35 gün düşmən əsirliyində qalan zabit: “Erməni həkim ayağımı kəsəndə özümdə deyildim” - MÜSAHİBƏ + FOTO

35 gün düşmən əsirliyində qalan zabit: “Erməni həkim ayağımı kəsəndə özümdə deyildim” - MÜSAHİBƏ + FOTO

“Döyüş zamanı qarşımızda tank əleyhinə mina partladı. Ağır yaralandım. Düşmən dayanmadan atəş açırdı deyə, silah yoldaşlarımız bizi çətinliklə döyüş meydanından kənara çıxara bildi. Tez-tez huşum özümdən gedirdi. Xatırlayıram ki, məni Şuşa yaxınlığında meşənin içərisində qoydular və kömək gətirməyə getdilər. Gecə idi, meşənin də ucu-bucağı yox. Yoldaşlarım yerimi itirdilər. Beş gün ac-susuz meşədə yaralı qaldım və növbəti gün ermənilər məni tapdı”.

Bu sözləri erməni əsirliyində olmuş hərbi qulluqçumuz Əhmədzadə Mobil İlqar oğlu Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib. 1999-cu ildə Bakıda anadan olan hərbi qulluqçumuz əslən Qarabağlıdır. Füzulidən olan M.Əhmədzadə 2014-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub, 2017-ci ildə isə oranı bitirib.

Eyni ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olub və 2020-ci ildə 4-cü kursu yarıda qoyaraq, İkinci Qarabağ müharibəsinə gedib.

“Sentyabrın 28-dən Gəncə istiqamətinə hərəkətə düşdük orada təlimlərdə iştirak etdikdən sonra bizi ön xəttə apardılar”, - deyə həmsöhbətimiz bildirib.

İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşən Mobil Əhmədzadə noyabrın 8-i Xankəndi-Şuşa istiqamətində gedən ağır döyüşlərdə yaralanıb.

44 günlük İkinci Qarabağ müharibəsi və 35 günlük əsirlikdə daha nələrin baş verdiyini elə Mobil Əhmədzadənin öz dilindən eşidək.

Oxu.Az 35 gün düşmən əsirliyində qalan 21 yaşlı hərbçi Mobil Əhmədzadə ilə müsahibəni təqdim edir:

- Döyüşlərdə necə yaralandığını xatırlayırsanmı?

- Noyabrın 8-i idi. Şuşa istiqamətində döyüşlər başladı. Yanımda mayor Fərid Ələkbərov da var idi. İkimiz açıq sahəyə keçdik ki, mövqelərimizi dəyişək. Çünki olduğumuz yer düşmən tərəfindən tez görünəcəkdi. Olduğumuz yerdən çıxıb, əks istiqamətə keçmək istəyən zaman qarşımızda mina partladı. Partlayış o qədər ani oldu ki, nə baş verdiyini anlamadıq.

Mayor Fərid Ələkbərov gözümün önündə şəhid oldu, mən isə ağır yaralandım. Əsgər yoldaşlarımız bizi döyüş meydanından çıxardılar. Məni 200 metr kənara, meşə tərəfə apardılar. Təhlükəsiz yerdə qoyub, döyüşə davam etdilər. Sağ ayağımdan güllə yarası almışdım. Mina partlayanda da dizdən ayağımın sındığını hiss etdim, amma qopub düşməmişdi. Bədənimə də bir neçə qəlpə dəydi.

“Beş gün ac-susuz meşədə qaldım”

- Siz meşədə tək qaldınız?

- Yaralanmışdım. Hərəkət etməkdə çətinlik çəkirdim. Döyüş yoldaşlarımı gözləyirdim ki, atışma sakitləşsin, məni götürsünlər. Amma gecə düşdü və ucu-bucağı bilinməyən meşədə bir-birimizi itirdik. Düşündüm ki, məni tapa bilməyəcəklər. Meşədə 5 gün yaralı ahlda qalmalı oldum.

- Yaralı halda beş gün meşədə ac-susuz necə qaldınız? Həmin günləri xatırlaya bilirsiniz?

- Qan itirdiyimə görə, günün böyük hissəsi huşsuz vəziyyətdə olurdum. Heç bilmirdim ki, saat neçədir, hansı gündür. Ayaqlarımda, bədənimdə qəlpə yaraları vardı, amma sağ ayağım yerində idi. Sırf meşənin içərisində idim və ətafımda nə şəhid vardı, nə də yaralı. Yaxınlıqda binokul vardı, güclə sürünüb onu götürdüm ki, ətrafa baxım.

Amma ətrafda heç kimi görmədim. Halsızlıqdan huşum özümdə olmurdu. Beş gündən sonra düşmənlər məni əsir götürüblər. Əsir düşdüyüm günü, məni necə tapdıqlarını bilmirəm. Həmin an özümdə olmamışam. Özümə gələndə artıq xəstəxanaya oxşar bir yerdəydim.

“Özümə gələndə artıq gec idi, ayağımı kəsmişdilər”

- Arada huşunuzun qayıtdığını deyirdiniz, onların sizi hara apardığını görə bildiniz?

- Tam özümdə deyildim, amma maşında olduğumuzu xatırlayıram. Maşının qapısı açılanda səsindən elə başa düşdüm ki, UAZ markalı avtomobildəyik. Çox susamışdım və onlardan su istədim. Həmin an silahın qundağı ilə başımdan vurdu. Zərbənin təsirindən özümdən getdim. Bir də özümə gələndə rus dilində su istədiyimi dedim. Başımın üstündə dayanan erməni dəyişmişdi. O, mənə su verdi. Çox qan itirirdim deyə, su içdikdən sonra da huşumu itirmişəm.

