Şəhid polkovnik Babək Səmidli: “Ya qalib, ya qazi, ya da şəhid olaq" – VİDEO + FOTOLAR

Şəhid polkovnik Babək Səmidli: “Ya qalib, ya qazi, ya da şəhid olaq" – VİDEO + FOTOLAR

"Bir canımızmı var? Allah nə yazıbsa, o da olacaq. Şərəfli yolu seçin. Doğru yolu seçin. Bu 3-ündən biri olaq: ya qalib, ya qazi, ya da şəhid olaq. Azərbaycan əsgərində başqa heç bir seçim ola bilməz. Hamımız Azərbaycan əsgəriyik, bitdi! Hamımız eyni statusda, eyni mövqedə duran insanlarıq. Axıra kimi də vuruşacağıq".
Bu sözləri yəqin ki, xatırlayırsınız? Bu kadrları çox da uzaq olmayan bir tarixdə, bir anda məşhurlaşan videoda görmüşdük. Bu müraciət polkovnik Babək Səmidlinin əsgərlərinin qarşısındakı çıxışdan bir parçadır.
Bizim isə ona müraciətimiz belə olacaq, cənab polkovnik, Allah sizin haqqınıza sadaladığınız yollardan üçüncüsünü və ən ucasını seçdi. Bu gün biz sizin özünüzdən müsahibə ala bilməsək də, şəhid kimi haqqınızda yazdıq.
Vətən Müharibəsindəki zəfərimizdə əvəzsiz xidməti olan komandirlərimizdən biri olan Babək Mətləb oğlu Səmidli 1974-cü il, 7 yanvarda Göyçay rayonunda dünyaya göz açıb. Babək Səmidli üç uşaqlı ailənin ən kiçik övladı olub. O, orta təhsilini başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Oranı bitirdikdən sonra 1993-cü ildə Türkiyə Quru Qoşunları Məktəbinə daxil olub. Türkiyə silahlı qüvvələrinin tərkibində təcrübə keçib.
25 yaşında Azərbaycan Silahlı Qüvvələrində tağım komandiri kimi fəaliyyətə başlayıb. 2000-2003-cü illərdə Ali Hərbi Məktəbdə tağım və bölük komandiri kimi çalışıb. Tovuzda tağım komandirin müavini və hərbi polisin tərkibindəki xüsusi təyinatlıların komandiri vəzifələrində işləyib. Daha sonra xidmətini müxtəlif hərbi hissələrdə davam etdirib. 2015-ci ildə 1-ci ordu korpusunda əməliyyat bölmə rəisi, 2 il sonra isə eyni yerdə korpus komandirinin müavini vəzifələrinə təyin olunub. 2016-cı ildə Talış kəndi uğrunda gedən ağır döyüşlərdə iştirak edib. 2018-ci ildə "Hərbi Xidmətlərə Görə" medalı ilə təltif olunub. Babək Səmidlinin Vətən Müharibəsində Suqovuşan və Talış kəndi uğrunda gedən döyüşlərdə böyük əməyi olub. 39-a yaxın yaralını döyüş meydanından çıxarıb. Babək Səmidli 23 dekabr 2020-ci ildə Vətən Müharibəsində şəhid olanların nəşini döyüşlər gedən zonadan götürərkən minaya düşərək şəhid olub. O, Göyçayda dəfn olunub. Ailəli olub, 2 övladı var.
Şəhid polkovnik Babək Səmidli haqqında Yeniavaz.com-a xalası oğlu Kənan Yaqubov danışıb:
"Babək dininə bağlı insan idi, bu insan 13 yaşından namaz qılırdı. Bizim aramızda 1 yaş fərq var idi. O, uşaqlıqdan sakit təbiətli, savadlı, dərslərdə əlaçı, həm də çox ağıllıydı. Dəfələrlə olimpiyada iştirakçısı və qalibi olub. Çox təmkinli, səbrli, sadə bir insan idi. Uşaq vaxtı bir yerdə böyümüşük. Babək hər zaman özündən yaşlı insanları dinləməyi sevirdi. Yadımdadır ki, uşaq vaxtı hamımız oyuna həvəs edəndə o, toylarda, qonaqlıqlarda bütün uşaqlardan seçilirdi. Gedib nərd, domino oynayan böyüklərin yanında oturub, onların dəyərli söhbətlərini dinləyirdi. Musiqiylə yanaşı, idmanla məşğul idi. İnanılmaz vətənpərvər insan idi, bu vətənpərvərlik hissi də onu hərb sahəsinə aparıb çıxardı".
