“Ərgünəş zirvəsində düşmən minaatanının atəşi nəticəsində ağır yaralandım...”

“Ərgünəş zirvəsində düşmən minaatanının atəşi nəticəsində ağır yaralandım...”

Vətən müharibəsinin növbəti qəhrəmanlarından biri də Kamran Ağakişiyevdir. K.Ağakişiyev Qobu qəsəbəsində anadan olub. Ailədə bir bacı və bir qardaşdırlar. Ağcabədidə əsgəri xidmətini keçən Kamran, ordudan tərxis olunandan sonra şirkətdə işlədiyini deyir.

Vətən müharibəsində isə iştirakını K.Ağakişiyev Moderator.az-a belə nəql edib:

“Əsgərlikdə artilleriya bölüyündə xidmət edirdim. Əsgəri xidmətimi başa vurduqdan sonra ordudan tərxis olundum. Vətən müharibəsi başlayanda sentyabrın 27-də döyüşlərə yollandım və Cəbrayıl, Füzuli, Xocavəndə uğrunda döyüşlərdə iştirak etdim. Bizim tabor Şuşaya qədər getdi. Mən isə Xocavəndə Ərgünəş zirvəsində yaralandım”.

Kamran Ərgünəş zirvəsini düşməndən azad etdikdən sonra qəlpə yarası aldığını və ağır yaralandığını deyib:

“Oktyabrın 21-də Ərgünəş zirvəsini işğaldan azad edib artıq mövqe qurmuşduq. Elə oldu ki, düşmən minaatanının atəşi nəticəsində kürəyimdən ürək tərəfimdən qəlpə yarası aldım. Döyüş yoldaşlarım dərhal məni ərazidən təxliyə etdilər və hospitala göndərildim. Əməliyyat edilmişəm və indi səhhətim normaldı”.

Qazimiz döyüşlərdə iştirakına görə ölkə başçısı tərəfindən medalla təltif edildiyini bildirib:

“Vətən müharibəsində iştirakıma görə Ali Baş Komandan məni “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif etdi. Vətən müharibəsində mənim də payım olduğu üçün çox qürurluyam. Şükür Allaha torpaqlarımızı işğaldan azad etdik. Bizim döyüşlərdə döyüşçü qardaşlarımız şəhid oldu. Allah onları rəhmət eləsin. Ailələrinin qarşısında baş əyirəm”.

Vasif Əlihüseyn

Mənbə: moderator.az