyinin Kəlbəcər istiqamətində ağır döyüşlərdə topçu kimi iştirak edib. Sərrast atəşlə düşmən mövqelərinə sarsıdıcı zərbələr vurub. Lakin 29 sentyabr tarixində, 20 yaşı tamam olan gün düşmənin atdığı mərmi nəticəsində aldığı qəlpə xəsarətlərindən dünyasını dəyişib. Şiddətli döyüş getdiyi üçün ağır yaralanmış Əlirzanı 4 saata yaxın ərazidən çıxarmaq mümkün olmadığından o, çoxlu qan itirib. Sanitar hissəyə çatdırılanda isə artıq gec olub, “Ana” deyərək gözlərini əbədi yumub...

“Mən onunla təkcə qardaş yox, həm də bir dost idim. Yaşda məndən kiçik olsa da onu özümdən böyük hiss edirdim. Dostluqda çox sədaqətli olduğundan xeyli dost-tanışı var idi. Tay-tuşları xətrini çox istəyirdilər, hörmətini saxlayırdılar. Ona görədir ki, Əlirza hərbi xidmətə yola düşəndə sanki həyətimizdə toy idi. Yüzlərlə adam öz təşəbbüsü ilə həyətimizdə toplaşmışdı. Özü də şəhid olmuş dostu Coşqunun sintezatorda çaldığı təranələrə dostları ilə qol götürüb elə oynayırdılar ki... Sanki hamının ürəyinə dammışdı. Əlirza hələ uşaqlıqdan çox mərd uşaq idi. Murovdakı gərgin vəziyyəti görüb heç məzuniyyətə də gəlməmişdi. Amma şəhid olan zaman artıq hərbi xidmətinin başa çatmasına sayılı günlər qalırdı. 15 gün əvvəl mənə zəng vurub ona hərbi xidmətdən qayıtdıqdan sonra geyinmək üçün pal-paltar almağımı istəmişdi. Mən də onun bu arzusunu həvəslə yerinə yetirmişdim. Əlirza 1-ci sinifdə oxuyarkən birlikdə şəklimiz var. İndi baxmışam ki, o həmin şəkildə bir əlində bayraq, o biri əlində oyuncaq avtomat tutub. Bizim ad günlərimiz ard-ardadır. Sentyabr ayının 28-i mənim , 29-u isə onun ad günüdür. 28-də mənə zəng vuraraq ad günümü təbrik etdi. Özümdən , anamızdan muğayat olmağımızı istədi. Telefonda əsgərlərin səs-küyü, top atəşləri eşidilsə də narahat olmamağımı istədi. Hələ internatda oxuyan zaman uşaqlara deyibmiş ki, mən də şəhid olacam. Bircə təsəllim odur ki, qardaşım bu arzusuna çatdı...” - deyir şəhidin qardaşı Fərid.

Şəhidin anası Gülnarə xanım isə deyir ki, Əlirza kimi mərd və ağıllı övladı itirmək onun üçün çox çətindir: “Özüm işlədiyim üçün məcbur olub onu internat məktəbinə qoymuşdum. Bir gün evə gəlib mənə dedi ki, müəllim 20 Yanvar və Xocalı qətliamı ilə əlaqədar uşaqlara istədikləri şəkli çəkməyi tapşırıb. Mən qərara gəlmişəm ki, Şəhid anası şəkli çəkim... demə, balam mənim şəklimi çəkirmiş... Əlirza hələ uşaqlıqdan harda əsgər paltarı gördü geyinib şəkil çəkdirməyi xoşlayardı. Ordudan tərxis olunma fərmanına cəmisi 2 gün qalmışdı. 19 yaşı tamam olan gün onun əsgər olduğu hərbi hissəyə getmişdim. Elə 20 yaşı üçün də artıq hədiyyəmi almışdım, qismət olmadı... Qardaşının ad günündə ona zəng vuranda mən də telefonu alıb danışdım. Ertəsi gün Əlirzanın 20 yaşı tamam olduğundan onu təbrik etdim. Nədənsə təbrikimə heç bir cavab vermədi. Bircə onu dedi ki, “məndən nigaran qalma, özündən muğayat ol”. Telefonda atəş səsləri eşidilirdi... Müharibə dayandıqdan sonra hərbi hissədən komandirləri, döyüş yoldaşları gəlmişdilər. Əlirzanı itirdikləri üçün elə ağlayırdılar ki... mənə oğlumun qəhrəmanlıqları barədə xeyli danışdılar, birlikdə Əlirzanın məzarını ziyarət etdik. Döyüş yoldaşları mənə tez-tez təsəlli üçün zəng vururlar. Onlara hələ müharibədən əvvəl deyibmiş ki, şəhid olacaq. Şəhid olan övladların hamısını öz balam hesab edirəm... Şükür, onların qanı yerdə qalmadı, işğal olunmuş torpaqlarımız azad edildi.Mənim təsəllim bircə budur...”.

20 yaşlı topçu Əlirza Rzayev ölümündən sonra “Vətən uğrunda”medalı ilə təltif edilib.

Emil Məmmədov , Salyan

Virtualaz.org

Mənbə: virtualaz.org