Məlum olduğu kimi, bu gün bəzi media resurslarında “Space TV” Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulduğu ilə bağlı xəbərlər yayılıb.
Məsələ ilə bağlı “Space TV” rəsmi açıqlama yayıb.
Bəhs olunan 140 min 313,06 ABŞ dolları məbləğində borc 2021-ci ildə “Xalq Bank” ASC-dən cəlb edilmiş 235 min ABŞ dolları məbləğində kredit xətti üzrə formalaşmış öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranıb. Belə ki, banka ən son ödəniş 2024-cü il yanvar ayının 19-da həyata keçirilməsi ilə bağlı telekanalın yaydığı rəsmi açıqlamada yaranmış problemlərin əvvəlki rəhbərlik dövrünə aid olduğu bildirilib və sabiq baş direktor Vado Korovinə qarşı bir sıra iddialar səsləndirilib.
Məsələ ilə bağlı “Space TV”nin sabiq rəhbəri Vado Korovin “Manset.az”a açıqlama verib.
O bildirib ki, hazırkı rəhbərliyin ittihamları məsuliyyəti başqasının üzərinə atmaq cəhdidir:
“Ayaz Mustafayevin səsləndirdiyi ittihamlar məsuliyyəti üzərinə götürməmək cəhdidir. Halbuki o, bu məsuliyyəti daşımalı olduğunu bilə-bilə rəhbər vəzifəsini qəbul edib.
Eyni məntiqlə mən də məsuliyyəti kanalı bu krediti ödəməyə qadir olmadığını bilə-bilə götürən Müşfiq Hətəmovun üzərinə ata bilərəm”.
Vado Korovinin Müşfiq Hətəmovla bağlı səsləndirdiyi fikirlərə cavab gecikməyib.
Müşfiq Hətəmovun dövründə televiziyanın maliyyə məsələlərinə baxan şəxs bildirib ki, bizim dövrümüzdə “SpaceTV”də bir manat borc da olsun yaranmayıb:
“Əksinə biz televiziyanı təhvil verəndə “SpaceTV-nin büdcəsində 710 min manat ehtiyat vəsait olub. Ortada faktlar var, rəqəmlər var və sənədlər var. Qaldırıb baxmaq olar. Doğrudur, ilk dönəmdə kredit götürmüşdük.
Onu da qrafikə uyğun olaraq aybaay ödəmişik. Olurdu ki, müəyyən qurumlara borcumuz yaranırdı. Məsələn, Teleradio Birliyinə, Azərkosmosa və başqa müəssisələrə borclanırdıq. Amma ilin sonunda dotasiya və yaxud reklamdan yığılan əlavə vəsait hesabına o borc ödənilirdi. Bir də axı bizim vaxtımızda televiziya gəlirlə işləyirdi. Bir manat da olsun ziyan etmirdik. Bizdən Vado Korovin komandasına pis heç bir miras qalmayıb. Ona görə də onun səsləndirdiyi fikirlərin əsası yoxdur”.
Mənbə: konkret.az