“Elə kitablar nəşr olunur, təkcə müəllif bilir, nazirliyin sektoru...” - Müsahibə

“Elə kitablar nəşr olunur, təkcə müəllif bilir, nazirliyin sektoru...” - Müsahibə

Nəşriyyatlar 1993-cü ilədək Dövlət Mətbuat Komitəsinə tabe idi. Adı çəkilən komitə ləğv edildikdən sonra yerində Mətbuat və İnformasiya Nazirliyi yaradıldı. Nazirliyin tərkibində isə Nəşriyyat şöbəsi fəaliyyət göstərirdi. 2001-ci ildə KİV-lərin və nəşriyyatların fəaliyyətinə nəzarət funksiyasını yerinə yetirən Mətbuat və İnformasiya Nazirliyi də ləğv edildi. O vaxtdan nəşriyyatlarla bağlı konkret bir qurum yoxdur.

“Şərq-Qərb” nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlı Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik:

- Nərgiz xanım, nəşriyyatlarla bağlı müvafiq qurum fəaliyyətini dayandırandan sonra bu sahədə boşluqlar var. Sizcə, nəşriyyatlara dəstək, müxtəlif əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, sosial problemlərinin həlli məsələləri necə tənzimlənməlidir?

- Bəli, müəyyən müddət əvvəl media və nəşriyyatlar eyni dövlət qurumuna tabe idi. Yəqin bilirsiniz, əvvəllər Dövlət Mətbuat Komitəsi fəaliyyət göstərirdi ki, 1993-cü ildə ləğv edildi və yerində Mətbuat və İnformasiya Nazirliyi yaradıldı. Bu nazirliyin tərkibində isə Nəşriyyat şöbəsi var idi. O da birbaşa nəşriyyatların fəaliyyətini tənzimləyirdi. 1991–1995-də Sabir Rüstəmxanlı əvvəlcə komitənin sədri, sonra Mətbuat və İnformasiya naziri oldu. O dövrdə onunla birlikdə nazirlik nümayəndələri şəxsən nəşriyyatlara baş çəkir, problemlərlə maraqlanırdılar.

Amma 2001-ci il aprelin 19-da Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, mətbuatla bağlı bir neçə qurum yaradılsa da - Mətbuat Şurası, Televiziya və Radio Verilişləri Şurası, KİVDF, hazırda onu əvəz edən Mətbuatın İnkişafı Agentliyi – konkret nəşriyyatlarla bağlı hansısa bir qurum mövcud deyil.

Halbuki Azərbaycanda 400-dən çox nəşriyyat qeydiyyatdan keçib, 200-ə qədərinin fəaliyyət göstərdiyi haqqında məlumat verilir. Aktiv fəaliyyətdə olan nəşriyyatların sayı bundan az olsa da, hər halda, var. Düzdür, o başqa bir məsələdir ki, Mədəniyyət Nazirliyində Nəşriyyat sektoru mövcuddur və onlar hansısa səviyyədə ölkədəki nəşriyyatlarla işləyirlər.

- Onlar bu işi görmürlər ki?

- Etiraf edək ki, onların imkanları məhduddur. Məsələn, uzun illərdir əsasən Mədəniyyət Nazirliyinin maraqları daxilində olan, yubileylərlə əlaqədar tərtib edilən kitablarla bağlı tenderlərin keçirilməsinə və beynəlxalq sərgilərdə iştiraka cəlb edilmə prosesini tənzimləməyə çalışıblar. Bu da az iş deyil.

Amma bizim sahədə bir çox problemlər var ki, onların dövlət səviyyəsində həlli, dəstəklənməsi, nəzarətə götürülməsi vacibdir. Nəşriyyat işi prosesində, bu sahədə meydana çıxan problemlərin həlli istiqamətində nəşriyyatların müraciət edə biləcəyi bir ünvana ehtiyac var.

- Axı bildiyim qədərilə, Naşirlər Birliyi var?

