Atatürkün hədiyyəsini satışa çıxartdı-FOTO

Atatürkün hədiyyəsini satışa çıxartdı-FOTO

Türkiyənin Qaziantep şəhərində yaşayan Ali Akif Boztoprak 88 il əvvəl böyük Mustafa Kamal Atatürkün atasına hədiyyə etdiyi əl işi olan naxışlı cib dəsmalını satışa çıxarıb.

Open.az xəbər verir ki, Ali Akif Boztoprakın atası Qaziantepin məşhur paxlava ustalarından biri olub. 1933-cü ildə Qazi Mustafa Kamal Atatürk Qaziantep şəhərində olarkən, onun şərəfinə ziyafət verilib. Yemək süfrəsində Ali Boztoprakın hazırladığı paxlavanı dadan Atatürk, paxlavanı çox bəyənib və şirniyyatı hazırlayan ustanı görmək istədiyini deyib.

Ali Boztopraka təşəkkür edən M.K.Atatürk, cibindən çıxardığı naxışlı dəsmalı paxlava ustasına hədiyyə edib.

 

88 ildir əziz xatirə kimi saxlanılan Atatürk yagigarını, Ali Boztoprakın oğlu Ali Akif Boztoprak maddi çətinliklər ucbatından satışa çıxarıb. 2000-ci ildə atasının vəfat etdiyini deyən Ali Akif Boztoprak, son zamanlar borc içində qaldığını və böyük Atatürkün yadigarı və həmçinin də atasından ona miras qalan tək qiymətli hədiyyəni satmaq məcburiyyətində olduğunu bəyan edib.

Ali Akif Boztoprak: "Bu dəsmalı uşaqlıqdan bəri görürdüm. Anam dəsmalı sandıqda saxlayar, hər dəfə çıxarıb baxar, amma bizim əl vurmağımıza icazə verməzdi. 88 ildir bi dəsmal yuyulmayıb və ütülənməyib. Atatürkün əl izləri hələ də dəsmalın üzərində qalıb. Valideynlərimin vəfatından sonra Atatürkün yagigarına mən sahib çıxdım. Amma son illər maddi olaraq ağır günlər yaşayıram. Bir nəfərə inanıb, zamin oldum və həmin adama görə borc batağına düşdüm. Evlərimi, qiymətli əşyalarımı satmışam. Amma borcumu ödəməyə çatmır. Son çarəm bu dəsmalı satmaqdır. ATA-larımın yadigarıdır. Satmaq çətindir. Amma məcburam. Ümid edirəm ki, məni anlayan və qiymətli yagigara sahib çıxan tapılacaq" deyən A.A.Boztoprak Mustafa Kamal Atatürkün hədiyyəsinin kimə qismət olacağını düşünür.

Ülviyyə Həsənqızı

 

Mənbə: open.az