Səhiyyə, fərdlərin önəmliliyi və elmin ona dəstəyi...

Səhiyyə, fərdlərin önəmliliyi və elmin ona dəstəyi...

Xəstəxanamızda mövcud vəziyyətlə əlaqədar olaraq əməliyyata aldığımız xəstələrin hamısı əməliyyatdan öncəki gün korona testləri verirlər. Həftənin birinci günü idi. Sabah əməliyyat edəcəyim xəstəyə bizim şöbədə əməliyyat haqqında kifayət qədər məlumat verdikdən sonra palataya yola saldım. Növbəti gün planlı 2-ci əməliyyatın sonuna yaxın digər əməliyyat üçün xəstəni hazırlamalı olan əməkdaşlar mənə yaxınlaşaraq dünən söhbət etdiyim, yəni növbəti əməliyyata alınacaq xəstənin test cavablarının pozitiv olduğunu söylədilər. Təbii ki, xoşa gələn hal deyildi, digər tərəfdən isə mənim də halım heç xoş olmadı, çünki karantinə alınmaq məsələsi var idi və mən də həmin gün insult xəstələrində icra olunacaq əməliyyatlar üçün cavabdeh idim.

Əməliyyatı bitirib klinikamızın müvafiq cavabdeh institutuna zəng edib vəziyyəti izah etdim və axşama qədər müəyyən məsələlərə aydınlıq gətirilməsini bildirdim. Dünənki kontaktımız zamanı otaq şəraitində pəncərəni açıq qoymağımı, hər ikimizin maska taxmasını, kifayət qədər aramızda məsafənin olmasını, otaq şəraitində 10 dəqiqədən az olmağımızı və s. vacib məqamları bildirdim. Gedib test verdikdən sonra otağıma getdim və 4 saat sonra zəng gəldi:

 

1. Mənim testimin cavabı neqativdir.

2. Həmin xəstədə tapılan virus isə artıq virulentliyini tam itirib.

3. Ümumiyyətlə, sizin virus daşıyıcılıq faizi və xəstələnə bilməniz 0%.

Xəstə ilə danışdıqdan sonra bilinib ki, dekabrın ortası çox yüngül simptomlar olub və həmin vaxt yoluxduğu ehtimalı var.

Nəticədə isə karantinə alınmadım və axşam da hətta bir insult xəstəsinin həyatını qurtarmaq nəsib oldu.

İnkişaf potensialı olan səhiyyə sistemlərində və eləcə də bizdə bu cür xidmətlərin qurulması heç də çətin məsələ deyil. Əgər bu, reallaşarsa, o sistemdə həkimlər də, xəstələr də eyni önəmlilik kəsb edəcək.

Nuran Abdullayev,

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim

 

Mənbə: moderator.az