- Bir neçə il əvvəl nəşriyyatlarla bağlı bir ictimai birlik yaradılmışdı. “Təhsil” nəşriyyatının direktoru rəhmətlik Bəhruz Axundovun rəhbərliyi ilə. Amma o da artıq öz fəaliyyətini dayandırıb. Həm də, dediyim kimi, bu, ictimai birlik idi. Nəşriyyat işinin dəstəklənməsi sahəsində isə yaxşı olardı ki, dövlət qurumu fəaliyyət göstərsin. Kitab nəşri, dünya bazarına bu məhsullarla çıxış sadə məsələ deyil.

Baxın, bir çox özəl nəşriyyatlar var. Hər biri necə bacarırsa, o şəkildə də fəaliyyətini qurmağa çalışır. Amma bu gün Azərbaycanda dərc edilən kitabların elementar statistikası belə aparılmır. Elə kitablar, həm də elə dəyərli kitablar nəşr edilir ki, onu yalnız dar bir çərçivədə oxucu əldə edə bilir, hətta müəllif şəxsi təşəbbüs göstərməzsə, onlar haqqında informasiya belə, geniş ictimaiyyətə çatmır.

Cavablandırılmalı, araşdırılması, nəzarətə götürülməli məsələlər çoxdur. Nəşriyyatlarda hansı istiqamətdə ixtisaslaşma gedir, hansı istiqamətlərdə ağırlıq var, müəllif hüquqları hansı səviyyədə qorunur, beynəlxalq miqyasda müəllif hüquqlarının alınması qaydalarına əməl etməyən nəşriyyatlar ümumi kitab bazarında Azərbaycan nəşriyyatlarının nüfuzuna necə zərər gətirir, pirat nəşrlərin qarşısı necə alınmalıdır?! Bütün bu istiqamətlərdə boşluq müşahidə edilir.

Bunlar hamısı ciddi məsələlərdir və hər biri də, əslində, mərkəzləşdirilmiş bir nəzarət altında həllini gözləyir.

Yaxud İSBN-in (kitabın beynəlxalq standart nömrəsi) mərkəzləşdirilmiş formada və uyğun qiymətlərlə əldə edilməsi, dərc edilən kitabların beynəlxalq standartlara nə dərəcədə cavab verib-vermədiyinin müəyyənləşdirilməsi, layihələrin dəstəklənməsi bu gün çox aktualdır. Nəşriyyat olaraq bir çox layihələrimiz var ki, dövlət və millət olaraq maraqlarımıza xidmət edir, əhəmiyyətli nəticələr ala bilərik, amma nəşrində dəstəyə ehtiyac var. Bu problem də mərkəzləşdirilmiş şəkildə həll edilsə, yaxşı olar.

- Mövcud problemlər özəl nəşriyyatların işinə necə təsir edir?

- Etiraf etmək lazımdır ki, özəl nəşriyyatlar hər zaman dövlət layihələrində iştirak edir və onların həyata keçirilməsini reallaşdırır. “Şərq-Qərb” ASC də dəfələrlə tenderlərdə qalib çıxaraq bir çox dövlət layihələrinin icraçısı olub. Bu istiqamətdə hər zaman diqqət hiss etmişik.

Bununla belə, bir çox nəşriyyat sahəsində çalışanların ümumi fikrini ifadə edərək demək istəyirəm ki, özəl nəşriyyatların fəaliyyətini, reallaşdırmaq istədiyi layihələri dəstəkləyə biləcək bir quruma ehtiyac var. Elə bir qurum ki, nəşriyyatlar öz problemlərinin həlli üçün ona üz tuta bilsinlər.

- Sizcə, nəşriyyat işçilərinə hansı sosial imtiyazlar tanınmalıdır?

- Jurnalistlərin, elm adamlarının, yazıçıların sosial problemlərinin həlli istiqamətində atılan addımların nəşriyyat kimi ağır, məsuliyyətli sahədə çalışanlara da aid edilməsini çox istərdik.

Mətbuata yaxın sahə olduğumuz üçün bununla bağlı KİVDF-yə müraciətimizdən müsbət nəticə ala bilmədik. Çünki struktur olaraq onlardan ayrılmışıq. Halbuki bir nəşriyyat kimi, biz də bu sahədə çalışan çoxsaylı redaktorların, korrektorun və s. işçilərin sosial problemlərinin həll edilməsi istiqamətində hansısa işlərin görülməsini arzulayardıq.

Mənbə: teleqraf.com