Magistratura üzrə plan yerlərinin 80 faizə qədəri dolub - Məleykə Abbaszadə

Magistratura üzrə plan yerlərinin 80 faizə qədəri dolub - Məleykə Abbaszadə

Bu il magistraturaya qəbul üzrə ayrılmış 17 658 plan yerinin 13 845-i (78.41%-i) dolub.

Bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial media hesabında məlumat paylaşıb.

"Ümumilikdə 23 ali təhsil müəssisəsində plan yerlərinin 70 faizdən çoxu dolub. Onlardan 7-də qəbul göstəricisi 90 faizdən yuxarıdır.

Qəbul proqramları üzrə də oxşar mənzərə müşahidə olunur. 45 proqram üzrə plan yerlərinin 70 faizdən çoxu, 8 proqram üzrə isə bütün plan yerləri dolub.

Qəbul olunanların qeydiyyatı başa çatdıqdan sonra hazırda boş qalan 3 813 plan yeri, eləcə də qeydiyyatdan keçməyən bakalavrlar səbəbindən boş qalan yerlərlə bağlı ayrıca məlumat paylaşacağıq. Həmin yerlər üzrə yenidən müsabiqə keçiriləcək", - məlumatda bildirilib.

DİM sədri həmçinin, qeyd edib ki, əvvəlki illərin nəticələri və təhlilləri ilə daha yaxından tanış olmaq istəyənlər "Abituriyent" jurnalının 12-ci nömrəsinin 350–387-ci səhifələrinə baxa bilərlər.

Nəticələr və təhlillərlə bağlı fikirlərini bölüşmək istəyən ekspertləri də əməkdaşlığa dəvət edirəm. Təklif və rəylərinizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

Mənbə: az.trend.az