4 medalla təltif olunmuş şəhid musiqiçinin hekayəti FOTO

4 medalla təltif olunmuş şəhid musiqiçinin hekayəti FOTO

Coşqun Əhməd oğlu Səfərov 1997-ci ildə Salyan rayonunda anadan olub. Atası Əhməd neftçidir, “Neft Daşları”nda işləyir. Anası Könül xanım Salyan Rayon Mərkəzi Xəstəxanasında tibb bacısıdır. Ailədə 2 qardaşdırlar. Özündən yaşca böyük olan 26 yaşlı qardaşı Səbuhu ali təhsilli jurnalistdir. Hazırda işsizdir.

Coşqun Əhmədov 2014-cü ildə Salyan şəhər 2 saylı orta məktəbini bitirib. Uşaqlıqdan musiqiyə böyük həvəsi olduğundan orta məktəbdə oxuyarkən həm də Salyan şəhər Qulu Əsgərov adına Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsində təhsil alıb. O, 2014-cü ildə hərbi xidmətə yollanıb. Həmin vaxt ali məktəbi bitirib hərbi xidmətə başlayan qardaşı Səbuhi ilə birgə Ağstafa rayonunda, Ermənistanla həmsərhəd bölgədə xidmət ediblər. Coşqunun musiqi istedadı hərbi xidmətdə də ona böyük hörmət qazandırıb. Hətta o, 2016-cı ildə hərbi xidmətdə olarkən, sintezatorda ifası ilə , Gəncə şəhərində Hərbi qulluqçular arasında keçirilən bədii özfəaliyyətə baxışda 2-ci yeri tutataraq fəxri fərman və TİSSOT saatı ilə mükafatlandırılıb. Coşqun hərbi xidmət zamanı dəfələrlə komandanlığın fəxri fərmanlarını alıb.

Hərbi xidmətini uğurla başa vuran Coşqun Səfərov Salyan Qaz İstismarı İdarəsində nəzarətçi vəzifəsində işləməyə başlasa da çox sevdiyi musiqi sənətindən bir an belə ayrılmayıb. Onun sintezatorda solo ifaları həmyaşıdlarının iştirakı ilə keçirilən şənliklərin ən sevilən təranəsinə çevrilib.

Coşqun Səfərov 21 sentyabr 2020-ci il tarixdə səfərbərlik çağrışı ilə ilk orduya yola düşənlərdən olub. Manqa komandiri kimi təlimlərdə iştirak edib. Müharibənin ilk günündən ən qanlı döyüşlərin iştirakşısı olub. Elə döyüş meydanında da şəhid olub.

Atası Əhməd kişi virtualaz.org-a bildirib ki, Coşqun təlimdə olanda da evə zəng vurub hal-əhval tuturdu: “Valideynlərinə qarşı çox diqqətli idi. Sonuncu dəfə sentyabr ayının 27-də zəng vurub mənimlə sağollaşdı. Mən də bunu adi zənglərindən biri kimi qəbul etdim. Amma danışığmız başa çatdıqdan sonra nigaran qaldığım üçün təkrar həmin nömrəyə zəng vurdum. Telefonu açan adam bildirdi ki, Coşqun artıq uşaqları götürüb onların yanından uzaqlaşıb. Bu bizim son danışığımız oldu...”.

Nənəsi Sürəyya xanım isə dedi ki, bu əsgər balalar tarix yazdılar: “Dövlətimizdən razıyıam ki, müharibəni qələbə ilə başa vurmağa gücü çatdı”.

“Mən qardaşımla fəxr edirəm. O həm də xeyriyyəçilik işləri ilə məşğul olurdu. İmkansız xəstə uşaqların müalicəsinə kömək üçün instaqram səhifəsi açmışdı və çox böyük uğurla fəaliyyət göstərirdi. Coşquna qısa ömrünü mənalı və örnək olaraq yaşamaq qismət oldu”- bunları isə qardaşı Səbuhi deyir.

Coğqunun nəşini 2 ay ərzində tapmaq mümkün olmadığından valideynlərinin, xüsusilə anası Könül xanımın necə ağır iztirablar keçirdiyi ilk baxışda sezilir.

“Mən oğlumla fəxr edirəm. Fəxr edirəm ki, balam Vətən uğrunda, torpaq uğrunda, namusumuz uğrunda şəhid oldu. Dövlətimizə də minnətdaram ki, şəhid balalarımızın qanını yerdə qoymayıb müharibəni qələbə ilə başa çatdırdı. Ən böyük arzum isə oğlum Coşqunun adının əbədiləşdirilməsidir”-deyir şəhid Coşqun Səfərovun anası Könül xanım.

Coşqun Səfərov ölümündən sonra “Vətən uğrunda”, “Fizulinin azadlığı uğrunda” , “Cəbrayılın azadlığı uğrunda” və “Xocavəndin azadlığı uğrunda” medalları ilə təltif olunub.

Emil Məmmədov, Salyan

Mənbə: virtualaz.org