Peyvənd olunmayanlar restoranlara buraxılmayacaq? - AÇIQLAMA

Peyvənd olunmayanlar restoranlara buraxılmayacaq? - AÇIQLAMA

Pandemiyaya və onunla mübarizədə qəbul edilən bəzi məntiqsiz qərarlara dair münasibətim dəyişilməz olaraq qalır, odur ki, təkrarlanmağa lüzum bilmirəm. Amma vaksinasiya haqda deyim, illah ki, mənə verilən "edəcəksiniz, etməyəcəksiniz, hansı yaxşıdır?" kimi suallar çoxalır. Şəxsən mən Çin vaksinasiyasına daha çox inanıram. Nəyə görə? Baxın, bütün dünya derpessiv vəziyətdədir, həm iqtisadi, həm mənəvi cəhətdən. Çin isə günü-gündən güclənir, firavanlaşır, sürətlə inkişaf edir və artıq 2024-cü ilə ABŞ-dan iqtisadi birinciliyi almalıdır proqnozlara görə. Xəstə yox, ölən isə bir nəfər olub son aylarda.

Yəni görünən odur ki, hazırda pandemiyadan qazanan yalnız Çindir, TƏBİB-i istisna etsək. Həm də hamı bilir ki, əgər Çin nəyinsə ucundan tutursa, onu axıra qədər başa çatdırır, mükəmməl edir, yalnız ucuz oyuncaqlar deyil, iPhone da yığır. Hələ kosmosa uçmağını demirəm. Burası belə. "Edəcəm, etməyəcəm?"

Gizlətmirəm, hələ ki bir müddət gözləyəcəm, əlbəttə, fors-major hal olmasa. Amma bu o demək deyil ki, digərlərini də buna çağırıram, sadəcə soruşursunuz, səmimi cavab verirəm. Siz isə özünüz qərar verməlisiniz. Amma şəxsi məsləhətim o ola bilər ki, gələcəkdə dünyaya uşaq gətirməyi planlaşdıran gənclər hələ ki, biraz gözləsinlər.

İstehsalçılar nə qədər desələr də, nə qədər and içsələr də, istənilən ölkənin anticovid vaksinasiyasının tam təsiri hələ ki öyrənilməyib.

Xroniki xəstəlikləri olanlar necə həzm edəcəklər vaksini, lap qoca olanlar necə, valideyin olmaq istəyənlər və s. bunlar zaman tələb edir.

Amma digər məsələ var ki, vaksin könüllü olsa da, elə bir şərait yarana bilər ki, vaksin vurmaq istəməyənləri faktiki olaraq vaksin vurmağa məcbur edəcəklər.

Məsələn, Avropa İttifaqı artıq vaksin pasportu haqda müzakirələrə başlayıb və baxılacaq məsələlərdən biri də, həmin pasportu olmayanların uçuşlara buraxılmamasıdır.

Çox guman ki, elə də olacaq. Bu halda səyahətçilərə variant qalmır, necə deyərlər.

Yaxud, hansısa otel, restoran daxili qərar qəbul edə bilər ki, həmin pasportu olmayan içəri daxil ola bilməz.

Deyəcəksiniz insan haqları-filan? Dünyanın ən güclü ölkəsinin Prezidentinin profilləri bağlanandan sonra mən artıq heç nəyə təcüblənmirəm.

Həm də istənilən fərdi obyekt öz qaydalarını tədbiq etməkdə sərbəstdir, məsələn, qalstuksuz girmək olmaz, tək kişilərə giriş qadağandır və s.

Uzun sözün qısası, seçim sizindir. Mən yalnız bir şeyi deyə bilərəm: Dünya biz qarışıq, karantinin ikinci ilinə fiziki olaraq dözməyə bilər.

Maddi məsələlər, biznesin çökməsi, psixoloji gərginlik, stress və s. "Acından ölməkdənsə, virusdan ölüm" tendensiyası daha da güclənəcək.

Odur ki, vaksinin birincilər arasında ölkəmizə gətirilməsini alqışlayıram, çox yüksək dəyərləndirirəm...

Mənbə: open.az