Xatırlayıram ki 10-15 dəqiqə yol gedib dayanırdıq, qapını açırdılar, kimsə minirdi, kimsə düşürdü, sonra yola davam edirdik. Amma ətrafı görə bilmirdim. Özümə gələndə artıq İrəvanda xəstəxanada olduğumu başa düşdüm.

- Sizcə neçə gün yol getmisiniz, tarixi xatırladacaq nəsə var idi?

- Neçə gün yol getdiyimizi dəqiq deyə bilmərəm. Bildiyim o idi ki, qollarım bağlanmışdı. Ağrılarım çox idi, ayaqlarımı demək olar ki, hiss etmirdim. Başımı qaldırıb baxanda gördüm ki, sağ ayağımı kəsiblər, sol ayağımı da sarıyıblar. Ayağım yerindən qopmamışdı, bəlkə də öz həkimlərimiz baxsaydı, ayağım amputasiya olunmazdı. Vətən sağ olsun!

Bir də gördüm ordakı tibb bacısı məni vura-vura narkozdan ayıltmağa çalışır. Şillə ilə məni oyatdılar, başladılar sual-cavab etməyə. Biri başımın üstündə dayanıb, adımı, kim olduğumu, hardan gəldiyimi soruşurdu. Hansı gündə, hansı saatda olduğumuzu bilmirdim.

“Erməni əsgəri əlində kəlbətinlə ətimi kəsirdi”

- Sizinlə hansı dildə danışırdılar?

- Onlar bizim dili bilirdi. Çox rahat bizim dildə danışırdılar. Ordakı tibb bacısı mənə deyirdi ki, sən mənim qardaşımı öldürmüsən. Mən də qulaq asırdım. Sadəcə düşünürdüm ki, bu işlərin sonu necə olacaq. Demək olar ki, dörd gün reanimasiyada ac qaldım. Su verirdilər, amma yemək yox. Yanımda Anar və Ömər adlı əsgərlər var idi, dörd gün ərzində üç nəfərə iki dəfə bir boşqab yemək verdilər. Yemək də kartof püresi idi.

- Ayağının amputasiya olduğunu görəndə nə hisslər keçirdin?

- Heç nə hiss etmədim. Bu günə qədər ayağım kəsildi deyə ağlamamışam. Sadəcə olaraq kəsilmiş ayağım qaşınırdı. Fantom ağrılar sinirlərimə toxunurdu. Amma heç vaxt təəssüflənmədim. Çünki, Vətən uğrunda ayağımı itirdim, amma əvəzində 30 illik Vətən həsrəti bitdi. Torpaqlarımız geri qaytarıldı.

- Əsir qaldığınız müddətdə xəstəxanada saxlanıldınız?

- Yox, xəstəxanada dörd gün qaldıq, 31 gün əsgər yataqxanasında qaldıq. Heç kimə bir-biri ilə danışmağa icazə vermirdilər. Öz aramızda danışanda döyürdülər. Başımızda iki hərbçi var idi biri silahlı, biri silahsız. Yaralıları birlikdə saxlayırdılar, amma yaralanmayanları tək-tək ayrı otaqda saxlayırdılar.

“Mənim şəhid xəbərim yayılmışdı”

- Orada sizə münasibət necə idi?

- Təbii ki, pis. Oturmağa belə imkan vermirdilər. Sakit-səssiz oturmasan, döyürdülər. Öz istədikləri zaman bir qab yemək verirdilər, vəssalam. Ancaq uzanmalı idin. Mən Bayramla Vəliəhədlə eyni otaqda qalırdım. Gün ərzində keflərinə düşürəndə döyürdülər, vururdular. Əlində kəlbətin olan zabit barmağımın ətini kəsirdi. O qədər sıxırdı ki, hərdən ağrıdan özümdən gedirdim.

- Bəs necə oldu ki, sizin əsir olduğunuzu bildilər?

- Dekabrın ikisi, ya üçü olardı, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri gəldi. Mən onların gəldiyini çox sonra bilmişdim. Həmin gün məni otaqdan çıxarıb başqa bir yerdə gizlətdilər ki, əsir kimi mənim adım yazılmasın. Daha sonra otağa qayıdanda bizimlə birgə olan Vəliəhəd Vəliyev dedi ki, gələnlər Beynəlxalq Qırmızı Xaç Komitəsindən olublar. Onda düşündüm ki, yəqin mən zabitəm deyə, mənimlə bağlı planları başqadı.

Sonra bir gün anidən içəri iki nəfər gəldi və məni gördülər. “Neçə gündür burdasan?” - deyə soruşdular, mən də 28 gündür burda olduğumu dedim. Siz gələndə müalicədə olmuşam. Sonra məktub yazdırdılar. Şəhid xəbərinə görə yazdım ki, ailəm ölmədiyimi bilsin. Məktubum dekabrın 8-i Azərbaycana gəlib çatıb. Ailəmə bir aydan sonra mənim sağ olduğumu dedilər.

- Nə zaman bildiniz ki, Azərbaycana geri qaytarılacaqsınız?

- Son gündə bildik. Gəldilər, dedillər ki, hazırlaşın, gedirsiniz. Amma hara, niyə getdiyimizi bilmədik. Gözlərimizi bağladılar. Bir də təyyarə havaya qalxanda gözlərimizi açdılar. Vətənə qayıtmaq, əlbəttə ki, ifadə olunmaz hissdir. Dekabrın 14-də artıq Vətənimizə çatdıq. Bir müddət xəstəxanada qaldım, artıq ailəmin yanındayam. Hər şey qaydasındadır, daha da yaxşı olacaq.

Könül Cəfərli
Foto: Ramil Zeynalov

Mənbə: www.oxu.az