Sərbəst qadın necə olmalıdır? - Ağaoğlunun tövsiyəsi

Hüquqşünas, siyasətçi, jurnalist Əhməd bəy Ağaoğlu yaradıcılığında qadın haqları məsələsinə mütəmadi yer verib. 1934-cü ildə Türkiyədə qadınlara seçki hüququ verildiyi zaman bunu ən çox dəstəkləyən və bu münasibətlə “Cümhuriyyət” qəzetində məqalə yazan Ağaoğlu öz ailəsində də bu mövzuda liberal şəxs olub. Təsadüfi deyil ki, Türkiyənin ilk qadın vəkili məhz onun qızı Sürəyya Ağaoğludur. Türkiyədə oğlanlar məktəbinə təyin edilən ilk qadın müəllim isə onun digər qızı Tezer xanımdır. Tezer Ağaoğlu həm də məntiq elmi ilə bağlı kitab yazan, millət vəkili kimi xalqı təmsil edən bir şəxs olub. Ağaoğlunun üçüncü qızı Gültəkin xanım isə həkim idi.

Əhməd Ağaoğlunun baş redaktoru olduğu “Akın” qəzetində çap olunan “Sərbəst qadın” adlı məqaləsi də onun qadın haqları ilə bağlı düşüncələrini özündə əks etdirib. Azad qadın anlayışını qəbul edən Ağaoğlu kübar ailələrin yol verdiyi yanlışları da qeyd edərək dövrün mənzərəsini çatdırır. Xüsusilə qadınların qumar oynamasını tənqid edən Ağaoğlu onların cəmiyyətə necə faydalı ola biləcəklərinə dair tövsiyələrini verib.

Ə.Ağaoğlunun 1933-cü ildə “Akın” qəzetinin 28-ci sayında dərc etdirdiyi “Sərbəst qadın” yazısını dilimizə uyğunlaşdıraraq təqdim edirik.

***

Sərbəst qadın

Əhməd Ağaoğlu

Türk inqilabı Şərqi əzəldən bəri daşıdığı dərin və öldürücü bir illətdən qurtarmaq üçün ən böyük həmlələrindən birini həyata keçirməkdə tərəddüd etmədi. Bu illət qadının əsarəti idi. bütün ziyalılar qəbul edir ki, Şərqin geri qalmasının və alçalmasının başlıca səbəblərindən biri qadının Şərq aləmindəki vəziyyəti idi.

Dünyada yaşayan təxminən iki milyard əhalidən bir milyard iki yüz milyonuna sahib olan Şərqin məhkum və bədbəxt halı heç şübhə yoxdur ki, başlıca olaraq qadının bu vəziyyətindən irəli gəlir.

Hüquqdan məhrum, kölə vəziyyətində olan qadının tərbiyə etdiyi cocuq, əlbəttə ki, hüquqa malik, şərəf və izzəti-nəfs sahibi qadının böyütdüyü cocuqla yaşayış savaşında rəqabət edə bilməz, daima məhkum olar. Çünki hər iki qadının cocuqlara təlqin edə biləcəkləri ruhi və zehni fəaliyyətlər bambaşqadır.

Birinin hətta feilən göstərəcəyi zillət və miskinlik nümunəsinə qarşı digəri izzəti-nəfs və şərəf nümunəsi göstərir və bu iki nümunənin təsiri altında böyüyən uşaqların daşıyacaqları ruhi xislətlər də fərqli olur. Birindəki müqavimət, əzm, mətanət və sərtliyə qarşı digəri daima illət və miskinlik ərz eyləyir. Bu surətlə türk inqilabı qadını üzləşdiyi haqsızlıq və məhkumiyyətdən qurtarmaqla türk camaatının keçmişdən bəri məruz qaldığı dərin bir yaranı qoparıb atmış və bununla da digər Şərq millətlərinə mənəvi qurtuluş yolunun istiqamətini göstərmişdir.

İndi burada bir sual ortaya çıxır. Əcəba türk qadını özünü bu əməllərə haqq qazandığını və layiq olduğunu isbat edirmi? İctimai inkişafda ondan gözlənilən fəzilətləri göstərirmi? Bu suala birdən və toplu olaraq cavab vermək çox çətindir.

Heç şübhə yoxdur ki, türk qadınları qısa müddətdə böyük ləyaqət və istedad göstərdi. Ondakı sərbəst həyata alışmaq və isinmək qabiliyyəti hər kəsi heyran edir. Daha dünən pərdə altında və qəfəs içində yaşayan türk qadını sanki nəsillərdən bəri sərbəst həyata alışıqmış kimi vəz və tövr göstərməkdə çətinlik çəkmədi.

Sonra türk qadını asanlıqla həyata qarışdı və bu gün onu həyatın, demək olar, hər şöbəsində fəal bir rol oynayan vəziyyətdə görürük. Həkimlik, vəkillik, hakimlik, məktəb müdirliyi, hətta mühəndislik, polislik kimi indiyə qədər yalnız kişilərə məxsus olan məşğələləri onlar da kişilər qədər müvəffəqiyyətlə icra etməkdədirlər.

