Ramin Bayramlı koronavirusa qarşı peyvənd olunub? – Sosial mediada yayılan fotolar həqiqəti əks etdirirmi? - BİZİM ARAŞDIRMA

Ramin Bayramlı koronavirusa qarşı peyvənd olunub? – Sosial mediada yayılan fotolar həqiqəti əks etdirirmi? - BİZİM ARAŞDIRMA

Azərbaycanda peyvəndləmə prosesi ilə bağlı mövqe birmənalı deyil. Peyvəndləmə prosesinə müsbət və mənfi yanaşanlar, bu arzuda olan və olmayanlar var.

Dünya ölkələrində tanınmış dövlət xadimlərinin, o cümlədən də ölkə səhiyyə nazirlərinin ictimaiyyət qarşısında peyvənd olunması trend halını alıb. Doğrudur, bu görüntülər heç də həmin şəxslərə vurulan mayenin nə olması ilə bağlı ictimaiyyətin dəqiq məlumat alması demək deyil, amma hər halda bu üsulla vaksinasiya təbliğ olunur.

Bəs Azərbaycanda necə, Səhiyyə naziri Oqtay Şirəliyev və ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı ictimaiyyətin gözü qarşısında peyvənd olunacaqlarmı?

Cebhe.info 2 gün əvvəl bu məsələni gündəmə gətirmişdi. Bundan sonra sosial şəbəkələrdə TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı vaksinasiya olunması ilə bağlı görüntülər yayılıb.

Ramin Bayramlı həqiqətənmi koronavirusa qarşı peyvənd olunub?

Qeyd edək ki, bu gün Azərbaycanda vaksinasiya prosesinin yanvarın 18-dən başlanacağı haqda xəbər yayılıb ki, bu da qeyd olunan görüntülərin həqiqəti əks etdirməsinə şübhə yaradıb. Digər tərəfdən isə əgər TƏBİB İdarə Heyyətinin rəhbəri peyvənd olunubsa, bu niyə ictimaiyyətə açıq formada, medianın qarşısında baş verməyib?

Cebhe.info xəbər verir ki, Ramin Bayramlı həqiqətən peyvənd olunub, amma bu peyvəndləmə prosesi koronavirusa qarşı deyil, qrip infeksiyasına qarşı edilib. Hazırda yayılan fotolar da həmin vaxt çəkilib.

Xatırladaq ki, bu barədə ötən il noyabrın 5-də TƏBİB-in “Facebook” səhifəsində məlumat verilib.

Məlmatda qeyd olunur:

“Hazırda dünyada və ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq epidemik vəziyyəti gərginləşdirməkdədir. Eyni zamanda payız və qış fəsillərində mövsümi qrip və digər etiologiyalı kəskin tənəffüs yolları infeksiyalarının sayının artması müşahidə edilir. Koronavirus (COVID-19) infeksiyası ilə yanaşı, sözügedən xəstəliklərin də mövcudluğu epidemik vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Risk ehtimalını nəzərə alaraq, mövsümi qripə qarşı peyvəndin aparılması zəruridir.

Ölkədə ilk dəfə olaraq TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə ölkəmizdə peyvənd olunacaq risk qruplarını müəyyənləşdirmiş və vaksinasiya prosesi başlamışdır. Qripə qarşı peyvənd respublikanın bütün şəhər və rayonlarında tibb işçiləri (həkimlər, orta tibb personalı), hamilələr, 6 aydan başlayaraq uşaqlar, xroniki tənəffüs sistemi xəstəlikləri olan əhali qrupları arasında könüllü aparılır.

Bu gün Ə.D. Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, və qurumun işçilərinin bir qismi qripə qarşı peyvənd olunub”.

Məlumatda həmçinin bildirilib ki, vaksinasiya ölkə üzrə tələblərə cavab verən xüsusi ayrılmış tibb müəssisələrində 2020-ci il 12 oktyabrdan başlayıb və bir ay müddətində həyata keçiriləcək.

Xatirə Nəsirli
 

 

Mənbə: cebhe.info