Həmsöhbətimiz deyir ki, şəhid zabitimiz hərb sahəsində öz əzmkarlığı hesabına yüksək məqamlara gəlib:
"Babək öz alnının təriylə gənc yaşlarından əziyyət çəkərək, onun bəhrəsini görüb. O vaxt atası baş həkim idi, amma Babək onun adından heç vaxt istifadə etməyib, lovğalanmayıb. Həyatda nə qazanıbsa, öz əməyi ilə əldə edib. Hərb sənətinin yüksək pillələrinə atasının adıyla getməyib. Babəkin ən nifrət etdiyi şey ixtisasında yüksəyə qalxmaq üçün pul və ya tanışdan istifadə etmək olub. Bu insan 15 yaşından ayağına batinkanı geyinib, yağışda, qarda, boranda istidə, tozda, dumanda öz ixtisasında əzmlə irəliləyib. Oğlum N saylı hərbi hissədə xidmət edən vaxt oğlumu yanına çağırıb deyibmiş ki, "Burda kişi kimi xidmət aparırsan". İstəsəydi, kiməsə tapşıra bilərdi, o uşaq orada öz kefinə xidmətini yola verib qayıdardı. Amma yox, oğlum da onun sözündən sonra xidmətini canla-başla davam etdirmişdi. Hətta oğlum yaxşı xidmətə dəfələrlə təltif olunmuşdu. Ümumiyyətlə rəhmətlik üçün öncə Vətən idi. Vətənin azadlığı idi. Mən şəxsən öz nəslimizdə onun qədər vətəninə, elinə, obasına bağlı insan tanımıram.
Polkovnikin xalası oğlu döyüş yoldaşlarının Babək Səmidliyə qarşı olan sevgisindən də danışıb:
"Döyüş yoldaşları bu insanı elə seviblər ki, indi də hansısa mənə zəng edəndə telefonun o başında o ağlayır, bu başında mən ağlayıram. Ağlamaqdan iki kəlməni ard-arda qoşub danışa bilmirik".
Həmsöhbətimiz deyir ki, 23 dekabrda ona gələn zəngdən sonra polkovnikin şəhid olması xəbərini eşidib:
"23-ü mənə zəng gələndə ki, Babək yaralanıb. Qulaqlarıma inanmadım. Müharibə qurtarmışdı axı. Dedim yalandır, yəqin. Rayonda evlərinə tərəf getdim, gördüm atasının maşını qapının ağzındadır. Xalamı, yoldaşını narahat etmək istəmədim. Qayıtdım geri, maşında Babəkin nömrəsinə bir də zeng elədim, telefonu açdılar. Mən səs eşitməmiş dedim ki, "Can xala oğlu, hardasan? Bu nə işdir başına gəlib?". Elə onda telefonda yoldaşlarından biri dedi ki, bəs Babək müəllim şəhid oldu. Tərtərdə morqdadır. Təsəvvür edin ki, mən o zaman nə hislər keçirdim? Düz Tərtərə kimi ağlaya-ağlaya getdim, elə də qayıtdım. Allaha qurban olum, elə bil şəhidləri seçir”.
Qeyd edək ki, Aprel döyüşlərini Qarabağ münaqişəsinin sınma nöqtəsi adlandıran Babək Səmidli Aprel döyüşlərini qazisi, Vətən Müharibəsinin şəhidi olan Babək Səmidli Azərbaycan Respublikası prezidentinin sərəncamına əsasən "Zəfər" medalı ilə təltif olunub.










Aygün Zayıdova

Mənbə: www.yeniavaz.com