Mən elə oxumuş gənc qızlar tanıyıram ki, təkbaşına öz işləri ilə bütün ailəni dolandırmaqdadırlar. Bu kimi qızlarımızla nə qədər iftixar etsək, yerinə düşər. Bundan bir nəsil əvvəl mühitimizdə bu kimi şeyləri təsəvvür etmək də qabil deyildi.

Bütün bunlar lövhənin gözəl və ümidverici cəbhəsidir. Fəqət bu lövhənin digər cəbhələri də belədirmi?

Təəssüf ki, lövhənin əskik tərəfləri də vardır. Əvvəla, sərbəst türk qadınının vaxtının bir qismi israf etməyə doğru gedir. Bəzəyə, yığmağa, əlbisəyə lüzumundan çox qiymət verməkdədirlər. Türk ailəsi bu təmayülün və aşırı düşkünlüyün sövqi ilə zəifliyə məruz qalmaqdadır. Bir çox ailələr buna görə də mütəmadi olaraq kasıblaşmaqda və hətta pisləşməkdədir.

Sonra sərbəst qadın türk ailəsinin içinə indiyə qədər bu ailəyə yad olan qumar bəlasını soxdu! Briç və poker türk kübar evlərinin yeganə məşğələsi olmuşdur.

Həqiqətdə bu adət Avropada da vardır. Fəqət Avropadakı “kübar” məfhumu ilə bizdəki “kübar” məfhumu arasında fərq vardır. Avropada “kübar” deyildiyi zaman ağla ya aristokrat, ya milyonçu və yaxud diplomat, xülasə, təhlükəsiz və çox geniş sərvət mənbələrinə söykənən mühit gəlir.

Bizdə isə bu “kübar” kəlməsi qarmaqarışıq bir şey ifadə edir. Buraya bir professor, bir müəllim, bir mühərrir, bir vəkil, bir tacir, bir orta mövqeli məmur da daxildir! Avropada bu kimilərin ailələri arasında qumar oynanılmaz, ayıb qəbul edilər!

Bir də Avropada “kübar” deyilən qadınlar mühitlərinə də yad qalmazlar. Mühitin ehtiyaclarını da düşünərlər. Müxtəlif xeyriyyə cəmiyyətləri quraraq möhtaclara yardım edərlər, yaşadıqları məhəllənin yetim cocuqları, dul qadınları, məskənsiz və yuvasız adamlarını da düşünərlər.

Bundan bir müddət əvvəl ingilis səfirəsinin türk cocuqları üçün əyləncələr tərtib edərək ev-ev dolaşdığını qəzetlərdə oxuyaraq çox təsirlənmişdim. Üzüntüm möhtərəm səfirənin bu xeyir işlərlə məşğul olmasına görə deyildi. Xeyr! Əksinə ona qarşı dərin bir təşəkkür və minnət hiss etdim. Üzüntüm İstanbul kimi bir yerdə bunun kimi işlərlə məşğul olan türk qadınlarının olmamasına görədir!

Bizdə sərbəst, kübar qadınlarımız üçün işmi yoxdur? Həftənin üç gününü briç oynayıb digər üç gününü də mühitlərinə sərf etsələr, həyatları daha çeşidli, daha zövqlü, daha faydalı olmazmı?

Onlar özlərinə verilmiş sərbəstliyin haqlı və yerində olduğunu təsdiqləmək və isbat etmək vəzifəsi ilə mükəlləfdirlər. Bu isə yalnız həyatlarının bir qismini ciddi və faydalı işlərə həsr etmələri ilə mümkündür. Bu məsələdə heç şübhə yoxdur ki, ədiblərimizin və mühərrirlərimizin də qüsurları vardır. Dünyanın hər tərəfində ədəbiyyat tərbiyəvi rolunu tiplər yaratmaqla icra edir. Hötenin Marqaritası, Şekspirin Dezdomonası, Dantenin Beatrisi, Puşkinin Tatyanası nəsillər boyu alman, ingilis, italyan və rus qadınlarına nümunə olmuşdur!

Təəssüf ki, bizim ədəbiyyatımız bu kimi nümunələr yarada bilmədi. Əksinə, cinayət, macəra romanları və hekayələri bizdə qadınlara məxsus fikirləri bir başqa hala saldı.

Halbuki yeni sərbəst türk qadınıdır ki, milli həyatımızın yenilənmə yolundakı həmlələrinə ta ailədən başlayaraq rövnəq və can verəcəkdir.

Bu mövzuya təkrar qayıdacağıq.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Karantin rejimi ilə bağlı vacib xəbər - 5 GÜN SONRA...

SONRAKI XƏBƏR

Premyer Liqa Bakı Kristal Zalında keçiriləcək