Palçıq vulkanının püskürməsi ilə bağlı nazirlikdən AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO

Bir neçə gün əvvəl Şıxzərli palçıq vulkanında aktivlik baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun əməkdaşları müvafiq ölçmə işləri həyata keçiriblər.

Qoruğunun direktoru Ceyhun Paşayev Oxu.Az-a ölçmə işlərinin nəticəsi barədə açıqlama verib.

O bildirib  ki, yanvarın 9-da saat 17:48-də Bakı şəhərindən 89 km qərb istiqamətində, Qobustan Rayonunun Şıxzərli kəndinin 1-1,5 km şimal qərbində yerləşən Şıxzərli palçıq vulkanında püskürmə baş verib:

“Püskürmədən öncə 40-50 saniyə çox güclü uğultu səsi eşidilib, daha sonra iki fazadan ibarət olmaqla, 40-45 dəqiqə ərazində yerin dərinliyindən palçıq kütləsi yer səthinə çıxıb. Xüsusilə qeyd etmək lazımdır ki, püskürmə zamanı palçıq vulkanları üçün xarakterik hesab edilən alov sütunu adıçəkilən palçıq vulkanının bu dəfəki püskürməsində qeydə alınmayıb”.

O qeyd edib ki, ölçmə işləri zamanı müəyyən olunub ki, vulkan aktivliyi nəticəsində 2,5 hektar sahə sülb tullantıları ilə tamamilə örtülüb:

“Ümumi olaraq, 1700 m3 həcmində tullantı yer səthinə xaric olunub. Tektonik çatların şimal və şimal-qərb istiqamətində daha sıx və dərin olması müəyyən olundu. Çatların orta enliliyi 0,7 metr olduğu qeydə alındı. Bəzi yerlərdə çatların uzunluğu 150 metrə çatırdı. Xaric olan püskürmə məhsullarının maksimal hündürlüyü 0,8 metr, ən minimal hündürlüyü isə 0,5 metrdir.

Məlumat üçün bildiririk ki, Şıxzərli palçıq vulkanı Dövlət Təbiət Qoruğuna daxil deyil. Bu vulkanın aktivliyinin təhlili onu göstərir ki, çox aktivdir. Bu son püskürmə də daxil olmaqla 1810-cu ildən başlayaraq vulkanın 25-ci paroksizmidir. Ən güclü püskürməsi 1980-ci ildə qeydə alınan bu vulkan dünyanın ən aktiv palçıq vulkanlarından hesab olunur”.

***

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun məlumatına əsasən, yanvarın 9-da Qobustan rayonunda Şıxzərli vulkanı püskürüb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, gün ərzində vulkanın püskürməsi 3 aktivləşdirmə dövrləri ilə xarakterizə olunub.

Qeyd olunub ki, yerli vaxtla saat 17:48:36 (püskürmənin davamı 3 dəqiqə 28 saniyə, dərinliyi h=2.0 km, enerjisi Е=0,37×107 C), növbəti yerli vaxtla saat 17:53:59 (püskürmənin davamı 2 dəqiqə 18 saniyə, dərinliyi h=2.0 km, enerjisi Е=0,29×107 C) və 17:58:17 (püskürmənin davamı 7 dəqiqə, dərinliyi h=2.0 km, enerjisi Е=0.30×107 C) baş verib.

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resm

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycana qarşılıq vermək borcumuzdur - EKSKLÜZİV MÜSAHİBƏ, VİDEO

SONRAKI XƏBƏR

Kəlbəcərə at belində... - Video